Təbrizdə 400 min insan böyük təhlükə qarşısında (FOTOLAR)

Print Friendly, PDF & Email

“Qeyri-farslara, konkret olaraq güneylilərə qarşı siyasətinin yürüdülməsi danılmaz bir gerçəkdir. Bu gerçəyi danmaq istəyənlər Təbrizə gələndə “Təbriz “zəngin” və “inkişaf etmiş” şəhərdir” deməklə, əslində, bu şəhərin türklər üçün yoxluğunu vurğulayırlar”.

AzToday.az kult.az-a istinadən xəbər verir ki, bu sözləri güneyli yazar və araşdırmaçı İbrahim Rəşidi İran hökumətinin Təbrizə lazımı qədər diqqət göstərməməsi haqda danışarkən deyib. O, Təbrizdə 400 min sakinin həyatının təhlükə altında olduğunu bildirib:

“İndi şişib yoğunlaşan fars şəhərləri hələ kiçik kənd olduqları illərdə belə Təbriz ehtişamlı və zəngin bir şəhər idi. Amma bu şəhərin 400 min insanı hazırda çürük və qəzalı vəziyyətdə olan evlərdə yaşayır. Bir neçə saniyəlik zəlzələ “Azərbaycan başdı, Təbriz qaşdı” kimi mübaliğələri yox edə bilər. Bəlkə, belə layihələrə pulları yoxdur? Nəinki böyük məbləğdə pullar, hətta çox kiçik imkanlar da bu şəhər və xalqa verilmir. 15 ildən çoxdur ki, iyirmi kilometrlik Təbriz-Səhənd yolunun tikintisi yarımçıq qalıb. Bu yol salınsa, Səhəndin yüz minə yaxın əhalisi bir neçə kilometrlik tıxaclı yolda 45 dəqiqə yubanmaq yerinə, sadəcə, on dəqiqəyə, vaxt itirmədən ünvanlarına çata bilərlər. Milli Təbriz siyasəti yoxdur, yaxşı, bəs xalqı bu qədər kiçik imkanlardan məhrum etməklə hansı siyasəti yürüdürlər?”