Bizim seçimDünya

Solaxayların sayı niyə azdır?

Deyilənə görə, gündəlik həyatımızda hansı əlimizi istifadə etməyimiz düşüncə tərzindən eşitməyə qədər bir çox şeyə təsir edir. İlk dəfə əlimizə qələm alıb nələrsə qaralamaya başladığımızda, gələcəkdə solaxay olub-olmayacağımız bəlli olur. Bəs, niyə solaxayların sayı azdır?

“BBC”nin bir radio proqramı üçün apardığı araşdırma nəticəsində, vəziyyətin düşünüldüyü qədər sadə olmadığı görülmüşdür.

Genetik faktor

Sağ ya da sol əlin istifadəsi genetika ilə əlaqəlidir. Amma, genetiklər də hələ bunun DNT-nin (Dezoksiribonuklein turşusu və ya qısacası, DNT – canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirəbilməsi üçün irsi informasiyanın saxlanıldığı, nəsillər arasında ötürülən biopolimerdir) hansı spiralında olduğunu müəyyənləşdirməyə çalışırlar. Solaxaylığın 40 fərqli genlə bağlı ola biləcəyi də deyilməkdədir. Yəni, sol əldən istifadə edənlərin yüzdə on nisbətində olmasının səbəbi hələ bilinmir.

Bəs, adi həyatda qayçı və ya qələmdən istifadə edərkən sol əldən istifadə etməyin bir təsiri var?

Sol əldən istifadənin beynə necə təsir etdiyi məsələsində müzakirələr uzun müddətdir davam etsə də, beynin sağ yarımkürəsinin sol əli, sol yarımkürəsinin isə, sağ əli idarə etdiyi bir həqiqətdir. Solaxaylıq beynin quruluşu ilə əlaqədardır.

Londonda yerləşən UCL-in (University College London) professoru Chris McManus-a görə, sol əldən istifadə edənlər bəzi sahələrdə daha bacarıqlı ikən, bəzi sahələrdə də geridə qala bilirlər.

Onda bir nisbəti

İnsanların yüzdə 40-da sol qulaq, yüzdə 30-unda sol göz, yüzdə 20-sində sol ayaq və yüzdə 10-unda isə sol əl işləkdir. Bunun səbəbi nə ola bilər? Sol əldən istifadə edənlər niyə azlıqdadırlar?

Keçmişdə uşaqlarda sol ədən istifadə xəstəlik olaraq qəbul edilirdi. Bugün də solaxaylara qarşı mənfi düşüncə çox təəssüflər olsun ki, davam etməkdədir.

Bəs, sağ ya da sol əldən istifadəni müəyyənləşdirən şey nədir? Təkamül nöqteyi-nəzərdən baxdığımızda bir əldə peşəkarlaşmaq daha məntiqlidir. İnsan irqinə ən yaxın canlı olan şimpanzeləri incələdiyimizdə fərqli tapşırıqlarda fərqli əllərindən istifadəyə üstünlük verdiklərini görürük.

Nəticə

Daun sindromu, epilepsiya və serebral iflic kimi xəstəliklərdə sol-sağ əl nisbəti yüzdə 10 deyil, 50/50 olduğunu aşkar edən Oksford Universitetinin professoru Dorothy Bishop solaxaylığın səbəb deyil, bir nəticə ola biləcəyini bildirir.

“Problemləri yaradan əslində solaxaylığın özü deyil. Solaxaylıq altda yatan başqa bir səbəbin əlaməti ola bilər. Amma, çox insanlarda intellektual inkişaf baxımından bunun hər hansı bir önəmi yoxdur”.

Bu mövzudakı müzakirələr davam etsə də, Belfast-dakı “Queen’s” Universitetindən Peter Hepper-in tədqiqatları sayəsində ana bətnindəki körpənin hərəkətləri ultrasəs dalğalarla izlənilərək körpə doğulan zaman hansı əldən istifadə edəcəyini öncədən müəyyənləşdirmək mümkündür.

Hepper hər 10 körpədən 9-nun sağ əlinin baş barmağını əmdiyini və bunun ümumi əhalinin ortalamasını yansıtdığını bildirir. Bu uşaqlar böyüyəndə eyni əllərindən istifadə etməyə davam edirlər.

Mənbə: moneta.az

Bənzər yazılar

Back to top button