Bizim seçimGündəmManşet

Azərenerji və Azərişıq rəhbərləri cinayət məsuliyyətinə cəlb edilməlidirlər

“Hüquq-mühafizə orqanlarının vicdanlı şəxsləri də bu işdə dövlət başçısına hərtərəfli köməklik göstərməlidirlər”

Əziz dostlar! Hörmətli həmkarlar!

Heç bir siyasi mənsibiyyətim olmayıb və yoxdur. Yazdıqlarım da sırf bir Azərbaycanlı insanın öz xalqı və milləti, dövləti və dövlətçiliyi ilə bağlı narahatçılıqdan irəli gələn məsələlərdir.

Son günlər enerji kəsintisiylə bağlı yaranmış dözülməz vəziyyətə görə hər birimiz günahkarıq. Ola bilsin kimsə yaxasını kənara çəksin, amma tam səmimi deyirəm ki, mən özümü günahkar sayıram. Ona görə ki, hamımız bəzi oğru, nadürüst və yaramaz məmurların hoqqalarına susur, onların bivecliyinə göz yumur, kiminsə kiminsə adamı, adamuşkası olmasına susur, nəticədə də belə əsəbi, stresli vəziyyət yaşamalı oluruq. İnanın ki, bir qədər sərt səslənsə də, sərt yazsam da, şəxsən mən son vaxtlar baş verənlərin fonunda ölkədə hər mənada hərbi qayda-qanunun tətbiqinin tərəfdarıyam. Baş vermiş xoşagəlməz hadisələrə görə bu gün ən azından Azərenerji və Azərişıq rəhbərləri təkcə vəzifələrindən çıxarılmalı deyil, həm də cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Hələ üstəlik Bakı Metropoliteninin həm bundan əvvəlki talançı və yalançı rəisi Tağı Əhmədov, həm də indiki rəhbəri Çingiz Hüseynovdur səhv eləmirəmsə, ölkə başçısı tərəfindən yaradılmış komissiya tərəfindən sorğu-sual edilməklə hüquqi qərar qəbul edilməsi üçün prokurorluq orqanlarına təqdim edilməlidirlər. Bakıdan da böyük, daha çox sərnişin daşıyan şəhərlərin metrosunda bu və ya digər səbəbdən hadisələr olur. İnsanları TƏXLİYƏ edirlər. Özü də, çox normal və rahat şəkildə. Bəs necə olur ki, kağız üzərində hər şeyin super olduğunu yalandan, namərdcəsinə öz saxta imzaları ilə təsdiq edən adlarını çəkdiyim və çəkmədiyim məmurlar bu saxtakarlığı bəh-bəh ilə tərifləyib başımıza çıxartdığımız, əslində isə bizi fil qulağında yuxuya verən Fövqəladə Hallar Nazirliyinin (FHN) məsul şəxslərinə də müəyyən maraqlar çərçivəsində sənədlərə imza atdırıb bizi dünən və srağagün yaşadığımız olmazın müsibətlərə düçar edirlər?!

Demişəm, yenə də deyirəm ki, ölkə başçısını çox vəzifəli şəxslər onun humanistliyindən istifadə edib düzgün məlumatlandırmırlar. Məncə cənab prezident öz yaxın ətrafına da bir göz gəzdirsə pis olmaz. Bəzi etibar etdiyi, inandığı şəxslər sadəcə odla oynayırlar və başlarına hansı müsibətlərin gələ biləcəyinin tam fərqində deyillər. Yetər artıq. Bəzi vəzifəli şəxslərin təkcə səhlənkarlığı deməzdim, harınlıqdan doğan cinayət əməllərinin nəticəsidir ki, Azərbaycanın imicinə çox ciddi zərbə dəydi. Tez bir zamanda ən sərt formada nəticələr çıxarılmalıdır. Hüquq-mühafizə orqanlarının vicdanlı şəxsləri də bu işdə dövlət başçısına hərtərəfli köməklik göstərməlidirlər. Son vaxtlar bizə yaşadılan əcaib, biabırçı vəziyyət bir daha təkrarlanmamalıdır.Məhz ona görə də, yuxarıda yazdığım narahatçılığı bir daha dilə gətirməyə məcbur oldum. Baş nazir Novruz Məmmədov da bir qədər fəal, qətiyyətli olmalıdır. Tabeçiliyində olan nazir və komitə sədrlərini, xidmət rəhbərlərini möhkəmcə silkələməli və onlardan formal deyil, real iş tələb etməlidir.

Tanrı Azərbaycanımızı qorusun!

Üzeyir Cəfərov,
ehtiyatda olan polkovnik-leytenant,
hərbi ekspert

Bənzər yazılar

Back to top button