Cəmiyyət

100 yaşlı Azərbaycan polisi

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradılıb.

Qaynarinfo-nun məlumatına görə, AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv edib. Arxivlərdə 1918-1920-ci illərə aid saxlanılan qanunverici aktlar və sənədlər sübut edir ki, AXC DİN və Azərbaycan Polisi orqanlarının yaranması və təşəkkülü necə başlanmışdısa, onların ləğv edilməsi, sovet fəhlə-kəndli milisi və komissarlıqlarla əvəz edilməsi də, tədrici bir proses kimi aparılıb.

Azərbaycan İnqilab Komitəsi sovet hakimiyyəti qurulduqdan dərhal sonra özünün ilk dekretləri ilə milli demokratik dövlətimiz olan Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət orqanlarını, o cümlədən hüquq-mühafizə orqanlarını ləğv etməyə, əvəzində fəhlə-kəndli hakimiyyəti orqanları (komissarlıqlar) yaratmağa başladı. Azərbaycan İnqilab Komitəsinin ilk dekretlərindən biri 1920-ci il aprelin 28-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının (Azərb. SSR XDİK) yaradılması və Həmid Sultanovun daxili işlər komissarı təyin edilməsindən, ertəsi gün 1920-ci il aprelin 29-da sovet milisinə rəhbərlik etmək üçün Azərbaycan SSR Baş Fəhlə-Kəndli Milisinin (Azərb. SSR FKM) yaradılması və tezliklə digər bolşevik İbrahim Əbilovun onun rəisi təyin edilməsi haqqında olub. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 29 aprel tarixli başqa qərarı və Bakı İnqilab Komitəsinin 1 №-li əmri ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət hakimiyyəti orqanları buraxılmış elan olundu və tanınmış Rəhim Hüseynov Bakı şəhər milisinin ilk rəisi təyin edildi. Həmin 1 №-li əmrdə deyilirdi: “Polis yenidən təşkil edilsin və milis adlandırılsın; bütün polis sahələrində pristavlar dəyişdirilsin və komissarlar təyin edilsin. O hallarda ki, pristav etibarlı polis işçisidir, onu sahə komissarı adlandırıb, öz vəzifəsini yerinə yetirməkdə saxlamaq olar”.

Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olundu, onun funksiya və vəzifələri dəqiqləşdirildi. Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olmuşdur.

Polisin sıralarında xeyli sayda “Milli Qəhrəman” adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır. Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Mərhum prezident H. Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur.

Bənzər yazılar

Back to top button