Bizim seçimCəmiyyət

Müqəddəslik

İMAM HÜSEYN (Ə.S.) MƏKTƏBİNİN SİRRİ, FƏLSƏFƏSİ, ESTETİKASI VƏ ƏXLAQI BARƏDƏ

Tarix şəxsiyyətlərə borcludur. Minnətdar olmasa da belə. Tarixin ləngərli ağır çarxlarını irəli aparan, cəmiyyətin daş yükünü zaman-zaman çiyinlərində daşıyan seçilmişlərdir.

Onlar əsrlərin tıxacında boğulub qalan ehkamları dağıdır, zorakılıqlara üsyan edir, humanizm, azadlıq və insan haqları kimi bəşəri dəyərləri bir daha sübut eləmək, dünyanın kar qulağına üfürmək üçün, mücadiləyə qoşulur, döyüşür, vuruşur və bu haqq yolunda canını belə əsirgəmirlər. İmam Hüseyn (ə.s.) həzrətləri belə uca, qətiyyətli, dönməz, tarixin, çərxi-fələyin gərdişini dəyişmək iqtidarında olan insanlardan biriydi. Azadlığa, müstəqilliyə can atan, həqiqətə və düzlüyə təsnə olan bu qətiyyətli, sarsılmaz iradə sahibi heç kimə qul olmamaq və insanları qul təhdidindən qurtarmaq, müqəddəs dinimizi öz bakirə ilkinliyinə qaytarmaq, Məhəmməd (s.ə.s) əxlaqına yenidən qovuşdurmaq üçün canıyla, qanıyla mübariz bir mücahidə çevrilir. Və təsadüfi deyil ki, Hüseyn (ə.s.) mənəviyyatı, Hüseyn (ə.s.) əxlaqı, snobizmə qarşı Hüseyn (ə.s.) sadəliyi, nəcibliyi, alicənablığı zamanlar keçdikcə qocaman tarixin aydın, duru çöhrəsində daha gur işıq timsallı bərq vurur, zaman-zaman insan ruhunun və yaddaşının etibarlı bələdçisi kimi təcəlla edir. Müqəddəs nəslin müqəddəs övladı kimi həyata göz açan, dünyanı bədən üzvlərindən daha çox bəsirət gözü ilə dərk edən, iti, işlək bir beyin, parlaq zəka, kövrək ürəklə, coşqun arzu və istəklərlə, azadlıq, haqq və həqiqət eşqiylə qeyri-müəyyənlik bilmədən yaşayan, mübarizə aparan İmam Hüseyn (ə.s.) dünyanı, insanları və insanlığı xilas etmək üçün doğulanlardan idi. “Böyük şəxsiyyətlər qarşılarına böyük məqsədlər qoyurlar, qalanları isə öz arzularının arxasınca gedirlər” (İrvinq Vaşinqton). Uca Yaradan İmam Hüseyni (ə.s.) doğuluşdan böyük məqsədlər üçün yaratmış, ona haqq-ədalət mücəssəməsi kimi can vermişdi. O möhtəşəm Həzrətin öz sözləri bunu daha dəqiq ifadə edir: “Güclü nə istəyirsə, ona nail olur” – təsəvvürünü dağıtmaq bir tale yazısı kimi mənim boynuma düşən borcdur. Mən, məndən sonra gələcək nəsilləri düşünərək, bir zalım güclünün gücünə müqavimət göstərə biləcək başqalarının da mövcud olduğunu nümayiş etdirməyə çalışıram. Bu, əqidə, iman və vicdan məsələsidir. Və mən həmin əqidə uğrunda ölməyə belə, hazıram”. Bu sözlərdə onun yaşam, mübarizə, əxlaq və mənəviyyat məktəbinin fəlsəfəsi aydın görünür. İmam Hüseyn (ə.s.) şəxsiyyəti universal baxış və yanaşma tələb edir. Bəşəri öncüllər, liderlər, dövlət xadimləri İmam Hüseyni (ə.s.) bu gün də özlərinə kumir bilir, onun ruhu qarşısında baş əyir, İmam Hüseyn (ə.s.) məktəbinin davamçıları olmalarıyla fəxr edirlər.

