Türkiyə ilə bağlı FETÖ-nun SOCAR planı işə düşüb – Ərdoğan üçün növbəti təhlükə

Print Friendly, PDF & Email

Türkiyədə lirənin dollar qarşısında sürətlə bahalaşması fonunda ölkə iqtisadiyyatındakı problemlər qabarıq nəzərə çarpmaqdadır. Bu baxımdan  24 iyun seçkilərində qalib gələn Rəcəb Tayyıb Ərdoğanın hazırda ən böyük qayğısı Türkiyədə davam edən iqtisadi böhranla bağlıdır. Belə ki, Ərdoğan hakimiyyətinin barışmaz düşmənlərindən sayılan Fətullah Gülən şəbəkəsinin zərərsizləşdirilməsi prosesi Türkiyədən böyük həcmdə kapitalın xaricə axını ilə şərtləndiyindən qardaş ölkə ciddi sosial və iqtisadi problemlərlə üz-üzə qalıb. Görünən budur ki, AKP hakimiyyəti üçün mövcüd iqtisadi problemlərin qarşısını almaq heç də asan olmayacaq. Çünki Ərdoğanın Türkiyəni regionda lider dövlətə çevirmək çabaları Qərb ölkələrindən ölkəyə sərmayə cəlb etmək imkanlarını aşağı salır. Həmçinin, son illər ölkədə media, vətəndaş cəmiyyəti təsisatlarının vəziyyətinin pisləşməsi və məhkəmələrin müstəqilliyinin azalması investorlar üçün Türkiyənin cazibədarlığını azaldır. Bu baxımdan da hazırda AKP hakimiyyəti üçün iqtisadi problemləri qismən də olsa yoluna qoymaq üçün ərəb ölkələrindən və Azərbaycandan böyük həcmdə investisiya cəlb etmək prioritetə çevrilib. Təsadüfi deyil ki, seçkiqabağı vədlərində də AKP təmsilçiləri sərmayə cəlb edəcək ölkələrin siyahısında Azərbaycanın adını birinci çəkirdilər.

Qeyd edək ki, son illər SOCAR qardaş ölkədə böyük layihələr həyata keçirməkdədir. SOCAR yaxın perspektivdə Türkiyədə investisiyaların həcmini 20 milyard dollara çatdıracağını bəyan edib. Bununla yanaşı SOCAR rəhbərliyinə yaxın iş adamlarının bir hissəsi Avropada olan bizneslərini Türkiyəyə köçürməkdədir. Artıq xeyli sayda azərbaycanlı iş adamı Türkiyədə müxtəlif iqtisadi profillərdə fəaliyyət göstərir. Təəssüf ki, SOCAR adından Türkiyəyə yatırımlar edən iş adamları arasında FETÖ terror qruplaşmasına yaxın olan şəxslər də var.  Bu da xüsusi ilə narahatlıq yaradır.  Artıq iş adamı altında məkrli niyyətlərini həyata keçirmək istəyən FETÖ-nun Azərbaycandan olan üzvləri Gülən şəbəkəsinin Türkiyədə boşalan yerini “SOCAR–Türkiyə” şirkəti adından əvəz etməyə başlayıblar.  Təsadüfi deyil ki, qardaş ölkədə FETÖ-ya qarşı həyata keçirilən əməliyyatlar zamanı “SOCAR–Türkiyə” şirkətinin onlarla əməkdaşı ilə bağlı müvafiq tədbirlər görüldü.  Bundan sonra SOCAR rəhbərliyi Türkiyədəki şirkərlərinin rəhbər heyətini dəyişmək məcburiyyətində qaldı. Buna baxmayaraq son zamanlar Azərbaycanda FETÖ-ya bağlı olduğu şübhə doğurmayan və böyük maliyyə imkanlarına sahib olan şəxslər iş adamı adı altında Türkiyəyə yerləşməkdədir.  Həmin şəxslər Türkiyədə hətta media sahəsində də böyük layihələri gerçəkləşdirməyə başlayıblar. Maraqlıdır ki, SOCAR rəhbərliyinə yaxın şəxslər də sözügedən FETO-çülara “yaşıl işıq” yandıraraq onların istədikləri biznes layihələrini dəstəkləyir. Bu şəxslər arasında Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin yaxın qohumu, “Socar Trading” şirkətinin prezidenti Anar Əliyevin də olduğu iddia olunur.

