Siyasət

Məzahir Pənahov: “Fərəc Quliyevlə bağlı Baş Prokurorluq qərar verəcək”

Mərkəzi Seçki Komissiyası (MSK) 31 saylı Suraxanı ikinci seçki dairəsini ciddi nəzarətdə saxlayacaq.

APA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, indiki mərhələdə qanunvericiliyin tələbi həmin dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyevə xəbərdarlıq edilməsidir: “Mehman Hüseynov MSK ilə yanaşı, Baş Prokurorluğa və Ombudsmana da müraciət edib. MSK, sadəcə, öz səlahiyyətləri çərçivəsində olan məsələlərə baxır. Əgər Baş Prokurorluq məsələyə baxıb cinayət tərkibi müəyyən etsə, MSK bu məsələyə yenidən qayıda bilər”.

Qeyd edək ki, 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə həmin dairədən deputatlığa namizəd olan F. Quliyevlə danışığının səs yazısını yayıb. Səs yazısında F. Quliyevin Mehman Hüseynova 10-15 min manat pul təklifi əksini tapıb. F. Quliyev isə sonradan məsələyə münasibət bildirərək həmin pulu M. Hüseynovun müalicəsi üçün təklif etdiyini, M. Hüseynovun danışığın səs yazısını montaj edərək yaydığını bildirib.

Bənzər yazılar

Back to top button