Bütün dünyada xalq azadlığının, demokratiyanın və bəşəri bərabərliyin simvolu sayılan Hindistan lideri Mahatma Qandinin ən böyük və müqəddəs idealı İmam Hüseyn (ə.s.) olmuşdur. Mahatma Qandidən soruşurlar:

– İdealın kimdir?

– İmam Hüseyn (ə.s.)!

– Niyə İmam Hüseyn (ə.s.)?

– Çünki o, azadlıq uğrunda, ideya uğrunda az bir qüvvə ilə son damla qanına kimi vuruşdu, amma dönmədi.

Mahatma Qandi öz çıxışlarının birində hind xalqına belə söyləyir: “Mən sizlərə ən gözəl və ən qiymətli bir şeyi ərməğan edirəm. Müqəddəs İmam Hüseyn (ə.s.) Azadlığını!”

Günlərin birində Qandi Hindistandan Qahirəyə uçarkən pilotdan soruşur:

– Hansı ölkələr üstündən uçacağıq?

– İranın, İraqın.

– Kərbəla şəhəri üzərindən uçarkən, mənə söyləyin.

Təyyarə Kərbəla səmaları üzərində olduqda ona bu barədə məlumat verdilər. Qandi də öz növbəsində hamını ayağa durub baş əyməyə çağırır. Bunun səbəbini soruşduqda isə belə cavab verir: “Ona görə baş əyirik ki, bu torpaqda dünyada azadlığı müqəddəslik zirvəsinə qaldıran İmam Hüseyn (ə.s.) uyuyur”.

Öz əxlaqı, mənəviyyatı, əqidəsi, qəhrəmanlıq məktəbi ilə bəşəri nümunəyə çevrilən İmam Hüseyn (ə.s.) haqqında belə qiymətli, fikirlər çoxdur. Belə dəyərli nümunələrlə tanış olduqca Hüseyn (ə.s.) böyüklüyü, Hüseyn (ə.s.) əzəməti daha canlı, monumental, daha ibrətamiz və yenilməz görünür.

