Əli İnsanovun xas adamı… və saxta əlilik monopoliyası..

Print Friendly, PDF & Email

Sahil Babayev də sirrli ələ tabe olacaqmı?

Uzun illər boyu saxta əlilik dərəcələri verməklə ölkə büdcəsinə milyonlarla manat ziyan vurmuş Hüseyn Tahirov yeni nazirə çıxış axtarıb köhnə mövqelərini bərpa etmək istəyir…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vurnuxmalar və çaxnaşmalar hələ də davam edir. Bu çaxnaşmaya səbəb isə çoxlu sayda məmurun hələ gələcək talelərinin hələ də naməlum olmasıdır. Nazirlikdən PİA.AZ-a daxil olan məlumata əsasən, çoxlu sayda məmur, rayon şöbələrinin müdirləri, TSEK sədrləri gələcəklərini müəyyənləşdirmək üçün nazir Sahil Babayevə “yol” tapmağa çalışırlar. Lakin böyük əksəriyyət hələ də nazirə “yol” tapa bilmədiyindən vurnuxma içindədirlər.

Vurnuxma içində olanlardan biri isə Əli İnsanov səhiyyə naziri olarkən Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə rəhbərlik edən və sonradan Səlim Müslümov tərfindən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Müalicə Pansionatının direktoru vəzifəsinə atladılan Hüseyn Tahirovdur. PİA.AZ-a daxil olan məlumatda iddia edilir ki, seçkilərdən öncə nazir Səlim Müslümova Qaradağ rayon Tibbi Sosial Ekspert Komissiyasına sədr təyin olunmaq üçün pul verib. Lakin seçkidən sonra Səlim Müslümov vəzifədən getdiyinə görə Hüseyn Tahirovun pulu “batıb”. İddiaya əsasən, Səlim Müslümov onun pulunu geri qaytarmayıb və elə Tahirov da pulunu geri istəməyib.

Hazırda isə Hüseyn Tahirovun gələcək taleyi qaranlıq olaraq qalır. Buna görə də Tahirov yeni nazirə “yol” axtarmaqla məşğuldur. Hətta iddiaya əsasən, güvəndiyi şəxs tanınmış deputatlardan biridir. Lakin Tahirovun işinin düzəlməsi heç də birmənalı görünmür.

Məsələ ondadır ki, Hüseyn Tahirov 2005-ci ildə dölət çevrilişi ittihamı ilə həbs edilən və hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli Insanova çox yaxın kadrlardan hesab olunur. Belə ki, Əli İnsanov həbs edilənə qədər Hüseyn Tahirovun qardaşı Teyyub Tahirov Əli İnsanovun köməkçisi olub və Əli İnsanovun ən etibarlı adamı kimi tanınıb. Elə Əli İnsanov nazir olarkən Hüseyn Tahirov Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin rəhbəri vəzifəsinə qədər yüksələ bilib.

Qeyd edək ki, Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan, əlillərin tibbi, sosial-əmək ekspertizası sahəsində Ali ekspertiza işlərini həyata keçirən, ilkin pillə Tibbi-sosial ekspert komissiyalarının (TSEK) fəaliyyətinə nəzarət və metodiki rəhbərlik edən təşkilatdır.

Xatırladaq ki, Əli İnsanovun xəyanəti ifşa olunan vaxt təbii ki, ona yaxın olan şəxslər də istintaqa cəlb edildi. İstintaqa cəlb edilənlər arasında isə ən birinci yerdə onun köməkçisi və ən çox etibar etdiyi şəxs olan Teyyub Tahirov da olmalıydı. Lakin hansısa gizli əl həmin vaxt Əli İnsanovun köməkçisi Teyyub Tahirovu qorudu və qorumaqla yanaşı, hətta qardaşı Hüseyn Tahirovun el Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə uzun müddət rəhbərliyini təmin etdi.

