Hadisə

Vaqif Xaçatryan məhkəmə qarşısına çıxarılacaq

90-cı illərin əvvəllərində azərbaycanlılara qarşı cinayət törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın işi üzrə istintaq başa çatmaq üzrədir və o, yaxın vaxtlarda məhkəmə qarşısına çıxacaq. Bu barədə cümə günü keçirdiyi brifinqdə Azərbaycan Hərbi Prokurorluğunun nümayəndəsi Emil Tağıyev məlumat verib.

Xatırladaq ki, Vaqif Xaçatryan iyulun 29-da Qarabağdan Ermənistana getmək istəyərkən saxlanılıb.

O, 1991-ci il dekabrın 22-də Qarabağın Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı hərbi cinayətlər törətmiş şəxslərin siyahısında olub.

Xaçatryan erməni hərbi birləşmələrinin digər üzvləri ilə birlikdə Meşəli kəndinin sakinlərinə silahlı basqında iştirak etmiş, nəticədə 25 azərbaycanlı həlak olmuş, 14 nəfər yaralanmış, kənd tamamilə yandırılmışdır.

358 azərbaycanlı evlərindən qovulub, onların əmlakı dağıdılıb və zəbt edilib.

Xaçatryana qarşı Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırım) və 107-ci (deportasiya və ya məcburi köçürmə) maddələri ilə cinayət işi başlanıb. O, 2013-cü ilin noyabr ayından axtarışdadır.

Bənzər yazılar

Back to top button