Başqa bir nümunə. 2017-ci ildə Moskva İslam Mərkəzində, MQU-nun tələbəsi Ələkbər Qasımovun rəhbərliyi ilə Azərbaycan ziyalıları, tələbələri Məhərrəmlik mərasimi ətrafında fitnə törədənlərə cavab olaraq müzakirə keçirirlər. Müzakirə “İmam Hüseyn (ə.s.) nəyin naminə üsyan etmişdi? Hakimiyyət naminəmi?” adı altında sual-cavab formasında aparılmışdı (Bax: “Radi çeqo vosstal İmam Xuseyn? Razve radi vlasti?” – Alekper Qasımov. 2017, facebook). Ələkbər Qasımov deyir: “Universitet idarəçilik dərsində bizə belə bir sual verdilər: “Dünyanı dəyişən hansı tarixi şəxsiyyətləri tanıyırsız?” Kimisi Napoleonun adını çəkdi, kimisi başqa birinin… Şanxaydan olan bir çinli tələbə yoldaşımız: “Mən belə bir şəxsiyyət tanıyıram, o, Hüseyn ibn Əlidir” – dedi. Bəli, İmam Hüseyn (ə.s.) məktəbinin sorağı Çinə qədər gedib çatıb. Soruşdular ki, o kimdir? Cavab verdi ki, o şəxsdir ki, öz məğlubiyyətilə qalib gəlmişdir. O, öz məğlubiyyətilə Yaxın Şərqi dəyişə bildi. Rus cəmiyyətində Məhərrəmlik təziyyəsi haqqında belə bir fikir yaratmaq istəyirlər ki, İmam Hüseyn (ə.s.) sadəcə, hakimiyyət uğrunda üsyan edib. Bu suala düzgün və savadlı cavab vermək üçün ilk növbədə bilmək lazımdır ki, hakimiyyət nədir və nə üçün lazımdır? Hakimiyyət, mahiyyətcə insanların iradəsinə rəğmən onlara təsir göstərmək və onları idarə etmək imkanına malik olmaq deməkdir. Bununçün müəyyən sosial status qazanmalısan ki, insanları idarə edə biləsən. Burada mühüm məqama, insanların istəyinə rəğmən onları idarə etmək məqamına diqqət yetirmək lazımdır. Maddi imkanlar olmalıdır ki, məqsədini həyata keçirə biləsən. Amma bir sıra adamlar yenə də davam edir ki, İmam Hüseyn (ə.s.) hakimiyyət uğrunda vuruşub. Bu, düzgün deyil. Buna İmam Hüseyn (ə.s.) öz sözüylə cavab verir: “Əgər mənim babamın dini canlı qalacaqsa, mənim ölümüm sayəsində yaşamaqda davam edəcəksə, onda məni qılıncla qətlə yetirin”. Tarixdən belə bir misal gətirin ki, hakimiyyətə susamış insan özünü qurban verməyə hazır olsun. Hakimiyyət uğrunda üsyan edənlər, hər vəchlə hakimiyyəti ələ keçiriblər. İmam Hüseyn (ə.s.) isə özünü, ailəsini, övladlarını, tərəfdarlarını, əsabələrini qurban verib. Bu, məntiqidirmi?.. Məgər İmam Hüseyni (ə.s.) hansısa fatehlə müqayisə etmək olarmı? İmam Hüseyni (ə.s.) hakimiyyətə susamış tiranlarla müqayisə edirlər. Məntiq haradadır? İmam Hüseyn (ə.s.) Yezidə beyət eləməkdənsə, ölümü üstün tutur. Əqidə yolunda canını fəda edir. Bununla da, dini xilas edir.

İmam Hüseyn (ə.s.) Mədinədən Məkkəyə gedəndə vida xütbəsində deyir: “Ey Allahım, sən şahidsən ki, mən ora hakimiyyət xatirinə getmirəm. Heç kəsə əzab vermək istəmədiyimçün gedirəm. Mənim əsas məqsədim insanları əzablara, məhrumiyyətlərə düçar etməməkdir. Əsas məqsədlərimdən biri insanları haqqa çatdırmaq, günahlardan çəkindirməkdir. Mənim məqsədim yalnız öz babamın, Allahın Rəsulunun və atam Əlinin yolunu davam etdirməkdir”.

O adam ki, artıq doğulanda qeybdən gələn nidayla şəhid olacağı barədə özü də bilirdi, ona, “hakimiyyət uğrunda üsyan etdi” – demək ağır və insafsız ittihamdır.

