DünyaSiyasət

Bayden deyir ki, İran Yaxın Şərqdəki Amerika qoşunlarına hücum edərsə, ABŞ onun cavabını verəcək

Bu gün ABŞ prezidenti Co Bayden bildirib ki, İranın ali liderinə xəbərdarlıq edib ki, əgər Tehran və ya onun müttəfiqləri Yaxın Şərqdə yerləşən Amerika hərbçilərinə hücum edərsə, ABŞ buna cavab verəcək, Turan-ın Vaşinqton müxbiri məlumat verib.

“Mənim ayətullaha xəbərdarlığım ondan ibarət idi ki, əgər onlar bizim qoşunlarımıza qarşı çıxış etməyə davam etdirsələr, biz cavab verəcəyik”, – Bayden Avstraliyanın baş naziri Entoni Albaneze ilə birgə mətbuat konfransında deyib.

Onun şərhləri İsrail və HƏMAS arasında müharibə başladığı andan Yaxın Şərqdəki Amerika qoşunlarına və hərbi obyektlərə bir neçə hücumdan sonra səslənib

“11 sentyabrdan bölgədə qoşunlarımız var. Onlar İŞİD-i təqib edirlər və onun təkrar ortaya çıxmasının qarşısını alırlar”, – Bayden deyib.

İsrailin Qəzzaya hücumlarına regional reaksiya artdıqca, həm Bayden, həm də Albaneze öz çıxışlarında əlavə humanitar yardımın, həmçinin bölgədəki dinc sakinlərin həyatını qorumağın vacibliyini vurğulayıblar.

Bayden bildirib ki, girovları qorumaq üçün İsraildən Qəzzaya yerüstü hücumun təxirə salınmasını “tələb etməyib”.

“Mən Benyamin Netanyahuya dedim ki, əgər bu adamları təhlükəsiz çıxarmaq mümkündürsə, o bunu etməlidir. Bu, onların qərarıdır. Sual budur ki, onları xilas etməyin bir yolu varmı? Əgər biz onları çıxara biləriksə, biz bunu etməliyik”, – Bayden deyib.

Bayden qeyd edib ki, onun administrasiyası İsrailin yanında müstəqil Fələstin ölkəsini yaradacaq iki dövlətin yaradılması barədə qərarı dəstəkləyir. Bunu reallığa çevirmək üçün bütün tərəflərin əməkdaşlığı lazımdır.

“Bu, bizi sülhə aparmaq üçün bütün tərəflərin, israillilərin, fələstinlilərin, regional tərəfdaşların, dünya liderlərinin birgə səyləri deməkdir”, -Bayden qeyd edib.

Bənzər yazılar

Back to top button