Digər

“Məmur oliqarxların özləri və yaxınları ümumiyyətlə Azərbaycan səhiyyəsinə etibar etmir”

İctimai Səhiyyı İnstitutu İctimai Birliyinin sedr muavini Vefa İbrahimovanın AzToday.az saytına müsahibəsi

-Artıq xarici mətbuatda Azərbaycan səhiyyəsinin bərbad durumu müzakirə edilməyə başlanılıb. Sizcə vəziyyət doğrudanmı belə dəhşətlidir?

-Təəssüf ki, yazılanlarla razılaşmamaq olmur. Azərbaycan səhiyyəsi problemlər girdabında batır. Soydaşlarımızın müalicə üçün başqa ölkələrə getməsi təkcə yerli səhiyyə ocaqlarına etimadsızlıqla bağlı deyil. Dünyanın hər yerində xaricə müalicəyə getmək praktikası var. Amma Azərbaycanda müalicəyə gedənlərin sayı həddindən artıq çoxdur. Hər halda, bununla bağlı ciddi düşünmək lazımdır. Hesab edirəm ki, burada bir neçə faktorlar mövcuddur. Burada peşəkarlıqla yanaşı etimadsızlıq məsələsi də var. Bir az millətin özündə də xarici mütəxəssisləri özümüzünkülərdən üstün tutmaq məsələsi də var. Bir də müalicənin İranda daha ucuz başa gəlməsi faktoru da mövcuddur. Yəni, sadaladığım üç faktor bu miqrasiyada böyük rol oynayır. Son illər səhiyyə sahəsində müəyyən irəliləyişlər olsa da, xeyli sayda problemlər var. Azərbaycandakı mütəxəssislərin böyük qismi sovet dövrünün yetişdirdiyi kadrlardır. Təbii ki, onlar arasında da peşəkarlar çoxdur. Amma sovet səhiyyə sistemi ilə Qərb səhiyyəsi arasında xeyli fərq var. Qərb səhiyyəsi daha avantajlı, daha inkişaf etmiş, daha üstün səhiyyədir. Hesab edirəm ki, biz tədricən Qərb səhiyyəsinin standartlarını mənimsəməliyik. Bununla bağlı, müəyyən işlər görülür. Xaricdə uzmanlar, xüsusi sahələr üzrə mütəxəssislər hazırlanır, amma bunlar yetərli deyil. Onlar regionlara da paylanmalıdırlar, bütün Azərbaycan üzrə təyin olunmalıdırlar ki, bizim səhiyyəmiz Qərb standartlarına uyğunlaşa bilsin. Yəni, kadr potensialı olduqca vacibdir. Ambulator sistemə keçmək, xəstənin stasionarda çox yatışını azaltmaq və s. məqamlar Qərb standartlarının əsas istiqamətləridir ki, biz də tədri-cən ona keçməliyik.

Səhiyyə sahəsində aparılan islahatlar zəif aparılır, görüləsi xeyli işlər var. Məsələn, sığorta təbabəti ilə bağlı xeyli söhbətlər getsə də, məsələ indiyə qədər öz həllini tapmayıb. Səhiyyənin maddi-texniki bazasında xeyli möhkəmlənmələr var. Azərbaycanda olan avadanlıq İranın əksər klinikalarında yoxdur, onların özləri də bunu etiraf edirlər. Təəssüflər olsun ki, xalq bunlardan yetərincə faydalana bilmir. Bax, əsas problem də budur.

-Bu sahədə irəliyişlərə nail olmaq üçün nə etmək lazımdır?

-İlk növbədə tibbi sığortanın tətbiqinə tezliklə başlamaq lazımdır. Qonşu Gürcüstan tibbi sığortanın tətbiqi ilə bu sahədə əhəmiyyətli irəliləyişlərə imza atıb. Artıq bir çox vətəndaşlarımız müalicə üçün bu ölkəyə üz tutur. Tibbi fəaliyyətin tənzimlənməsi sahəsində mövcud qanunverici baza isə müasir tələblərə cavab vermir. Tibbi sığortanın tətbiqindəki lənglik, pullu və pulsuz səhiyyə arasında sərhəddin nisbiliyi, səhiyyə kontingenti-nin əmək haqlarının gülünc səviyyədə aşağı olması, korrupsiya və rüşvət, proteksiya halları səhiyyə sahəsində problemləri artırır.

