Əli Məsimli: “Beynəlxalq Bankın sağlamlaşdırılmasının “astarı” dövlətə “üzündən” baha başa gəlir”

by Aztoday Xəbər Portalı

Azərbaycan Beynəlxalq Bankının Nyu-York Məhkəməsinə müraciət edərək müflis elan olunmağını istəməsi bank sektorundakı durumun nə qədər acınacaqlı olduğunu bir daha təsdiqlədi. Bir sıra ekspertlər məsələnin üstündən sakitcə keçilməsini düzgün saymır, cavabdeh şəxslərin xalqa izahat verməsini istəyirlər.
Deputat Vahid Əhmədov Milli Məclisin ötən iclasında deyib ki, Azərbaycan hökumətinin rəsmiləri Beynəlxalq Bankla əlaqədar yaranmış vəziyyətlə bağlı dövlət televiziyasında çıxış edib vəziyyətə aydınlıq gətirməlidir. “Bu, bankda vaxtı ilə baş verən proseslər çox ciddi problemlərə gətirib çıxarıb”-deyə, millət vəkili xalqa izahat verilməsini tələb edib. Digər iqtisadçı ekspertlərin də məsələyə özəl yanaşmaları var.
Deputat Əli Məsimli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Beynəlxalq Bankı ətrafında baş verən hadisə və davam edən proseslər dövlət üçün ciddi problemə çevrilib: “Nyu-York məhkəməsinin qərarı ilə Beynəlxalq Bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin dövlətin zəmanəti ilə təxirə salınması Beynəlxalq Bankın xarici öhdəlikləri üzrə vəziyyətini bir qədər yumşaltsa da, bu problemin köklü həlli deyil, yəni problemin həlli yalnız ertələnməklə həll olunmalı vəziyyətə gətirilir. Çünki qarşılıqlı razılaşma əsasında Beynəlxalq Bankın bir qədər fərqlı variantlarda öhdəlikləri dövlət tərəfindən mütləq yerinə yetirməli olacaq. Azərbaycan prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanında Beynəlxalq Bankda yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün zəruri olan tədbirlər, buna məsul olan qurumlar, onların konkret vəzifələri və tapşırıqların reallaşdırılması üçün qoyulan müddətlər öz əksini tapıb. ”Beynəlxalq Bankın dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə bankın restrukturlaşdırılması, maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması, fəaliyyətinin səmərəliliyinin artırılması, idarə edilməsinin müasir korporativ idarəetmə standartları əsasında təşkili, bankın kredit, borclanma, kadr siyasətinin təkmilləşdirilməsi, habelə bu bank tərəfindən verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının – faizlərin – qaytarılması üçün təsirli tədbirlər görülməsi tapşırılıb. Restrukturizasiya və sağlamlaşdırılma tədbirləri başa çatdıqda, Beynəlxalq Bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planını altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim edilməsi tapşırığı qoyulub. Həmin fərmanda nəzərdə tutulanların bir hissəsi həyat keçirilsə də, 2 il keçməsinə baxmayaraq, fərman və bu bankla bağlı verilmiş qərarlar tam dolğunluğu ilə icra olunmayıb”.
Ə.Məsimlinin sözlərinə görə, Beynəlxalq Bankın ABŞ-ın Nyu-York məhkəməsinə müraciəti və bu sahədə yetərincə məlumatın olmaması bu bank ətrafında gedən proseslərin beynəlxalq əks-sədasıni gücləndirib: “Bir sıra xarici mətbuat orqanları bu məsələni işıqlandıranda xeyli şişirtmələrə yol versələr də – Beynəlxalq Bankın bankrot vəziyyətinə düşməsini yetərincə valyuta ehtiyatı olan Azərbaycanın iflası kimi qələmə verilməsini nəzərdə tuturam – fakt faktlığında qalır ki, Beynəlxalq Bankda baş verən və hələ indi də onu ətrafında gedən proseslərin görünməyən tərəfləri görünən tərəfindən qat-qat böyükdür. Beynəlxalq Bankın rəhbərinin ifrat optimist müsahibəsi və digər nümayəndələrin bəzi səthi açıqlamaları istisna olaraq, indiyədək aidiyyəti orqanlardan heç biri bu barədə müfəssəl məlumat vermir ki, əslində nə baş verir. Əvvəllər ən yüksək reytinq qazanmış bankımız niyə bu vəziyyətə düşdü? Bu qədər iri məbləğdə pullar sərf olunmasına baxmayaraq, bankın problemləri niyə indiyədək çözülməyib? Sağlamlaşma prosesi niyə 2 ildir ki, davam edir və obyektiv dəyərləndirmə baxımından real nəticəsi nədir? Müvafiq qurumlar bundan sonra həm daxili, həm də xarici kontekstdə hansı addımları atacaq?”
Ə.Məsimlinin fikrincə, görünən odur ki, 2 il bundan əvvəl xüsusi prezident fərmanı ilə Beynəlxalq Bankin sağlamlaşdırılması və sonra isə özəlləşdirilməyə hazırlanması prosesi gedir: “Bu məqsədlə indiyədək ayrılan və bundan sonra tələb olunan vəsaitlər barədə müxtəlif rəqəmlər səsləndirilir. Bankın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manata yaxın vəsaiti, bankın nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən 600 milyon manat vəsait, Neft Fondunun 1 milyard dollarlıq depoziti, bankın xarici kreditorlar qarşısındakı 3.3 milyard dollarlıq öhdəliklərini üst-üstə gələndə Azərbaycanın bir illik dövlət büdcəsinə yaxın vəsait edir. Məbləğ Azərbaycanın bir illik büdcəsinə yaxınlaşsa da, problemin həlli hələ tam aydınlığı ilə görünmür. Ona görə də görünən odur ki, Beynəlxalq Bankın özəlləşdirlməsinə gedən yolda onun sağlamlaşdırılmasının “astarı” dövlətə “üzündən” baha başa gəlir. Beynəlxalq Bankın müflisləşməsi bəzi xarici mətbuat orqanlarının ifadə etdikləri kimi, bütövlükdə Azərbaycanın çöküşü olmasa da, Azərbaycanın maliyyə-bank sisteminin çox ağır durumda olduğunu göstərir. Aidiyyəti orqanların rəsmilərinin optimizminə baxmayaraq yaranmış vəziyyətdə çıxışın asan yolu yoxdur. Beynəlxalq Bank ətrafındakı problemlərin həllinin uzanması bu bank üçün bütün məsuliyyəti öz üzərinə götürən dövlət üçün əlavə problemlər yaradacaq və əlavə xərclər tələb edəcək. Bu da büdcəyə və ölkənin maliyyə durumuna, maliyyə-bank sisteminə mənfi təsir göstərəcək”.

