Gündəm

“İddia edildiyi kimi, 7 saylı özüldə açıq fontan baş verməyib” – SOCAR

Dünən axşam “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin əməkdaşları sinoptiklərin hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlığından sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) telefonaqramasına əsasən təxliyyə ediliblər.

AzToday.Az xəbər verir ki, bunu SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev “Report”a bildirib: “İddia edildiyi kimi, 7 saylı özüldə açıq fontan baş verməyib”.

Qeyd edək ki, dünən axşam “28 May” NQÇİ-nin 7 saylı özülündə quyunun açıq fontana keçdiyi, işçilərin çoxunun evakuasiya olunduğu barədə məlumat yayılıb.

N.Quliyev bildirib ki, neftçilər SOCAR-ın müəssisə və təşkilat rəhbərlərinə 8 may tarixli telefonaqramına əsasən təxliyyə ediliblər. “Belə ki, sinoptiklərin məlumatına əsasən, hava şəraitinin dəyişəcəyini, güclü külək əsəcəyini nəzərə alaraq dəniz obyektlərində təhlükəli işlərin görülməsi dayandırılıb, eləcə də əmək normaları çərçivəsində dəniz özüllərindən belə hava şəraitində zəruri sayılmayan əməkdaşların çıxarılması və məsul şəxslərdən ibarət növbətçiliyin təşkil edilməsi təmin olunub.

“Günəşli”dəki 7-ci dərin dəniz özülünə gəlincə, o qeyd edib ki, orada fontan olmayıb: “Bu, normal istehsalat prosesidir. Özüldə qazılan 319 saylı quyuda qazma vaxtı gil məhlulunda udulma baş verib, nəticədə qaz təzahürü əmələ gəlib. Quyunun ağzı bağlanıb, quyuağzı parametrlər nəzarət altındadır. Hazırda quyuda qazma işlərinin davam etdirilməsi üçün lazımi tədbirlər görülür”, – SOCAR rəsmisi qeyd edib.

Bənzər yazılar

Back to top button