Siyasət

Azərbaycanın Ukraynadakı səfiri Kiyev merilə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Kiyev şəhərinin meri Vitali Kliçko ilə görüşüb. Bu barədə səfir X (keçmiş Twitter) mikrobloqunda yazıb.

“Bu gün Kiyev meri Vitali Kliçko ilə görüşə şad oldum. Biz Azərbaycan və Kiyev arasında əməkdaşlığın, həmçinin qardaş şəhərlər Bakı və Kiyev arasında tərəfdaşlığın möhkəmləndirilməsi üzrə məhsuldar fikir mübadiləsi apardıq. Mənə göstərilən səmimi qonaqpərvərliyə görə Kliçkoya minnətdaram”, – səfir qeyd edib.

Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən Azərbaycan bu ölkəyə humanitar yardım göstərir. Rəsmi məlumatlara görə, yardımın ümumi həcmi 43 milyon manatı keçib.

Həmçinin müharibədən zərər çəkmiş 120 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.

Bundan əlavə, Azərbaycan müharibə zamanı İrpen şəhərində dağıdılmış Zərifə Əliyeva adına 12 saylı məktəbi bərpa edəcək.

Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna bölməsi-SOCAR Energy Ukraine Ukraynanın təcili xidmət maşınları üçün təmənnasız yanacaq tədarük edir. (Turan)

Bənzər yazılar

Back to top button