Hüseyn Tahirov həm Füzuli Ələkbərovun, həm Səlim Müslimovun hakimiyyəti dövründə “VTEK” sistemində meydan sulayıb və burda baş verən qanunsuzluqların, saxta əlilik təqaüdlərinin verilməsində birbaşa məsul şəxs olub. Füzuli Ələkbərovun zamanında iş o yerə çatmışdı ki, Tahirovun demək olar ki, bütün qohum-tanışları saxta əlilik dərəcəsi almışdı. Mənbə bildirir ki, bu iddiaya etiraz edənlər araşdırılma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. Elə həmin qohum tanışlar da ölkə miqyasında əlilik dərəcələri almaq üçün “dəllalıq” ediblər. Ötən ilin sonlarına qədər Hüseyn Tahirovun qohum-tanışlarına əlillik dərəcəsi ilə dövlətdən təqaüd aldıqlarını bildirən mənbə onu da qeyd edir ki, ötən il ondan şikayət ediləcəyindən ehtiyatlanan H. Tahirov həmin əlilik dərəcələri ləğv etdirərək “əlil” qohum-əqrəbalarını “sağaldıb”. Əlbəttə, qanunsuz əməllərin üstünün açılacağından qorxduğundan. Mənbə bir daha bildirir ki, bu iddiya inanmayanlar Hüseyn Tahirovun “TSEK”-ə rəhbərlik etdiyi dövrdə kimlərə əlillik dərəcəsi təyin edildiyi yoxlanılsın. O zaman hər şey gün üzünə çıxacaq və Hüseyn Talıbov qanunsuz əməllərini gizlədə bilməyəcək.

Qanunsuz əməllər öz yerində. Mənbə bildirir ki, bu qardaşlar, yəni Tahirovlar Əli İnsanovun kadrları kimi tanınırlar və İnsanovun qılıncının dalı və qabağı kəsən vaxtlarda onun adı ilə işər görür, hədə-qorxu gəlir, vəzifəyə adam təyin etdirir, türklər demiş, hava atırdılar. İnsanovun həbsindən sonra onun bütün kadrları təminzlənsə də Tahirovlara toxunan olmaması çoxlarında hələ də təəccüb doğurur.

Qeyd edək ki, Nəsimi rayonunun keçmiş icra başçısı, sonralar Nazirlər Kabinetində çalışmış Tahir Quliyev Hüseyn Tahirovun qayınatasıdır və Tahirovların “Əli İnsanov işi”ndən sıyrılıb çıxmalarında keçmiş Nəsimi başçısının böyük dəstəyi oluduğu qeyd edilir. Zamanında Füzuli Ələkbərovun sevimlisinə çevrilmiş Hüseyn Tahirov öz statusunu qayınatası sayəsində sonralar da saxlamağa müvəffəq olur. Həm Ələkbərov, həm də Səlim Müslimovun dövründə “TSEK” sistemində əsas fiqurlardan biri olmaqda davam edib. Respublika tibbi sosial ekspertiza komissiyasına rəhbərlikdən sonra bir müddət Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Müalicə Pansionatının direktoru olsa da saxta əlillik verilməsi işində Tahirov öz monopoliyasını qoruyub saxlaya bilib. İddialara görə, “TSEK”-lərə nəzarəti saxlamaq üçün Hüseyn Tahirov Səlim Müslimov vəzifəsindən azad olunmamışdan əvvəl Qaradağ rayon Tibbi Sosial Ekspert Komissiyasına rəhbər təyin olunması üçün külli miqdarda “şirinlik” verib. Lakin Səlim Müslümovun yeni hökümətdə yer almaması onun bütün planlarını alt-üst edib. İndi isə uzun illər boyu saxta əlilik dərəcələri verməklə ölkə büdcəsinə milyonlarla manat ziyan vurmuş Hüseyn Tahirov yeni nazirə çıxış axtarıb köhnə mövqelərini bərpa etmək istəyir… Sahil Babayev də sirrli ələ tabe olacaqmı?.. Bunu zaman göstərəcək…

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.