Belə ittihamlar ayrı-ayrı dillərdə danışan müxtəlif ağızlardan zaman-zaman eşidilib. Bizdə də belə təftişçilər, təfriqəçilər az deyil. Lakin Əhli-beyt məhəbbəti, İmam Hüseyn (ə.s.) sevgisi insanların qəlbində əbədiyyətin özü qədər baqidir. Çünki İmam Hüseyn (ə.s.) ilahi tapşırığı, müqəddəs bir missiyanı yerinə yetirmişdir. Müqəddəslik isə əbədiyyətlə ekvivalentdir. Odur ki, zaman İmam Hüseynə (ə.s.) və Hüseyn (ə.s.) məktəbinə atılan daşları saman çöpü kimi fəna yelinin qanadlarında boşluğa uçurub. Bu böhtanlar Hüseyn (ə.s.) böyüklüyü, əzəməti və əbədiliyi fonunda, doğrudan da bir heçlikdir. Xüsusən, son vaxtlarda qəzetlərdə, sosial şəbəkələrdə şiə müsəlmanlarının əzadarlığına qarşı aşağılayıcı çıxışlara, qeyri-adekvat münasibətlərə rast gəlirik. Belələrinin bəlkə də öz məntiqi var, lakin məntiq absurda söykənəndə, məntiqin məntiqsizliyi yaranır, deyilən fikir ən azından qıcıq doğurmaqdan oyana getmir. Belə yerdə, “yel qayadan nə aparar”, – deyimi yada düşür. Bəlkə də bu məsələni hər kəsin öz vicdanının ixtiyarına buraxmaq olardı. Amma bəşəri dəyərlərə laqeydlik, mənəviyyata etinasızlıq, müqəddəsliyə sayğısızlıq, özü də bəzən müəyyən sindrom təhlükəsini sezdirir. Odur ki, insanların hissiyyatına toxunan hər söz, müqəddəs duyğuları aşağılayan hər çıxış, iman və dinə açıq istehza heç cür qəbuledilməzdir. Məhəmməd Peyğəmbər (s.ə.s.) deyirdi ki, elm insanın ağlını, intellektini cilalayır, insan ruhunu isə yalnız din tərbiyə edə bilər. Deməli, biz ruhu tərbiyə mənbəyimizi də bəyənmir, onda ləkələr axtarır, ruhumuzun mükəmməlliyini şübhə altına alırıq… Odur ki, belə fikirlər rezonans doğurub haqlı qalmaqallara səbəb olur. Dini ənənələrə və rituallara qarşı çıxanlar arasında savadlılar az deyil. Amma fərqli məsələlərə münasibət bildirmək üçün, görünür, bəzən savad kifayət eləmir. Hər hansı bir məsələyə, yaxud obyektə və subyektə qiymət verəndə gərək ki, onun aurasına, onun havasına və daxili mahiyyətinə qovuşasan. Eyni zamanda, söz dediyin, haqqında fikir söylədiyin hər şeydə özünü tapasan. Başqa cür, məsələlərə münasibətdə mahiyyət bir tərəfdə qalır, insan özünü, öz daxilini, öz mənliyini və ideyasını, xarakter və xasiyyətini etiraf edir. İmam Hüseyni (ə.s.) qəbul etmək üçün onu sevmək lazımdır. Sevmək üçünsə onu dərk etmək, onun mübarizəsini, həyat amalını, şəhidlik mərtəbəsilə naxışlanmış ömür yolunu anlamaq lazımdır. İmam Hüseyn (ə.s.) əqidə adamı olub, mərd, dönməz, mənliyini, azadlığını qoruyub saxlaya bilən şəxsiyyət kimi tarixə düşüb. O, ölümüylə dini ucaltdı, yaşatdı, ilkin bakirəliyinə və təmizliyinə qovuşdurdu. Yezid və onun tərəfdarları İslam dinini şəxsi mənafe obyektinə çevirmiş, kef və əyləncələrə qurban vermişdi. Yezid və ərkanının sürdüyü bədxərc və əxlaqsız həyat tərzi həqiqi insanlıq qaynaqlarına və ilahi paklığa son dərəcə ziddiyyət təşkil edirdi. İmam Hüseyn (ə.s.) mücadiləsi bu bəlalara qarşı idi. Bütün islam dünyası dinimizin yaşaması və tərəqqisi naminə İmam Hüseyn (ə.s.) məktəbinin şəhidlərinin tökülən qanlarına borcludur. Bunu başa düşmək üçün qəlbən, ruhən İmam Hüseyn (ə.s.) məktəbinin əxlaqına az-çox bağlı olmalısan. Bunun üçün dünyaya İmam Hüseyn (ə.s.) gözüylə baxıb, onun ərkanından qiymət verməlisən. O deyirdi: “İnsanlar dünyanın quludur. Dinləri də sadəcə dillərindədir. Dünyalarına zərər verməyənə qədər dindən dəm vururlar. İlk imtahan və sınağa yetişdikdə gerçək dindarların nə qədər az olduğu meydana çıxır”.

