Mikayıl Cabbarov korrupsiyanın kökünü kəsmək istəyir

Print Friendly, PDF & Email

Vergilər Nazirliyi tərəfindən vergi sistemində korrupsiya hallarının kökündən kəsilməsi üçün ciddi addımlar atılır və sahibkarlar onları narahat edən ən xırda məsələlərlə, xüsusən korrupsiya halları, vergi əməkdaşlarının hərəkət və hərəkətsizliyi ilə bağlı bütün mövcud kommunikasiya vasitələri ilə, o cümlədən 195-1 Çağrı Mərkəzi, Vergilər Nazirliyinin rəsmi internet saytında olan əlaqə kanalları vasitəsilə yazılı müraciət edə bilərlər.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, hazırda Vergilər Nazirliyi göstərdiyi elektron xidmətlərin sayına görə öndə gedən dövlət qurumu olmasına baxmayaraq, yeni rəqəmsal sistemlərinin yaradılması ilə əlaqədar vergiödəyicilərinə xidmət sahəsində yeni hədəflər müəyyən edilir.

Eyni zamanda, göstərilən xidmətlərin keyfiyyətinin və xidmət kanallarının, elektron xidmət istifadəçilərinin sayının artırılması, vergiödəyiciləri üçün daha əlçatan və az vaxt itkisinə yol verən yeni xidmətlərin istifadəyə verilməsi, eləcə də xidmətlərin keyfiyyətinin ölçülməsi sahəsində yeni addımların atılması nəzərdə tutulur.

Vergiödəyicilərinə xidmət sahəsində aparılmış dəyişikliklər vergiödəyicilərinə xidmətin keyfiyyətinin artırılması, mütərəqqi təcrübəyə əsaslanan yeni xidmətlərin təşkili, mövcud elektron və ünvanlı xidmətlər sisteminin inkişaf etdirilməsi məqsədini daşıyır.