GündəmManşetSiyasət

Keçmiş nazir helikopter qəzasından sonra dövlət protokolunu tənqid edir

Türkiyənin keçmiş daxili işlər naziri Saadettin Tantan bu yaxınlarda İranın keçmiş prezidenti İbrahim Rəisinin iştirakı ilə helikopterin son fəlakəti ilə bağlı fikirlərini bölüşüb. Turan İnformasiya Agentliyinə eksklüziv müsahibəsində Tantan Dövlət Təhlükəsizliyi protokollarındakı nöqsanları vurğulayaraq, daha geniş regional dinamikanı əks etdirib. Sadettin Tantanın gəldiyi nəticələri, Türkiyənin və qonşu dövlətlərin gözlədiyi çağırışları və imkanları vurğulayaraq, regional diplomatiya və təhlükəsizlik şəbəkəsinə işıq tutur.

* * *

– İranın keçmiş prezidenti İbrahim Rəisinin təyyarəsinin qəzaya məruz qalmasını dövlət protokolundakı təhlükəsizlik tədbirləri baxımından necə dəyərləndirirsiniz?

– Dövlət başçılarının səfərlərində təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə olur. Kəşfiyyat qurumları gizli şəkildə lazımi tədbirləri görürlər. Hava şəraitini nəzərə alaraq, İran kəşfiyyatı vertolyot yerinə başqa bir nəqliyyat vasitəsi seçməliydi. 30 il əvvəl -1994-cü ildə Ruandanın dövlət başçısı Juvenal Habyarimananın havada vurulmasından sonra ölkədə yaranan xaos və və vətəndaş müharibəsi dövlət başçılarının ölümlərinin təhlükəli nəticələr yarada biləcəyini göstərmişdi. Bazar günü baş verən vertolyot qəzasında dövlət protokolunun nöqsanları görünür.

– Keçən həftənin bazar günü Araz çayı üstündə keçirilən mərasimdəki çıxışında Azərbaycanın dövlət başçısı İran ilə dostluq-qardaşlıq münasibətlərindən bəhs etdi. Hər iki ölkə kənardan bölgəyə müdaxilə cəhdlərinə qarşı çıxır və buna qarşı birgə mübarizə aparmağın lüzumundan bəhs edir. İranın narahat olduğu əsas ölkələrdən biri İsrailin Azərbaycanla çox yaxşı münasibətləri var. Bu durumu necə şərh etmək istəyərdiniz?

– Dövlətlər arasında daimi dostluq və ya düşmənçilik yoxdur. Qonşu ölkələrlə yaxşı münasibətlər içində olmaq normal haldır. İsrail ilə Azərbaycan arasındakı münasibətlərin yaxşı olması İran-Azərbaycan münasibətlərinin inkişafına mane ola bilməz. Türkiyənin, Rusiya və Ukrayna ilə yaratdığı münasibətlər kimi, Azərbaycan da eyni zamanda həm İran, həm də İsrail ilə yaxın münasibət içində ola bilər. Azərbaycanın öz torpaqlarını erməni işğalından azad edərkən apardığı hərbi əməliyyatlara İsrailin verdiyi dəstək önəmli idi.

– Həmişə Türkiyə ilə İranın regional əməkdaşlığının zərurətini qeyd edirsiniz. HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumundan sonra Türkiyə ilə İranın hansı sahələrdə əməkdaşlıq perspektivləri ola bilər?

– 1639-cu ildə imzalanan Qəsri-Şirin sazişindən üzü bəri İranla sərhəd münaqişəmiz olmayıb. Regional inkişaf baxımından Türkiyə və İran arasındakı münasibətlərin inkişaf etdirilməsi çox mühümdür. Ancaq İranın daxili siyasətindəki inam və etimaddan uzaq durum münasibətlərin inkişafına mane olur. HƏMAS-ın 7 oktyabr hücumu İsrailin hərəkət sahəsini genişləndirdi. Bu isə Türkiyə ilə arasındakı əməkdaşlığın sahəsini daraltdı. İranın PKK terror təşkilatına qarşı mübarizə aparmaması da münasibətlərə ziyan vurur. Türkiyə ilə İran ticari münasibətləri inkişaf etdirərək öz ölkələrinin əhalisinin rifah səviyyəsini yüksəltməyə, terrora qarşı mübarizəyə və regionda münaqişələrə icazə verməməlidir.

– Azərbaycanın qələbəsinin üstündən bu gün-sabah 4 il keçəcək, ancaq hələ də Ermənistan ilə sülh sazişi imzalanmayıb. Sizcə, sülh sazişinin imzalanması üçün hansı şərtlər yerinə yetirilməlidir?

– Beynəlxalq ictimaiyyətlə hərtərəfli əlaqələr yaradılaraq Rusiyanın bölgəni öz hegemonluğu altında tutmaq niyyətinin qabağı alınmalıdır. Zəngəzur dəhlizinin bir an əvvəl açılması lazımdır. Bu məsələdə Türkiyə öz nüfuzundan istifadə etməlidir.

– Rusya ilə Ukrayna arasında müharibə davam edərkən Böyük Britaniya Orta Asiya ilə münasibətlərini inkişaf etdirməyə çalışır. Türkiyə bu sahədə lazımi addımları atırmı?

– Başda TİKA-nın fəaliyyətləri olmaqla, Türkiyə öz QHT-ləri vasitəsilə uğurlu işlər görür. Ancaq ticarət və hərbi sahədəki münasibətlərin daha yüksək səviyyədə olması lazımdır. Zəngəzur dəhlizinin açılması Türkiyənin bu sahədəki ən böyük uğurlarından biri olacaq. Yolun açılması ticari sahəsində işləri asanlaşdıracaq. Daha sonra hərbi münasibətləri inkişaf etdirmək lazım gələcək. Türkiyənin bu sahədəki xoş niyyətli cəhdləri münasibətlərin lazımi səviyyəyə gəlməsinə hələ ki tam səbəb olmayıb.

Bənzər yazılar

Back to top button