AzToday.az-ın araşdırmaları zamanı məlum olub ki, “SOCAR–Türkiyə”nin rəhbərliyində Azərbaycandan gələn FETÖ-çuları dəstəkləməyən şəxslər barədə isə mediada ifşaedici məlumatların da yayılması təsadüf olmayıb. Belə ki, Azərbaycan mediasında “SOCAR – Türkiyə”nin prezidenti ilə bağlı kompromat xarakterli məlumatların yayılması Vaqif Əliyevə təzyiq etmək məqsədi daşıyırmış. Müşahidələr göstərir ki, Vaqif Əliyevlə bağlı ifşaedici məlumatlar FETÖ tərəfindən hər cür informasiya dəstəyi verilən mütəşəkkil qrup üçün “SOCAR – Türkiyə” prezidentini də özünküləşdirməyə kifayət edir. Araşdırmalar göstərir ki, Gülən şəbəkəsinin genişlənmək üçün  üçün istifadə etdiyi xüsusi xidmət orqanlarına məxsus texnologiyalardan da Azərbaycandan Türkiyəyə gedən FETO-çular maksimum yararlanır.

Təsadüfi deyil ki, SOCAR rəhbərliyi ilə bağlı tənqidi fikirlər səsləndirən Demokrat Partiyasının sədri, Azərbaycanda keçirilən son seçkidə prezidentliyə namizəd olan Sərdar Cəlaloğluya qarşı başlanan kampaniya da sözügedən qrup tərəfindən başlanılıb. Sosial şəbəkələrdə və həmin qrupun idarə etdiyi media qurumlarında Sərdar Cəlaloğlu hətta təhqir belə edilərək onun Azərbaycanla Türkiyənin konfederasiya yaratmaq təklifi vətənə xəyanət kimi qiymətləndirilir (Görünür, Azərbaycanla Türkiyənin konfedrasiya yaratmaq perspektivi FETÖ-nu dəstəkləyən dövlətləri qane etmədiyindən, bu təklifi səsləndirən ADP sədri linc edilməkdədir – red). Sərdar Cəlaloğluya, eləcədə Rövnəq Abdullayevlə münasibətləri gərgin olan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimova qarşı aparılan kampaniya bir növ həmin qrupun SOCAR rəhbərliyinin rəğbətini qazanıb Azərbaycan və Türkiyədə FETÖ-ya məxsus planları rahatlıqla həyata keçirməyə hesablandığı da şübhə doğurmur.

Belə ki, Türkiyədə sıradan çıxarılan Gülən şəbəkəsi əvvəlki mövqelərini bərpa etmək üçün azərbaycanlı FETÖ-çulara ümid edir.  Görünən budur ki, Türkiyədəki iqtisadi problemlərdən maksimum yararlanan FETÖ-nun Azərbaycandakı şəbəkəsi sürətlə qardaş ölkəyə yerləşir. FETÖ-nun “SOCAR-Türkiyə” adından Türkiyədə yenidən güclənməsi tendensiyası Ərdoğan hakimiyyətini də narahat etməyə bilməz. Çünki FETÖ-nun Azərbaycan şəbəkəsi məhz Ankaradan Bakıya göndərilmiş siyahı əsasında deşifrə olundu. Yalnız bundan sonra həmin şəbəkənin dövlət qurumlarında yüksək vəzifə tutan üzvlərinin bir hissəsi zərərsizləşdirildi. Vəzifələrini itirmiş həmin şəxslərin bəziləri Azərbaycanı tərk edərək, xaricə üz tutmaq məcburiyyətində qaldılar. Hazırda həmin şəxslərin nəzarət etdikləri şəbəkələr Türkiyədə yerləşərək, məkrli planlarını həyata keçirmək niyyətindədir. Bəlkə də SOCAR rəhbərliyi azərbaycanlı FETÖ-çuların məkrli niyyətlərindən məlumatsızdırlar. Bu baxımdan SOCAR 2015-ci ildə yaşadığı acı təcrübəni nəzərə alıb, Türkiyə ilə bağlı biznes layihələrində daha diqqətli olmalı idi…

Türkiyədə keçirilən seçkilər zamanı “SOCAR–Türkiyə”nin dəstəklədiyi FETÖ-çuların Ərdoğan hakimiyyətinin əsas rəqiblərindən biri olan və Gülən şəbəkəsinin dəstəklədiyi İYİ partiyanın lideri, prezidenliyə namizəd Meral Akşenerin seçkiqabağı təbliğatında iştirak etdikləri ilə bağlı da iddialar var.  Bu baxımdan “SOCAR-Türkiyə”nin dəstəklədiyi FETÖ-çuların qardaş ölkədəki fəaliyyətləri gələcəkdə iki qardaş ölkə arasındakı münasibətləri gərginləşdirməyə səbəb olacağını proqnozlaşdırmaq olar.

Növbəti yazılarımızda “SOCAR-Türkiyə”nin dəstəklədiyi FETÖ-çuların Türkiyə və Azərbaycan planları, həmin şəbəkənin Gülən şəbəkəsi ilə bağlantıları və Azərbaycandakı daha hansı yüksək vəzifəli şəxslər tərəfindən dəstəklənməsi ilə bağlı ətraflı məlumat verməyə çalışacağıq.

Bizi izləyin…

Orxan Məmmədov

AzToday.az