Bizim seçimCəmiyyətHadisə

10 gündə 3 rayonda 100-dən artıq zəhərləmə: Nə baş verir?

Son 10 gün ərzində 3 rayonda – Saatlı, Tərtər və İmişlidə pambıq sahələrində aparılan dərmanlama işləri zamanı kütləvi zəhərlənmə halı qeydə alınıb və ümumilikdə 100-dən çox insan zəhərlənib. Bəs buna səbəb nədir?!

Bununla bağlı Qaynarinfo-nun suallarını cavablandıra kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmlinin sözlərinə görə, buna səbəb bu sahənin qeyri-peşəkarlar tərəfindən idarə olunmasıdır:

“Azərbaycanda 1500 ildir ki, pambıq yetişdirilir. Ancaq zəhərlənmə hadisəsi ilk dəfədir baş verir. Hətta bir adamın belə dərman preparatından zəhərlənməsi halı indiyəcən müşahidə edilməmişdi. Özüm pambıq sahələrində böyümüşəm və bütün proseslər gözümün qabağında baş verib. Sovet vaxtı pambıq sahələrini təyyarələr vasitəsilə dərmanlayırdılar ki, o zaman belə zəhərlənmə halları baş vermirdi. Bu, onunla bağlı idi ki, o zamanlar Azərbaycanda bu sahə ilə məşğul olan peşəkarlar var idi. Onlar bilirdilər dərman preparatlarından necə, hansı müddətdə və hansı dozada istifadə etmək lazımdır ki, işçilər zəhərlənməsin. İndi bu sahə ilə son 30-40 ilin Gəncə Kənd Təsərrüfatı İnstitutunun yetişdirdiyi kadrlar məşğul olur və onlar da çox təəssüf ki, normal təhsil ala bilməyiblər. Ona görə ki, Azərbaycanda təhsilin səviyyəsi uzun illərdir aşağıdır və bu tendensiya davam edir”.

Ekspert bildirib ki, “Starateji Yol Xəritəsi”ndə hansı məhsulların becərilməsi göstərilmədən kimyəvi dərman preparatlarının tətbiqinin 25 faiz artırılması nəzərdə tutulub və bu da absurd bir haldır:

“Mən bu barədə yazmışdım ki, belə zəhərlənmə halları hələ davam edəcək. Ona görə ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planında (səh.160) 2017-2020-ci illərdə bitki mühafizəsi vasitələrindən (kimyəvi preparatlardan) istifadənin 25 faiz artırılması nəzərdə tutulub. Təsəvvür edin ki, ciddi sənəd hazırlanıb, lakin orada nə əkilib-becərilməsi nəzərə alınmadan, xəstəliklərə, zərərvericilərə və alaq otlarına qarşı mübarizə tədbirlərində istifadə olunan preparatların həcmini 25 faiz artırmağı planlaşdırıblar. Ümumiyyətlə, normal bir ölkədə bu qəbuledilməzdir. Buna ilk növbədə ekoloqlar münasibət bildirməli idi ki, hansı səbəbdən kimyəvi preparatların tətbiqi 25 faiz artırılmalıdır?! Elə sənədi hazırlayanlar da qeyri-peşəkarlardır. Mənim belə deməyim bir az düzgün çıxmır. Düşünərlər ki, nə oldu, hər yerdə elə qeyri-peşəkarlar oldu?! Amma bu gün İmişlidə, Saatlıda, Tərtərdə pambıq sahələrində 100-dən artıq adam zəhərlənirsə, deməli bu sahədə aparılan siyasət yanlışdır. Problem ondadır ki, bu sahəyə cəlb olunanlar qeyri-peşəkardır, nəzarət qaydasında getmir və aparılan maarifləndirmə işləri yüksək səviyyədə deyil. Maarifləndirmə işlərinə böyük məbləğdə vəsait ayrılıb. Bəs əhali necə maarifləndirilib ki, indi dərman preparatlarının istifadəsi nəticəsində kütləvi zəhərlənmə hadisələri baş verir?!


V.Məhərrəmli vurğulayıb ki, bu məsələ ilə bağlı cinayət işi qaldırılmalı və bu işin arxasında dayananlar məsuliyyətə cəlb olunmalıdır:

“Pambıqçılarda xüsusi geyim və qoruyucu maska nəzərdə tutulmur, amma pambıq sahəsində dərman preparatlarının, zəhərli kimyəvi maddələrin tətbiqini həyata keçirən mütəxəssislər üçün belə bir geyim mövcuddur. Dərmanlama işlərini adi kəndli həyata keçirə bilməz. Bunun üçün təlimat almış mütəxəssislər var və onlar hansı günlərdə bu işlərin aparılmalı olduğunu bilirlər. Həmçinin hansı dərman preparatından istifadə olunursa, onun təlimatında hansı dozada tətbiq olunması və neçə gündən sonra dərmanlanan əraziyə işçi qüvvəsinin cəlb olunması göstərilməlidir. Həmçinin işçilərlə də əvvəlcədən müqavilə bağlanmalı idi. Müqavilə varmı? Yoxdur. Bu adamlar sığortalanmalı idi. Sığorta hadisəsi baş verib, amma heç biri sğortalanmayıblar. Niyə? Deməli, burada ciddi qanun pozuntusu və cinayət əməli var. Hökumət bu istiqamətdə addımlar atmalıdır. Saatlıda baş verən zəhərlənmə hadisəsindən sonra guya cinayət işi qaldırıldı, amma ondan sonra heç bir məlumat açıqlanmadı. Əgər bunun qarşısı alınmasa, elə bu formada da davam edəcək və daha ağır nəticələrə gətirib çıxaracaq”.

Bənzər yazılar

Back to top button