Hadisə

Novruzda əfv sərəncamı olacaqmı? – Komissiya üzvündən açıqlama

“Cəmiyyətdə əfv gözləntilərinin olması təbidir və bunun bir neçə səbəbi var. Əvvəla, indiyə qədər verilən əfv sərəncamlarının çoxu Novruz Bayramı ərəfəsinə təsadüf edib. Sonuncu dəfə 2019-cu ildə Prezident İlham Əliyev 436 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad edib. Ötən il aprel ayının 7-də isə COVİD-19 pandemiyası ilə əlaqədər yaşı 65-dən yuxarı olan və müxtəlif daxili xroniki xəstəliklərdən əziyyət çəkən 175 nəfər azadlığa buraxıldı”.

Bu sözləri “AzPolitika.info”-ya açıqlamasında Əfv Məsələləri Dövlət Komissiyasının üzvü Əliməmməd Nuriyev Novruz Bayramı ərəfəsində əfv sərəncamının veriləcəyi barədə yayılan məlumatları şərh edərkən deyib. Onun sözlərinə görə, Komissiyanın katibliyi fasiləsiz olaraq çalışır və daxil olan müraciətlərin emalı ilə məşğul olur, başqa dövlət qurumlarının rəylərini toplayır.

“Gözləntilər təbiidir və onu stimullaşdıran səbəblərdən biri də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən Müharibəsində zəfər qazanmasıdır. Vətəndaşlarımızda belə bir gözlənti var ki, qələbə münasibəti ilə əfv sərəncamı verilə bilər. Mən də hesab edirəm ki, bu kontekstdə Novruz Bayramında əfvin verilməsi gündəmə gələ bilər”, – deyə Ə.Nuriyev vurğulayıb.

Komissiya üzvü bildirir ki, əfv sərəncamlarının verilməsi Prezidentin Konstitusiyadan irəli gələn müstəsna səlahiyyətidir. “Qanunvericilikdə bununla bağlı hər hansı şərt və ya vaxt yoxdur. Dövlət başçısı nə zaman qərara gəlsə, əfv sərəncamı da o zaman imzalana bilər”, – deyə Ə. Nuriyev qeyd edib.

Bənzər yazılar

Back to top button