Siyasət

YAP-çı deputatdan tragikomik açıqlamalar

Yaxşı ki, YAP-ın sıralarında Siyavuş Novruzov var. Heç olmasa bu adamın müsahibələrinə, çıxışlarına nəzər yetirib, stres atırıq. Çox maraqlıdır ki, bu qədər gülməli söhbətlər etdiyi halda, özü qətiyyən gülmür, ciddi görkəm alır.

Bu dəfə də mətbuata müsahibəsində əsrimizin Siyavuşu xeyli maraqlı söhbətlər edib: “Xatırlatmaq istəyirəm ki, 650 min YAP üzvü var və hər bir partiya üzvü səfərbər edilib ki, Avropa Oyunları zamanı aktiv olsun, bu işdə yaxından iştirak etsin. Həmçinin, ölkəmizdə olan hazırkı ictimai-siyasi sabitliyin qorunması, hər hansı təxribat törətmək istəyənlərin qarşısının alınmasında yardımçı olsunlar” -deyə Siyavuş Novruzov bildirib.

Əminəm ki, cənab Novruzov özü də nə dediyinin fərqində deyil. Mən 100-lərlə YAP-çı tanıyıram ki, gecə-gündüz Avropa oyunlarına görə hakimiyyətə qarğış yağdırır. YAP yeganə partiyadır ki, onu seçmirlər, o seçir. Yəni, məcburi şəkildə dövlət strukturlarında işləyənlərə, tələbələrə YAP vəsiqəsi verirlər. YAP vəsiqəsi daşıyanların 90 faizi 150-200 manatın girovluğunda yaşayır. 650 min YAP-çıdan 650 nəfəri hakimiyyət mətbuatını oxumur, ən az oxunma sayı olan yazılar YAP rəhbərliyi ilə bağlıdır. Siyavuş Novruzov isə deyir ki, 650 min YAP-çı Avropa oyunlarında aktiv iştirak edəcək. Bu deputatın mandatı başına vurub, fantaziyası fontan verir.

Daha sonra Siyavuş müəllim deyib: “Parlament seçkiləri ilə əlaqədar isə onu deyə bilərəm ki, YAP seçkilərə hazırlıqla bağlı proqramına bu ilin əvvəlindən start verib. YAP bütün seçki dairələri üzrə göstəriciləri toplayır. Dəqiqləşmə prosesi başa çatandan sonra biləcəyik ki, istənilən seçki dairəsi ərazisində neçə faiz seçici bizim qatı tərəfdarımızdır. Nə qədəri neytral, nə qədəri bizim əleyhimizə olandır?.

Adamın yumor hissi çox güclüdür. 23 il seçicinin səsi ilə “gizlənpaç” oynadıqdan sonra, növbəti seçkidə dəqiqləşdirmə aparmaq eşqinə düşüblər. YAP-ın seçki hazırlığı hər zaman seçki qutularını əvvəlcədən doldurmaq, karusellər təşkil etmək, ölmüş adamların adına səs verdirmək, topa bülletenlər atmaq və rəqiblərin səsini oğurlamaqdan ibarət olub. Üstəlik, seçicilərin neçə faizinin bu hakimiyyətdən razı olduğu da göz önündədir. Yalnız hakimiyyətdə təmsil olunanlar və yaltaqlar dəstəsi bu hakimiyyətə səs verə bilərlər. Ona görə də Siyavuş Novruzov “seçkiyə start vermişik” deyəndə, hamının dodağı qaçır. Həqiqətən də məqsəd dəqiq hesablama aparmaq olsa, gərək Milli Məclis yenidən formalaşa.

“Elə adam var ki, seçicinin etimadını o qədər doğrultmasa da, beynəlxalq təşkilatlarda çox yüksək şəkildə ölkəmizi təmsil edib. YAP üzvlərinin hərəsi özü ilə seçkiyə 3 nəfər gətirib YAP namizədlərinə səs verərsə, bu, seçicilərin 50 faizi deməkdir. Ildə orta hesabla 30 min insan YAP-a üzv olur. 2020-ci ilə qədər YAP üzvlərinin sayı 800 mini ötəcək”- deyə Siyavuş Novruzov davam edib.

Əvvəla, beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinə münasibəti göz önündədir. O, hansı deputatdır ki, beynəlxalq təşkilatların qarşısında YAP sevgisi yaradıb? Hər YAP-çının 3 adam gətirməsinə gəlincə, həqiqətən də bu seçkinin taleyini həll edə bilər. Məsələ burasındadır ki, YAP-çı özü səsverməyə gəlmir və vəsiqsənin daşıdığı partiyanın kəramətinə bələddir. Üstəlik, sonuncu prezident seçkilərində YAP-çılar da, karuselə cəlb edilənlər də Cəmil Həsənliyə səs verdi. Məcbur qalıb Cəmil bəyin səsini Ilham Əliyevə yazdılar. Hər il 30 min insanın YAP-a üzv olmasına gəlincə, bu da müsbət haldır. Çünki, məcburi şəkildə YAP-a keçənlər, bu partiyanın əsl mahiyyətini dərk edir. Yəni, YAP sevgi deyil, qorxu üstündə qurulur. Sadə vətəndaş da bilir ki, şərləmək bu hakimiyyətin “müqəddəs peşə” sidir.

Millətimizin vəkili Milli Şuranın 3 may mitinqinə də münasibət bildirib: “Təbii ki, bu, xarici sifarişlər əsasında həyata keçirilir. Onlara verilən qrantlar hesabına müxalifət xaricin arzusunu ölkəmizdə gerçəkləşdirmək istəyir.ÿKülli miqdarda mənimsəmələr var. Hesab edirəm ki, onlar həyətlərində bir ”palatka” qurub, 200 nəfəri ora yığıb aksiyalarını təşkil etsələr, daha məqsədəuyğun olar”.

Deputat etiraf edir ki, beynəlxalq aləm bu hakimiyyətə deyil, müxalifətə “stavka” edir. Digər tərəfdən Milli Şuranın 3 may mitinqinə icazə verilmədi və mayın 2-si təklif olundu. Bununla da Milli Şura razılaşmadı. Deməli, bu qurum müstəqil qərar verir. Yəni, Siyavuş Novruzovun “kəşf” etdiyi dairələrin sifarişini yerinə yetirmir. Birdə ki, xaricdən külli miqdarda pul almaq, ölkənin milyardlarını ermənipərəst dövlətlərə xərcləməkdən yaxşıdı. Yaxşı olar ki, Siyavuş Novruzov Milli Şuranın olmayan pulunu saymaqdansa, təmsil olunduğu komandadakı fərdlərin milyardları necə əldə etdiyini araşdırsın.

Mitinq iştirakçılarının sayına gəlincə, məsləhət görərdik ki, Siyavuş Novruzov 17-ci mərtəbədən baxandan sonra, internetdən də izləsin. Ola bilər ki, uzaqdan gözü yaxşı görmür. Deyəsən, kokteyli kotletlə qarışdıran deputatımız, 10 min nəfəri də, 200 nəfər kimi görür. Əslində, palatka təfəkküründə olan adamların bu cür düşünməsi normaldır.

İbad Manafov

Bənzər yazılar

Back to top button