Bax, İmam Hüseyn (ə.s.) belələrinə, belə eybəcərliklərə qarşı vuruşurdu. Onun uca məqamını anlamaq üçün belə məsələləri, ən azından fəhm eləmək lazımdır. Məhz, elə buna görə də əsrlərdir, qərinələrdir İmam Hüseyn (ə.s.) ruhuna sığınıb ona ağlayır, göz yaşı tökür, əzadarlıq edirik. Əgər bu göz yaşları min illər bundan qabaqkı kimi yenə də davam edirsə, niyə bu hikməti dərk eləməyə cəhd göstərməyək? Buradakı İlahi işarəni, Tanrı sifarişini, Allah əmrini niyə anlamayaq? Bəlkə bunu anlamaq yox, duymaq lazımdır. Axı savad heç də duyğuları tam oyatmır, hissiyata toxunmur. Ürək, qəlb, ruh Hüseyn (ə.s.) müqəddəsliyinə qovuşanda adamın bəsirət gözü açılır. Əgər Qurani-Kərimə qailiksə, onun ilahi diqtəsini qəbul ediriksə, Peyğəmbər (s.ə.s.) əfəndimizə gələn vəhyləri qəlb köynəyimizdən məmnuniyyətlə keçiririksə, onda bu vəhyi də ilahi nida kimi etiraf etməliyik. Bu, həm də Hüseynə (ə.s.) olan bəşəri kədərin, min illərlə kəsilməyən göz yaşlarının məntiqi cavabıdır.

Həzrəti İmam Hüseyn (ə.s.) doğulduğu zaman Allah cənabi – Cəbraili-Əminə əmr verdi: “Get Hüseynin (ə.s.) doğumunu qutla və ayrıca başsağlığı dilə”, – dedi. Cəbraili-Əmin aldığı buyruğu gəlib Həzrəti Məhəmmədə (s.ə.s) bildirdiyi zaman Peyğəmbər (s.ə.s.) dedi: “Ey qardaşım, təbrikin səbəbini anladım, fəqət, başsağlığının səbəbi nədir?” – soruşdu. Cəbrail: “Ya Rəsulallah! Doğulmuş olan bu məzlum Hüseyn səndən sonra Kərbəla deyilən yerdə qəddarcasına şəhid ediləcəkdir”- cavab verdi.

Bu xəbəri alan kimi Allahın Rəsulu ağlamağa başlayır. Orada olan Həzrət Əli (ə.s.) də məsələdən agah olur. Həzrət Əli (ə.s.) bu olayı Həzrəti Fatiməyə anladınca o, atasının yanına gedir və məsələni onun özündən dinləyir. O zaman Həzrəti Fatimə: “Ey atam, bu hadisə nə vaxt olacaq?” – deyə soruşur. Həzrəti Peyğəmbər (s.ə.s.): “Bu hadisəni nə mən, nə sən, nə Əli, nə də Həsən görəcəyik” – deyir.

Bunu duyan Həzrəti Fatimə: “Ey əziz atam, bizlərin olmadığı o zamanda mənim məzlumum üçün kimlər ağlayıb göz yaşı tökəcəklər?” – deyərək təkrar ağlamağa başlayır. Bu an qeybdən bir nida gəlir: “Ey xanım! Axır zaman əhlindən Peyğəmbər xanədanına bağlı olan bütün topluluqlar hər il sənin məzlum Hüseynin üçün ağlayıb ona matəm tutacaqlar”.

