Bizim seçimİqtisadiyyat

“Qlobal Network”un yaratdığı lokal problemlər: Müştəriləri bu şirkətdən imtina edir

Son günlər işıq və suyun verilişində yaranan fasilələrdən əsəbləri gərilmiş paytaxt sakinləri daha bir problemlə üz-üzə qalıb. Söhbət bəzi internet provayderlərinin göstərdiyi xidmətlərin son günlər ümumiyyətlə yoxa çıxmasından gedir. “Qlobal Network” adlı provayder şirkətinin müştəriləri artıq 3 gündür ki, internet üzünə həsrət qalıb. Xırdalan şəhərində yerləşən sözügedən şirkətin Binəqədi rayonun Sulutəpə qəsəbəsindəki müstəriləri artıq cana doyublar.

Sulutəpədə yüzlərlə müştəri “Qlobal Network”un göstərdiyi internet xidmətindən imtina edəcəklərini bəyan edir: “ATS-dən (telefon qovşağı) maraqlananda deyirlər ki, problem “Qlobal Network”dan qaynaqlanır, hər gün yüzlərlə adam bizə şikayət edir”.

Müştərilər öz hesablarına usta çağırdıqlarını, amma internetdən istifadə edə bilmədiklərini söyləyirlər: “Provayder şirkətinin 012-341-21-21 nömrəsinə zəng edib, problemin nə vaxt həll ediləcəyini soruşuruq. Hər dəfə operator xanım şikayətləri rəhbərliyə çatdıracağını bildirməkdən başqa bir söz demir. Görünür, şirkətin rəhbərliyi ancaq müştərilərdən pul yığmağı fikirləşir, amma xidmətin keyfiyyətini düşünmür”.

Sulutəpə sakinlərinin şikayətləri ilə bağlı “Qlobal Network” şirkəti ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.

Qeyd edək ki, müasir dünyada internet vazkeçilməz kommunal xidmət sayılır. İnsanlar bu xidmətdən yararlanmaq üçün provayder şirkətlərinə aylıq pul ödəyirlər. Amma provayder şirkətlərinin müştərilərindən əvvəlcədən aldığı pulun müqabilində xidmət göstərə bilməməsi haqlı narazılığa səbəb olur.  Amma bu haqlı narazılıqlara baxmayaraq şirkətin heç bir addım atmaması təəssüf doğurur. Görünür “Qlobal Network” kimi şirkətlər üçün müştəri məmnuniyyəti adlı bir anlayış yoxdur.

Bu baxımdan Sulutəpə sakinlərinin “Qlobal Network”dan imtina etmək istəkləri tam təbii qarşılanmalıdır. Bununla belə yüzlərlə müştərinin əvvəlcədən şirkətə ödədiyi pulun qarşılığında xidmət göstərilməməsi insanlığa yaraşan hal deyil…

Orxan Məmmədov

AzToday.az

Bənzər yazılar

Back to top button