Etiraf etmək lazımdır ki, bir sıra müsbət xarakterli təşəbbüslər də olub. Lakin ümumi problemlər ucbatından hətta külli miqdarda yatırımlar belə, effektiv olmur. Təəssüf ki, məmur ordusunda müvəqqətilik sindromu var. Elə bil vəzifəyə hamı bir fürsət kimi yanaşır. Ona görə də əsaslı deyil, taktiki qərarlar qəbul edilir. Fikrimcə, ayrı götürülmüş bir sahədə inqilab yaratmaq çətindir. Çünki səhiyyənin inkişafı üçün digər sahələrdən dəstək olmalıdır.

Səhiyyənin inkişafı ilk növbədə təyin olunan kadrlardan asılıdır. Proteksiya aradan qaldırılmalı, kadrlar region, qohumluq, şəxsi əlaqə prinsipi ilə deyil, bacarıq və kompetensiya meyarı ilə təyin olunmalıdır:  Tibb təşkilatçıları nazirlik dəstəyinə və bütövlükdə hökumətin tam dəstəyinə malik olduqdan sonra planlı inkişafa aparan fəaliyyət göstərməlidirlər.

Pasientlərin xaricə axını yalnız cənuba doğru deyil. İmkanı zəif olanlar özlərini İran həkimlərinə təslim etsələr də, İsrail, Türkiyə, ABŞ, Avropa səhiyyəsinə müraciət edənlər də çoxdur. İrana müraciət əsasən, qiymətlərin bizim qiymətlərdən xeyli aşağı olması, orada farmasiyanın, yəni dərman sferasının nəzarətdə olması, keyfiyyətli dərman təminatı səbəbindəndir. Etiraf etmək lazımdır ki, qapalı şəraitdə inkişaf etməsinə baxmayaraq, İran səhiyyəsi bir sıra sahələr üzrə inkişafa nail ola bilib. İrana il ərzində tibbi yardım üçün gedənlərin sayı barədə müxtəlif rəqəmlər səsləndirilir. Əgər bu rəqəm ortala-ma 500 mindirsə və hər pasient müşayiət edənlərlə birlikdə ən aşağı dəyərləndirmə ilə 1000 ABŞ dolları xərcləyirsə, bu, il ərzində dövriyyəmizdən 0,5 mlrd. vəsaitin çıxması deməkdir. Bu rəqəmin üzərinə digər ölkələrdə tibbi ehtiyaclar – dərman preparatları və avadanlıqları üçün xərclənən vəsaitləri gəldikdə isə, hər il iqtisadi maraqlarımıza dəyən maddi zərərin həcmini görərik. 1990-cı illərin ortalarında Azər-baycanın dövlət büdcəsinin 200-300 milyon olduğunu yada salsaq, səhiyyənin bugünkü faciəsinin miqyası aşkar görünər.

Səhiyyə naziri Oqtay Şirəliyevin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

-Bəri başdan qeyd edim ki, Sabiq səhiyyə naziri Əli İnsanovdan fərqli olaraq Oqtay Şirəliyevin həkimlər arasında ümümiyyətlə nüfuzu yoxdur. Bu açıq-aşkar görünür. Səhiyyə bir növ bazar qanunları ilə idarə olunur. Həkimlərin işə qəbulundan tutmuş ən xırda proseslərin arxasında rüşvət və korrupsiya var. Pulsuz müalicə adı altında büdcə vəsaitləri talan edilir. Səhiyyə Nazirliyinin keçirdiyi tenderləri araşdırsaz görərsiz ki, milyardlarla manat büdcə pulu səmərəsiz istifadə edilib. Tenderlərdə qalib gələn şirkətlərin əksəriyəti məmur oliqarxların nəzarətindədir. Yüz milyon manatlıq tenderlər bu sahədə təcrübəsi olmayan şirkətlərə verilib.

Bənzər yazılar

Back to top button