Bizim seçimCəmiyyətGündəm

AZTV-nin reportyoru polis, müstəntiq, yoxsa xuliqan rolunda?

Rövşən Məmmədovun diqqətinə: Koronvirusla bağlı reportaj hazırlayanda vətəndaşı tənbeh etmək istəyən “jurnalist”ə öz peşə qaydalarını öyrədib sonra küçələrə salın

Dəyişən dünya düzəninə uyğun olaraq Azərbaycanda çox şey dəyişsə də, sovet dövründəki pis ənənələr kimi bizə miras qalan AZTV yenə “gül” vurmaqda davam edir. Bu televiziya kanalı son illərə dəfələrlə rəhbər dəyişsə də, özünün orijinal süjetləri ilə tamaşaçıları güldürməkdən, əyləndirməkdən, hətta əsəblərini tarıma çəkməkdən vaz keçmək istəmir. Əlqərəz, “yenilənmiş AZTV”-nin martın 26-da efirə gedən ənənəvi axşam buraxılışına baxmaq bu dəfə mənə söyüşdən də betər təsir elədi.

Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla mübarizə tədbirləri ilə bağlı qəbul etdiyi qərara uyğun olaraq karantin tələblərinin yerinə yetirilməsini araşdırmağa girişmiş (ya da bu yöndə təlimatlandırılmış) AZTV-nin təcrübəsiz reportyorunun süjeti haqlı olaraq tamaşaçıda qıcıq yaradır. Nə üçün?

Əvvəla, süjetin əvvəlində guya qorunmaq üçün tibbi maska taxmış reortyorun burnunun bayırda qaldığını hamı görür. Bu təcrübəsiz hərəkətinə baxmayaraq, reportyor oğlan daha sonra yanına da 2-3 üç polis işçisini alıb düşüb parklara, keçidlərə, hansı yaş qrupundan olmasının fərqinə varmadan, qabağına çıxan hər bir şəxsin üstünə hücum çəkərək “niyə maska və əlcək taxmadığı” barədə sorğu-suala başlayır. Yəni hüquq-mühafizə orqanlarının əməkdaşları qalıb bir kənarda əlindəki mikrofonu az qala silah kimi zənn edən bu “cəngavər” az qalır ki, onları hədələyib 15 sutkalıq həbsə göndərsin.

Ən maraqlsı isə odur ki, qabağını kəsdiyi heç bir vətəndaş onun bu cür rəftarına etiraz etmir. Hüquqlarını bilmədikləri üçün bəziləri günahkar şəkildə maskasının olmadığı, maska almağa getdiyi barədə məktəbli uşaqlar kimi izahat verməyə çalışırlar. Hətta birinə polis zabiti qeyri-steril yolla maska verib “sevindirir” (bu suallara cavabında bir nəfər həqiqəti deyir ki, maska tapmaq olmur). Halbuki jurnalist etikasına görə heç bir vətəndaşı icazəsi olmadan qəflətən yaxalayıb çəkmək və tənbeh etmək olmaz. Üstəlik, bu şəxslərin arasında kiminsə xanımı və uşağı var. Bunların hamısı öz yerində.

Keçək Elmir Məmmədov adlı həmin reportyorun qanun-qaydanı və etikanı pozmasının səbəblərinə. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahının qəbul etdiyi qərara görə, haqlı olaraq 65 yaşından yuxarı vətəndaşların evdən çıxması qadağan edilib. Onların tələbatını ödəmək üçün müvafiq nazirliyin hansı dərəcədə kömək göstərməsi başqa yazının mövzusudur.
Amma məlum qərarda, həmçinin yerli həkim və mütəxəssislərin, hətta Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrinin tövsiyələrinə görə küçəyə çıxan hər kəsin, o cümlədən təkcə gəzən cavan bir şəxsin əlcək və maska taxması tələbi və tövsiyəsi yoxdur. Maskanın başqasını yoluxdurmaq təhlükəsinə görə xəstə şəxsin taxması tələb edilir, o da qələbəlik yerdə.

Belə olan halda AZTV-nin özünü Allah bilir nə qismində hiss edən, SSRİ dövründə “xalq nəzarəti komitəsi”nin işçisi kimi vətəndaşın üstünə hücum çəkən əməkdaşının hərəkətinə nə ad vermək olar? Axı AZTV-nin əməkdaşı kimdir ki, Azərbaycan Respublikasının vətəndaşını öz icazəsi olmadan çəkir, habelə müstəntiq rolunda çıxış edərək şübhəli şəxs qismində dindirməyə bənzər sorğu-suala tutur? Lap bu gənc əməkdaş tanımadığı vətəndaşlara qarşı davranışında, danışığında ciddi səhvlərə yol verib, bütün etik norma və qaydaları, qanunları pozub. Bəs o süjetin efirə getməsinə icazə verən məsul işçilər hara baxır? Yoxsa, bu kanalda yeni vəzifəyə gələnlər, xəbərləri efirə verənlər AZTV-nin vətəndaşları “linç” etməyə cəhd etməsini məqbul hesab edirlər?

Məncə, bu suallara əlaqədar qurumlar, o cümlədən AZTV-nin “çiçəyi burnunda” rəhbəri Rövşən Məmmədov aydınlıq gətirməlidir. Ən azı ona görə ki, ölkədə elan edilən karantin rejimi kimliyindən və harada işlədiyindən asılı olmayaraq heç bir jurnalistə haqq vermir ki, hər hansı vətəndaşı təhlükə yaratmaqda suçlasın və cinayətkar kimi təqdim etsin. Doğrudur, həssas dövrdən keçirik, gördüyümüz mənfi hala görə də əsəbləşə bilərik. Amma qanun və qaydanı pozanları tənbeh etmək və cəzalandırmaq üçün müvafiq qurumlar var.

Orxan Məmmədli

P.S. Koronavirusla bağlı reportaj hazırlayan AZTV “jurnalist”inin hərəkəti yadıma bu günlərdə Türkiyədə küçədən keçən bir gəncin “65 yaşından yuxarı vətəndaşların küçəyə çıxmama qadağası”nı bəhanə edib yaşlı bir kişiyə zorla maska geyindirməsi, həmçinin başından odekolon tökməsi və bunu telefona çəkib sosial şəbəkədə paylaşmasından ibarət xuliqanlıq hadisəsini saldı. Xatırladım ki, zərərçəkən yaşlı şəxsin oğlunun şikayəti əsasında özünü polis və ya müstəntiq deyil, az qala məhkəmənin hökmünü icra edən şəxs hesab edərək, əslində xuliqanlığı yol verən gənc haqlı olaraq cinayət məsulyyətinə cəlb edilib.

AzToday.az

Bənzər yazılar

Back to top button