Bu iqtibas, məncə, İmam Hüseyn (ə.s.) üçün tökülən göz yaşlarının mahiyyəti haqqında Allah əmri və ilahi iradə barədə kifayət qədər ciddi arqumentdir. Qaldı, göz yaşına, rişxəndə, bu da yumşaq desək, qəbuledilməzdir. Bu, hər kəsin tam subyektiv halına, özəl, obyektiv yaşam tərzinə uyğun bir nəsnədir. Həm fizioloji, həm ruhi-mənəvi mənada bu, hər kəsin özünəməxsus bir halətdir. İnsan ruhi-emosional gərginlikdən, yaxud ən adi, primitiv fiziki ağrılardan, yaxud sığaldan gülə də bilər, ağlaya da bilər. Göz yaşları qəlbin dərinliklərindən qaynayan bir çeşmədir, insana ruhi rahatlıq, daxili paklıq, hissi-emosional əminlik gətirir. Bu, hansısa bir məqamda kütləviləşirsə, bəşəri bir kədər nöqtəsində qovuşursa (bizim mövzumuza uyğun, deyək ki, İmam Hüseyn (ə.s.) şəhadəti ünvanında), bunda mütləq bir hikmət aramaq lazımdır. Axı, necə ola bilər ki, Hüseyn (ə.s.) faciəsinə zaman-zaman hamı bir nəfər kimi acısın və ağlamış olsun. Məntiqidirmi? Bəli, tamamilə. Heç bir zor, əmr, inzibati güc bunu yarada bilməz. Yalnız qəlblərə dolan, ürəklərdə yaşayan ilahi eşqdən başqa.

Xalqın mənliyini, özgürlüyünü min illərlə yaşadan onun dili, adət-ənənələri, mənəvi-əxlaqi dəyərləri, maddi-mədəni və qeyri-maddi irsi, dini inanclarıdır. Xalqın əsl sifəti və siması olan bu dəyərlərə hörmət, şəksiz, mütləqdir. Bu gün biz min illər boyunca tapındığımız dini inanclara şübhə ilə yanaşırıqsa, onu təftiş və bəzi hallarda inkar ediriksə, demək, bütövlükdə xalqı və onunla birlikdə özümüzü inkar edirik. Azərbaycan xalqının əksər kəsiminin şiə müsəlmanları olmasına rəğmən onların dini rituallarını, ibadətlərini, dini inanclarını bəyan edən hərəkətlərini təftiş etmək, əslində, təfriqə və təxribatdan başqa bir şey deyildir. Onların əzadarlığına rişxənd etmək, onları radikalizmdə suçlamaq tarixi həqiqətdən və müasir düşüncə müstəvisindən kənardır. Şiəliklə radikalizm bir-birinə daban-dabana ziddir. Şiəliyin fəlsəfəsi terrora, qəsdə, insan qətlinə, kütləvi qırğına ziddir. Şiəliyin nəzəri-teoloji mənbələri, fəlsəfi-estetik qaynaqları ilə tanışlıq bir daha göstərir ki, onun mahiyyətində humanizm, islamın mənəvi-əxlaqi cövhərini təşkil edən sülh, barış və bəşəri əxlaq təşkil edir. Şiəliyin mənəvi-estetik əsasında baqi olan sufilikdə özünü təkmilləşdirmə, mənəviyyatdakı sıxıntı və narahatlıqları təmizləyərək Allaha qovuşmaq qayğıları dayanır. Şiələrdə radikalizm yoxdur – mərdlik, dönməzlik, igidlik, əqidə uğrunda şəhadətə qədər getmək var. İmam Hüseyn (ə.s.) kimi. Əqidəni radikalizmlə qarışdırmaq düşüncəsizlikdir. Ən böyük şiə hökmdarı Şah İsmayıl Xətaiyə Çaldıran döyüşündən bir gün öncə əsabələri deyir ki, şahım, Sultan Səlimin başı qoşunun düzəninə qarışıb, gecəynən hücum edib osmanlıları yenək. Şah İsmayıl müdrik və mərd bir sufiyanəliklə: “Mən yolkəsən quldur deyiləm, gecə xəlvətcə hücuma keçəm”, – deyir. Şiə əxlaqı budur! Bəli, əsl Hüseyn (ə.s.) əxlaqı!

