İqtisadiyyat

“Ziya Məmmədov sementi, armaturu “yemişdi”, indi o yolu sürətlə çəkirlər”

“Dövlət xərcləmələri Azərbaycanın ağrılı sahəsidir. Çox təəssüf ki, təkcə yol tikintisində deyil, bütün istqamətlərdə dövlət xərcləmələrinin yarıdan çoxu korrupsiyaya uğrayır. Məsələn, bir layihə üzrə iş 100 milyon manata görülməlidirsə, bunun 50-60 milyonunu korrupsiya yolu ilə mənimsəyirlər. Sözsüz ki, o layihənin icra olunduğu istiqamətdə işlər də keyfiyyətsiz gedir. Dövlət büdcəsindən ayrılan vəsaitlərə nəzarət etsək, görərik ki, həmin vəsait bir neçə mərhələdən keçərək icraçıya gəlir. Məsələn, bir şirkət onu alır, 10-20%-ni götürüb verir subicarəyə. İkinci şirkət də 10-15% götürüb yenidən subicarəyə verir… Yəni dövlət büdcəsindən ayrılan vəsait icraçıya çatana qədər bir neçə əldən keçir, müəyyən məbləğ həmin şirkətlərdə saxlanılır. Bunu da hökumət səviyyəsində çox yaxşı bilirlər. Mən bilirəmsə, onlar məndən də yaxşı bilirlər. Müvafiq dövlət məmurları saxlanılan vəsaitlərdən hesab alır. Korrupsiyanın çiçəklənməsinin barı-bəhrəsi, meyvəsi hazırda ölkədə fəaliyyət göstərən oliqarxlardır, yəni məmur sahibkarlar. Onlar vəsaiti hardan alıblar? Bu gün sahibkarlıqla məşğul olan dövlət məmurları, deputatlar, hökumətin digər strukturlarında çalışan məmurlar bu gün açıq şəkildə bizneslə məşğul olurlar. Biznesə qoyduqları kapitalı haradan qazanıblar? Kapital dövlət büdcəsindən oğurlanıb, başqa heç bir yerdən oğurlanmayıb. Yol və digər layihələrə dövlət büdcəsindən ayrılan vəsaitlər korrupsiyaya uğrayır. Buna görə də yollarımız keyfiyyətsiz çəkilir, hökumət adından görülən bütün işlər, sifarişlər keyfiyyətsiz həyata keçirilir…”

Bu sözləri Pravda.az-a müsahibəsində Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

A.Nəsirli bildirib ki, problemin aradan qaldırılması üçün dövlət səviyyəsində, siyasi hakimiyyətin iradəsi daxilində dövlət büdcəsinin xərclənməsində şəffaflıq, dürüstlük, hesabatlılıq öz əksini tapmalıdır: “Bu, olmayana qədər hazırda yaşadığımız yol çökmələrinin, yolların tez-tez sıradan çıxması kimi hadisələrin şahidi olacağıq. Yadınıza gəlirsə, Ziya Məmmədovun çəkdiyi Şimala uzanan beton yolu tort kimi doğradılar, əhalinin gözü qabağında daşıdılar. Həmin yola tökülən betonun içində bir zərrə armatur yox idi. Sementin də keyfiyyəti göz qabağında idi. İndi o yolu sürətlə yenidən çəkirlər. Yenidən çəkilən yolun keyfiyyəti necə olacaq, hələ bilinmir. Ziya Məmmədov o vaxt həm sementi “yemişdi”, həm də armaturu. Qumu qarışdırıb tökmüşdü yolun altına, guya beton yol çəkib. Beton yolun ömrü ən azı bir əsr olur. Yadımdadır, Sovet dövründə ilk beton yol Pskov-Moskva 40 kilometrlik magistralı idi. SSRİ dağılana qədər həmin magistral ölkənin bir nömrəli yolu sayıldı. O yolu müharibədən sonra alman əsirləri çəkmişdi. İndi də həmin yol fəaliyyət göstərir, heç bir problemi yoxdur. Sadəcə, mütəmadi 10-15 ildən bir üstündə asfaltı təzələyilər. Beton yol elə olar. Yoxsa Ziya Məmmədovun çəkdiyi “beton” yol heç üç il getmədi…”

İqtisadçı vurğulayıb ki, rayonlara gedən yollar, Ələt-Astara magistralı cəmi bir neçə il dözüm gətirir: “İndi həmin yollar yamaq-yamaqdır. Çala-çuxurlu yollardır. Keyfiyyətin yüksəldilməsi üçün birinci növbədə şəffaflıq, dürüstlük və hesabatlılıq təmin edilməlidir. Gələcək inkişaf göstərəcək. Bələdiyyələrin layihələri böyüməlidir, inkişaf etməlidir. Seçkili bələdiyyələrin şəhərin daxili yollarının qayğısına qalması məsələsi gündəmə gəlməlidir. Dünyada böyük şəhərlərin hamısında belə problemləri xalq tərəfindən seçilmiş yerli bələdiyyələr həyata keçirir, dövlətin təyin etdiyi məmurlar yox. Bələdiyyələr də seçkili orqan olduqları üçün növbəti dəfə sandıq başına gələndə əhalidən səs almağa üzləri olsun deyə problemləri uğurla həll edirlər. Rayonlararası yollar pullu yollar kimi fəaliyyət göstərə bilər. Amma hələ ki Azərbaycan buna hazır deyil. Yolların bu istiqamətdə fəaliyyət göstərən sahibkarlar tərəfindən özəlləşdirilməsi yolların keyfiyyətinin yüksəlməsinə gətirib çıxara bilər. Bu, o demək deyil ki, yolla gedənlərin hamısı yoldan istifadəyə görə pul versinlər. Xeyr. Özəl sektor bu işlə məşğul olur, amma vəsaiti hökumət verir. “Ödənişli yollar” sözündən oxucular qorxmasınlar ki, yoldan istifadəyə görə onlardan mütləq pul alacaqlar. Yox. Hökumət, sadəcə, özəl şirkətlərə vəsaitini versin, şirkətdən tələb etsin ki, mənim vətəndaşımın yollarını normal şəkildə düzəlt, mənim vəsaitim hesabına işləri gör, sonda mənə hesabat ver”.

Bənzər yazılar

Back to top button