Etibar Pirverdiyevi kabinetindən apardılar

by Aztoday Xəbər Portalı

“Azərenerji”də 109 milyonluq zərər xəbəri ilə sədrin “məşhərə” çəkilməsi arasında bir əlaqə varmı?

“Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevlə bağlı maraqlı məlumat əldə etmişik. “Azərenerji”dəki mənbələrdən bizə çatan məlumata görə, Pirverdiyevin karyera vəziyyəti ciddi dolaşığa düşüb. Belə ki, onun üzərində 100 milyondan artıq yeyintiyə dair şübhələr cəmlənib və bununla bağlı hazırda “məhşər ayağına” çəkilib.

Məlumatda deyilir ki, mayın 11-də səhər saatlarında ASC-də xüsusi xidmət əməkdaşları olduğu ehtimal edilən “qəfil qonaqlar” peyda olub. Onlar sədr Pirverdiyevin otağına keçib, az sonra onu da özlərilə götürərək aparıblar. Heç Pirverdiyevin köməkçisi də anlaya bilməyib ki, gələnlər kimlərdir və sədri özlərilə hara aparırlar.

Pirverdiyevi faktiki həbs edib apardıqları xəbəri “Azərenerji”nin adminstrativ heyətində şok yaşadıb. Kollektivdə təlaşı artıran isə iş gününün axırına qədər Pirverdiyevin “tapılmaması” olub. ASC sədri bir də mayın 12-i günorta saatlarında iş yerinə qayıdıb. Lakin nə baş verdiyi haqda kimsəyə bir kəlmə deməyib.

Məlumata görə, artıq 1 həftədir ki, “Azərenerji”nin dəhlizlərində sədrin işdən çıxarılacağı, hətta həbs oluna biləcəyi haqda mənbəyi dəqiq bilinməyən söhbətlər dolaşır. Mayın 11-də baş verən hadisə bu söhbətləri qüvvətləndirib.

İndi ASC-də belə ehtimallar dolaşır ki, qurumun 2016-cı ili 109 milyon manatlıq zərərlə başa vurduğu haqda rəsmi məlumatla Pirverdiyevin başına gələnlər arasında bağlılıq var.

Hər halda istehsal etdiyi məhsulu (elektrik enerjisi) müştərilərinə dəfələrlə artıq qiymətə topdan satan ASC-nin niyə bir ildə bu qədər zərərə uğradığı, Pirverdiyevin kabinetindən götürülərək hara aparıldığı maraq doğurmaya bilməz.

Yada salaq ki, “Azərenerji”nin 2016-cı ili 109 milyon manata yaxın zərərlə başa vurduğu haqda rəsmi məlumat ötən gün yayılıb.

azadliq.info

Bənzər Yazılar