Bu gün dünya çapında islama atılan böhtanlar, qarayaxmalar xeyli artmışdır. Bəlkə də bu, islamın çağdaş günümüzdə uğurları və Qərbin ictimai həyatına getdikcə daha çox oturuşmasıyla bağlı narahatlıqlardan qaynaqlanır… Çoxları bu gün Şərqin geri qalmasının səbəbi İslamdır, – deyə yaxasını cırır.

Belələrinə cavab olaraq, pakistanlı alim, Nobel mükafatçısı Əbdüs Səlamın cavabı bu gün də aktualdır: “Şərq həqiqi islamdan uzaqlaşdığı üçün geridədir…”

Bizim camiədə də belə tendensiyalar mövcuddur. Elmdə, texnikada, təhsildə, səhiyyədə dinin ucbatından geri qaldığımız iddia edilir. Mən isə tamam fərqli düşünürəm. Bunun üçün kifayət qədər obyektiv əsaslar da mövcuddur. Azərbaycan və azərbaycanlılar min illər boyunca İslam dininə qaildir və İslam əxlaqı ilə yaşayıb formalaşmışlar. Azərbaycanın ictimai-siyasi, elmi-fəlsəfi fikir tarixində İslam dininin, islam elminin, islam fəlsəfəsi və estetikasının rolunu istəsək də dana bilmərik. Din həmişə elmdə, təhsildə, mədəni yüksəlişdə dominantlıq edib. İslam dini bizim üçün zaman-zaman qapalı, qaranlıq mühit yaratmışsa, ruhumuzu və ağlımızı çərçivəyə salmışsa, bizi bəzilərinin təbirincə, uçuruma yuvarlatmışsa, Nizami, Xaqani, Füzuli, Tusi, Bəhmənyar, Şah İsmayıl Xətai, Mirzə Fətəli Axundov, Mirzə Cəlil, Cavid, Sabir, Üzeyir bəy, C.Cabbarlı, Səməd Vurğun, M.Ə.Rəsulzadə, Topçubaşov, Yusif Məmmədəliyev, Q.Qarayev, F.Əmirov, T.Quliyev, A.Məlikov, ən nəhayət, müasir müstəqil Azərbaycanın qurucusu, memarı Ulu öndərimiz Heydər Əliyev hansı mühitdə, hansı ictimai-siyasi ab-havada yetişib formalaşmışlar?.. Dinin sxolostikasını, xurafat cəhətini də danmırıq. Bu mövcud olub və bu gün da var. Lakin bu, üzdə olan ötəri bir halətdir, dinin əsl fəlsəfəsinə, mahiyyətinə yad nəsnədir. Buna qarşı isə zaman-zaman mübarizə aparılır və aparılmalıdır.

Respublikamızda İslama münasibət, dini inanclara qayğı, inanclı insanlara diqqət əsl müasir və sivil təfəkkür üstündə qərar tutmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən, müdrik siyasəti sayəsində dövlətimizin dinə və dindarlara böyük himayəsi və qayğısı dini əqidəylə dünyəvi təfəkkürün birgələşməsinin yeni nümunəsinə çevrilib. Möhtərəm Prezidentimizin permanent, dəyişməz, stabil siyasəti nəticəsində ölkəmiz müasir İslam dövlətlərinin mədəni-mənəvi paytaxtlarından birinə çevrilmişdir. Bu gün Azərbaycan bütün dinlər üçün isti qucağını açmış, onlar üçün tolerant bir siyasət formalaşdırmışdır. Bütün bunların sayəsində Azərbaycanda artıq məzhəb ayrı-seçkiliyi, dini dözümsüzlük, müxtəlif fobiyalar demək olar ki, tarixin arxivinə gömülmüş, bütün dini konfensiyaların sərbəst fəaliyyəti üçün geniş şərait yaradılmışdır. Respublikamızda dinlərarası əlaqələrdə yeni ənənələr formalaşdırılmışdır. Uca Allahın adıyla onlar həmişə bir yerə toplaşır, müsəlman, xristian, yəhudi və s. icmalarının nümayəndələri bir-birinin məclisində məmnuniyyətlə iştirak edirlər. Bütün bunlar müdrik, uzaqgörən dövlət siyasətimizin tərkib hissəsidir. Belə bir demokratik və ahəngdar cəmiyyətdə dini radikalizm axtarmaq, inanca irad tutmaq nə dərəcədə məntiqidir?..