Deputat həmkarı V.Əhmədovun təşəbbüsünü dəstəkləyən Ə.Məsimli xalqla açıq danışmağı zəruri sayır: “Yaranmış vəziyyət və ondan çıxış yolları barədə əhaliyə, səhmdarlara, müştərilərə, əmanətçilərə əsaslandırılmış və dolğun məlumatlar verilməlidir. Beynəlxalq Bankı Azərbaycanın bank sisteminin müəyyənedici amili olduğundan, bankın fəaliyyətinin hər cəhətdən normallaşdırılması digər banklara da müsbət təsir edə bilər. Sözügedən məsələ ətrafında məlumatsızlıq və ya yetərli səviyyədə məlumatın olmaması isə pessimizmı artırır. Ona görə bu bankla bağlı həyata keçirilən tədbirlərin reallaşdırılması sürətləndirilməli və nəticələri barədə televiziyalarda və digər KİV-lərdə vaxtaşırı hamının başa düşəcəyi anlaşıqlı dildə ətraflı məlumatlar verilməlidir”…
“Son günlər Beynəlxalq Bankın sağlamlaşdırılması ilə bağlı atılan addımlar ətrafında mətbuat səhifələrində geniş müzakirələr açılıb. Kimlərsə bu addımların zəruriliyini, kimlərsə də onların səhv olduğunu sübut etməyə cəhd göstərirlər. Beynəlxalq Bankın Nyu-Yorq məhkəməsinə müraciət etməsi və məhkəmənin məlum qərarı məlum müzakirələri bir qədər də genişləndirdi. Nə qədər müzakirə açsaq da, reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanın maliyyə bazarı və bank sektoru üçün Beynəlxalq Bankın sağlamlaşdırılmasının alternativi yoxdur”.
Bu fikirlər isə sabiq maliyyə naziri Fikrət Yusifovundur. Ekspertin sözlərinə görə, təəssüf ki, Cənubi Qafqazda ən nüfuzlu bank kimi tanınmış bu bank, səriştəsiz idarəçilik nəticəsində belə acınacaqlı vəziyyətə düşdü: “İndi biz fakt qarşısındayıq. Vəziyyətdən çıxışın yeganə düzgün yolu Azərbaycanın bank sektorunun bütün yükünün az qala 2/3-ni daşıyan Beynəlxalq Bankı sağlamlaşdırmaqdan keçir. Bankın toksik borclarının idarə olunmaq və geri qaytarılmaq üçün ”Aqrokredit” ASC-nə verilməsini tənqid edənlər isə bilməlidirlər ki, bu gün Azərbaycanın bank sferasında ən peşəkar və ən bacarıqlı bank mütəxəssisi məhz Məmməd Musayevdir. Bu səbəbdən borcların idarə olunmasının onun rəhbərlik etdiyi “Aqrokredit” ASC-yə verilməsi ən düzgün seçimdir”.

Bənzər Yazılar