Bizim seçimCəmiyyətManşetMədəniyyət

METSENAT

(Bu yazı Azərbaycan xalqının son dövrlərdə yetirdiyi görkəmli iş adamı, Palmali şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun xeyriyyəçilik fəaliyyətiniə qısa bir nəzərdir.)

Azərbaycan xalqı sözü, sənəti daim uca tutub. Elə buna görədir ki, ucalıqda olan sözə, sənətə az-az adamların əli çatıb. Təbii, məddahlar və yalaqlar xaric.

20-ci yüzilin əvvəllərində Bakı bir medsenatlar şəhəri idi. Neft və milyonlar şəhərinin milyonçuları Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev, Murtuza Muxtarov və başqa milyonçular Azərbaycanda elmin, sənətin və sənətkarın irəliləməsi üçün nələr etmədilər?! Açılan məktəblər, təsis edilən qəzet-jurnallar, teatrlar, xaricə oxumağa göndərilən gənc ziyalılar…

Məhəmməd Əmin Rəsulzadənin silahdaşı, Azərbaycan Cümhuriyyətinin ideoloqu Mirzə Bala Məmmədzadə o dövr üçün yazırdı: “Tarix kəskin qələmi ilə yazır ki, azəri (Azərbaycan mənasında – A.Q.) türklərinin əlli illik müddətində mədəniyyət və milliyyət yolunda göstərdikləri diriliyi Asiya dünyasında Yaponiyadan başqa heç bir millət göstərməmişdir.” Bu deyilənlər isə verimli Azərbaycan torpağının və onun sahibi olan o milyonçu kişilərin səxavəti hesabına başa gəlmişdi…

…Təxminən 10 il əvvəlin söhbətidir. Televiziyada hansısa bir musiqi yarışması gedirdi və o yarışmanı gözəlləşdirən polis libasında bir xanımın da o yarışmaya qatılması idi. Həftələr sonra yarışma sona çatdı. Bir oğlan o yarışmanı qazandı və ödül olaraq maşını apardı. Polis libaslı qız isə səhv etmirəmsə, ikinci oldu. Elə bu vaxt aparıcı sevinclə elan etdi ki, yarışmanı Türkiyədən izləyən iş adamı Mübariz Mənsimov polis libaslı o xanım iştirakçıya maşın hədiyyə edir. İnanın ki, içi mən qarışıq, bütün tamaşaçıların qəlbinə su səpildi…

Lap bu yaxınlarda xəbər çıxdı ki, bir sənətçi xanımın evsiz övladlarına Mübariz Mənsimov ev bağışlayıb… Bu işdə köməkçi olan millət vəkili Qənirə Paşayeva yazır: “İş adamlarına müraciət etdim ki, bu ailəyə kiçik də olsa bir mənzillə dəstək olsunlar. Amma dəstək olmaq istəyən olmurdu. Nəhayət Mübariz müəllimə xahiş etdim bu ailəyə mənzillə kömək olunsun deyə. Həmin dəqiqə müsbət cavab verməsinə özüm də bir anlıq inana bilmədim. O yazırdı: “Qənirə xanım, qazandıqlarımızın zəkatını vermək bizim borcumuzdur. Əgər siz deyirsinizsə ki, nənəsinin himayəsində qalmış acınacaqlı mənzil şəraitində yaşayan Gövhərə dəstək lazımdır, ona mənzili biz hədiyyə edərik. Bir azərbaycanlı balamıza dəstəkdən gözəl nə ola bilər. Bu günə qədər əlimizdən gələni millətimizin övladlarına əsirgəməmişik, indi də nə lazımdır edəcəyik”.

Bildiyimiz qədərilə, yüzlərcə azərbaycanlı tələbənin ali təhsil almasında da yardımçı olub Mübariz bəy.

Yaşadığı ölkədə – Türkiyədə Beşiktaş futbol klubuna da öz yardımını əsirgəməyib bu metsenat.

Bu kimi misalların sayını artıra bilərdik. Amma…

Hə, amması da o ki, Mübariz Mənsimovun bu xeyriyyəçilik fəaliyyəti, nə yazıqlar ki, Azərbaycanda kimlərinsə yuxusuna haram qatır. Onun qurduğu futbol komandasını dağıdırlar. Onun gəmilərini müsadirə edirlər. Onu məhkəmə çəkişmələrinə sövq edirlər. Onun haqqında qarayaxma yazılar yazdırırlar…

Bu da onun öz sözləridir:

“Biz rüşvət olan yerdə işləmək istəmirik, bunu heç kimdən də saxlamıram. Bundan sonra da qorxumuz olmayacaq. Gecə-gündüz əleyhimizə işləyən saytların rəhbərləri mənə maraqlıdır ki, əllərini vicdanına qoyub necə yatırlar? İndiyə kimi öz imkanımızla 18 minə yaxın tələbəni oxutdurmuşam. Bunu Azərbaycanda bilməyən yoxdur.

Belə şeyləri yazmaq ayıbdır. Bunu bilə-bilə yazırlar. Maliyyə institutlarının qarşısında bizi gözdən salmaq məqsədilə edirlər. Etsinlər, görüm nə olacaq? Sadəcə, mənim iki qızım var, zəng vurub məndən soruşurlar ki, bu, nədir haqqında yazırlar?”

Əfəndilər! Biri bir bünövrəyə daş qoyanda dədələrimiz “Allah qüvvət versin” deyib. Sizin bu söz deməyə diliniz var gəlmirsə, gəlməsin. Daha o xeyirli işi və sahibini gözdən salmaq nə üçündür?!
…Mübariz Mənsimov uğurlu bir iş adamı, modern düşüncə sahibidir. Tanıyanlar söyləyirlər ki, həmişə əlində kitab olan bu adam yeniliyə açıq birisidir. Gəmiləri bütün dünya sularında üzür. Su isə aydınlıqdır deyiblər. Yolunuz aydın olsun, əfəndim! Sizə pislik edənlərə fikir verməyin, yaxşılıqlarınıza ara verməyin! Qolunuza qüvvət!

S.A.(Söz Ardı) Mən bu yazını yazmağı düşünmürdüm heç. Ona görə yox ki, Mübariz bəyi yaxşı tanımıram. (Əslində, heç üzünü görmədim.) Ona görə ki, mən kiməsə tərif yazmaqda son dərəcə bacarıqsızam. Amma əfəndim, ona qarşı bu qədər ki, küfr edirlər, onda adamın qeyrəti qəbul eləmir. Bir küfr və yalan uzmanı isə bu günlərdə öz saytlarında lap gül vurmuşdu. Mübariz bəy ona belə cavab verib: “Bu cür qərəz və böhtan kampaniyalarına baxmayaraq, Vətənimi, onun insanlarını sevməyə davam edəcəm. Məni tanıyan hər kəs bilir ki, azərbaycanlı olmağımla hər zaman fəxr etmişəm”.

Və biz də bu kiçik yazı ilə bir qələm adamı kimi öz sözümüzü dedik. O kişinin bu yazıya ehtiyacı olmasa belə…

AZAD QARADƏRƏLİ
Yazıçı, “Yazı” dərgisinin baş redaktoru

Bənzər yazılar

Back to top button