Bizim seçimGündəmHadisə

Ağdam təhsilini məhv edən kimlərdir? – Müraciət

Uzun illər böyük təhsil ənənəsi olan Ağdam təhsili niyə məhv edilir?

Ağdam rayonunda yaşanan təhsil rəzaləti ilə bağlı məlumat vermişdik. “Mikayıl Cabbarovun tabeliyində olan işçilərin korrupsiya burulğanı” başlıqlı məqalədə Ağdam rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanovanın Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin Ağdam üzrə əməkdaşı Məhəmməd Aslanova bahalı maşın hədiyyə verdiyi əksini tapmışdı.

Bu məqalədən sonra Ağdam təhsili ilə bağlı redaksiyamıza rayonun ziyalıları adından müraciət daxil oldu. Müraciətdə bildirilir ki, rayonda təhsil sahəsində uğursuz kadrlar olan Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin Ağdam üzrə əməkdaşı Məhəmməd Aslanov sanki Ağdam ziyalılarına qənim kəsiliblər: Ağdam təhsili qərəz meydanına çevrilib. Bu iki məmurun kimdən xoşu gəlmirsə onları şərləməklə, hədə -qorxu gəlməklə və başqa yuxarı orqanlara yalnış məlumat verməklə işdən azad edirlər. Məlumat verən mənbə bildirir ki, Ağdam təhsilində vəziyyət o həddə çatıb ki, bu yaxın günlərdə övladının təhsilini tələb edən məktəb müəllimi on günlük həbsə atılıb. Xüsusən bu günlərdə Ağdam rayonunda məktəb direktoru oyunları gedir. Elə məktəb var ki, sentyabrdan bu günki günə qədər düz beş dəfə direktor təyinatı olub. Onların hər biri həmin məktəblərdə bir ay işləmiş və xaric olunmuşdur. Ağdamın hazırda otuza yaxın məktəbində direktorlar həvalə olunma qaydaları ilə işləyir. Təbii ki bu kimi hallar düşmənlə təmas xəttində yerləşən bir rayon təhsilinin vəziyyətini bir az da çətinləşdirir. Dəfələrlə Təhsil Nazirliyinə Ağdam ziyalıları adından vurulan teleqramm və məktublara hansısa səbəbdən laqeyd münasibət bəslənərək heç bir tədbir görülmür. XXI əsrdə Ağdamda “papka” deyilən məktəblər hələ də fəaliyyət göstərir. Amma nədənsə rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin Ağdam üzrə əməkdaşı Məhəmməd Aslanov bu hallara göz yumaraq bildirirlər ki, biz belə məktəbləri yalnız nazirliyin Daxili Nəzarət idarəsinin rəisi, keçmiş MTN əməkdaşı olan Kənan Quliyevin tapşırığı əsasında yoxlaya bilərik. Eyni zamanda bu günlərdə Ağdamın sayılıb seçilən ziyalılarından olan Çəmənli kənd orta məktəbinin direktor müavini Ərəstun Tarverdiyev, 118 saylı məktəbin direktoru Vaqif Məmmədov, 14 saylı məktəbin direktoru Elman Abbasov bu cür haqsızlıqların qurbanı olmuşlar. Onu da qeyd etmək lazımdır ki, bu direktorlar hamısı Yeni Azərbaycan Partiyasının üzvləri, eyni zamanda Qarabağ döyüşü veteranlarıdır. Biz Ağdam ziyalıları həmişə ölkə rəhbəri möhtərəm cənab prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmişik. Amma bu gün Ağdam Təhsil şöbəsində cənab prezidentimizin həmişə bildirdiyi kimi “Dövlət qulluqçusu xalqın xidmətçisidir” ifadəsinə Mətanət Misirxanova və Məhəmməd Aslanov niyə zidd gedir?

Məhəmməd Aslanov hər zaman bildirir ki, onun arxasında Təhsil Nazirliyinin Daxili Nəzarət idarəsinin rəisi Kənan Quliyev dayanır. Onun dediyinə görə sözügedən şəxslə dostluq əlaqələri çox qırılmaz tellərə bağlıdır.

Biz Ağdam ziyalıları ümid edirik ki, aidiyyəti qurumlar, xüsusi ilə də həmişə ziyalılara diqqətlə yanaşan, təhsil sahəsinə öz humanist qayğısını əsirgəməyən, ölkəmizin birinci vitse – prezidenti Mehriban xanım Əliyeva məsələni diqqətdə saxlayacaq. Bu cür süründürməçi hallara yol verən, təhsil adına ləkə gətirən məmurlara qarşı lazımi tədbirlər görəcək”.

Ağdam rayonundan gələn şikayətlərdə iddia olunur ki, təhsil şöbəsinin müdiri Mətanət Misirxanova 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə məktəb direktorlarından 500 manat alıb.

Ağdam təhsili ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Qeyd: Fotoda gördüyünüz avtomobili  Ağdam rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanovanın Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin Ağdam üzrə əməkdaşı Məhəmməd Aslanova hədiyyə verdiyi iddia olunur.

 

Bənzər yazılar

Back to top button