Böyük Allahın adından ayrı-ayrı məzhəb adamlarının birləşdirilməsində, müxtəlif dini icmaların, konfessiyaların bir məcrada qovuşdurulmasında, dinin mənəviyyat, əxlaq və haqq-ədalət yolunda saflaşmasında, təmizlənməsində hörmətli şeyximiz, ruhani atamızın, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin də rolu əvəzsizdir. Hörmətli şeyximizin yorulmaz və fasiləsiz fəaliyyəti, beynəlxalq nüfuzu Azərbaycan folerant və demokratik dini mühitin yaranmasında müstəsna rol oynamış, bu sahədə dövlət siyasətini tamamlamışdır. O, öz müdrik rəhbərliyi və hərəkətləriylə islam dininin cəmiyyətdə böyük nüfuz qazanmasına yardımçı olmuşdur. Bütün bunlar dinlə xalqın, dövlətin birliyinə nümunə deyilmi? Bu birliyə, bu demokratik və tolerant əlaqələrə kölgə salmaq nə qədər ədalətdən və imandandır? Cəmiyyətin bu halı, bu aram və əminliyi nə üçün bəzilərini qıcıqlandırır?

Dünyanın ən nadir maddi-mədəniyyət abidələrindən olan Tac-Mahal yeganə tikilidir ki, ondan uzaqlaşdıqca kiçilmək əvəzinə, sanki bir az da böyüyür, əzəməti daha da artır. İlahi varlıq, ləyaqət və əqidə mücəssəməsi İmam Hüseyn (ə.s.) də elə şəxsiyyətlərdəndir ki, biz zaman məsafəsilə ondan uzaqlaşdıqca, sanki ona daha çox qovuşur, o uca Həzrətə bir az da yaxınlaşırıq. Vaxt, zaman uzaqlığı onun böyüklüyünü, möhtəşəmliyini daha da artırır. Bəlkə bu müasir narahat dünyamızın sınaq qarşısında çabalarından yana narahatlıqlardan qaynaqlanır? Bəlkə Hüseyn (ə.s.) mərdliyinə, əqidəsinə, qeyrətinə, Hüseyn (ə.s.) fədakarlığına zaman bu gün daha çox ehtiyac duyur? Bəlkə elə buna görə də ona doğru atılan addımlar günü-gündən çoxalır, dərgaha uzanan əllərin sayı-hesabı itir, axıdılan göz yaşları sel-suya çevrilir?.. Bəli, Hüseyn (ə.s.) bu gün daha çox canlı və diridir. Yəqin ki, lazım olduğuna görə. Unutmayaq ki, Hüseyn (ə.s.) həmişə lazımdır. Hüseynlik əxlaqı və mənəviyyatına bəşəriyyət əbədi bir təsnədir. Odur ki, unudulan da deyil. İllər boyu saleh əməlləriylə qəlblərdə yaşayan haqq, iman, insanlıq, müqəddəslik məktəbi qoy unudulmasın! Unudulmasın! Unudulmasın! Unudulmasın!

Loğman RƏŞİDZADƏ
yazıçı-publisist

Mənbə: 525.az

Bənzər yazılar

Back to top button