Bizim seçimCəmiyyətManşetSiyasət

İlham Əliyev: “Mən ölkəmizi tərifləməklə məşğulam, bunu gizlətmirəm”

“Azərbaycanın ümumi iqtisadi inkişafı çox müsbətdir və uğurludur. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır. Ancaq etiraf etməliyik ki, bunun təməlində xam neft amili dayanır. Çünki Azərbaycan ən çox xam nefti İtaliya istiqamətinə göndərir və beləliklə, ticarət dövriyyəsi böyük rəqəmlərlə ölçülür. Biz isə istəyirik ki, bizim ticarət dövriyyəmiz çoxşaxəli olsun. Biz həm İtaliyaya daha çox qeyri-neft məhsulları ixrac edə bilək və İtaliyadan idxal edə bilək. Ona görə, biz gələcəkdə ticarət dövriyyəsinin şaxələndirilməsi məsələlərinə də mütləq baxmalıyıq”.

Qaynarinfo xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.

Dövlət başçısı İtaliya prezidentin Sercio Mattarellanın da iştirak etdiyi forumdakı çıxışında Azərbaycan iqtisadiyyatının inkişafından danışıb:

“Azərbaycan son 15 ildə iqtisadi baxımdan çox uğurla inkişaf edib. Son 15 ildə iqtisadiyyat, yəni, ümumi daxili məhsul 3,2 dəfə artıb. Hesab edirəm ki, bu, dünya miqyasında rekorddur. Hesab edirəm, bundan daha vacib məsələ odur ki, biz sosial məsələlərin həllində də yaxşı nəticələrə nail olmuşuq. Azərbaycanda işsizlik kəskin şəkildə aşağı düşüb və 5 faiz səviyyəsindədir. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə enib. Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir. Yəni, bütün bu göstəricilər göstərir ki, makroiqtisadi vəziyyət müsbətdir. Dünyanın aparıcı beynəlxalq qurumları da Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. O cümlədən Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerə layiq görüb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Digər hesablamalara görə, məsələn, həmin Davos Forumunun infrastrukturun inkişafı ilə bağlı hesabatında Azərbaycan dünyada 26-cı yerdədir. Son illərdə çox böyük infrastruktur layihələri icra edilib və inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir”.

İlham Əliyev enerji layihələri barədə də məlumat verib:

Bildiyiniz kimi, biz böyük enerji layihələrini uğurla icra etmişik. Biz dənizləri birləşdiririk. Xəzər dənizini Qara dənizlə neft kəməri ilə birləşdirdik. Ondan sonra Xəzər dənizini Aralıq dənizi ilə neft kəməri ilə birləşdirdik. Bunlar tarixi layihələrdir. Biz Avrasiyanın enerji xəritəsini demək olar ki, yenidən tərtib etmişik və buna davam edirik. Hazırda isə biz “Cənub Qaz Dəhlizi” layihəsini uğurla icra edirik. Bu barədə də qısa məlumat vermək istərdim. Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir. Nəhəng “Şahdəniz” qaz yatağının işlənilməsinin ikinci fazası – bu layihə başa çatıb. Cənubi Qafqaz Qaz Kəməri, hansı ki, Azərbaycan qazını Gürcüstan istiqamətinə göndərir. Trans-Anadolu qaz kəməri – TANAP, bu da Türkiyə ərazisindən çəkilən qaz kəməridir və Trans-Adriatik qaz kəməri – TAP. Bu dörd layihədən üçü artıq reallaşıb. Bu ilin may ayında Bakı şəhərində Cənub Qaz Dəhlizinin, iyun ayında isə Türkiyədə TANAP layihəsinin rəsmi açılışları olmuşdur. Maliyyə tutumu 40 milyard dollardan çox olan bu nəhəng layihə bir neçə ölkəni, bir çox şirkətləri birləşdirir. Bu layihə başa çatmaq üzrədir və dörd layihənin üçü müvəffəqiyyətlə başa çatdırılıb. Beləliklə, yaxın zamanlarda Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq”.

Nəqliyatla bağlı danışan prezident açıq dənizlərə çıxışımız olmasa da, Azərbaycanda beynəlxalq nəqliyyat və logistika mərkəzininin yaradıldığını bildirib:

“Coğrafi cəhətdən bizim açıq dənizlərə çıxışımız yoxdur. Ancaq buna baxmayaraq, biz Azərbaycanda beynəlxalq nəqliyyat və logistika mərkəzini yaradırıq. Bunun üçün məqsədyönlü, çoxşaxəli iş aparılıb. Son 15 il ərzində Azərbaycanda 6 beynəlxalq hava limanı yaradılıb. Azərbaycan daxilində dəmir yollarında təmir-bərpa işləri gedir. Xəzər hövzəsində ən böyük dəniz ticarət limanı bu ilin may ayında istifadəyə verilib. Onun hazırda yükaşırma qabiliyyəti 15 milyon ton, gələcəkdə isə 25 milyon ton olacaq.

Son 15 il ərzində 15 min kilometr magistral yollar çəkilib. Bütün qonşu ölkələrlə bizi çox gözəl yeni yollar bağlayır. Keçən ilin oktyabrında Azərbaycanı Türkiyə ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətə ən qısa yol Azərbaycan ərazisindən açılıb. Əgər ənənəvi dəniz yolu 30-35 gün tələb edirsə, yeni Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yüklər Asiyadan Avropaya cəmi iki həftə ərzində daşınır. Biz görürük ki, bu yolla yükdaşımalar gündən-günə artır və bu, çox etibarlı yeni bir nəqliyyat damarı olacaq.

Bununla paralel olaraq, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır, üzvüdür. Biz bu sahəyə də böyük vəsait qoyuruq. Şimal-Cənub nəqliyyat dəhlizi hazırda fəaliyyətdədir. Azərbaycan ərazisində lazım olan bütün infrastruktur yaradılır. İndi yüklər Azərbaycan ərazisindən rahatlıqla daşınır. Gələcəkdə qonşu ölkələrdə əlavə vəsait qoyuluşu nəticəsində bu yolun yükaşırma qabiliyyəti daha da artacaq.

Bütün bu infrastruktur imkan verir ki, Azərbaycana bundan sonra da böyük həcmdə sərmayə qoyulsun. Çünki neft-qaz sektoruna qoyulacaq sərmayə üçün bütün neft-qaz kəmərləri var və onun tikintisi davam edir. Yeni sənaye müəssisələri ilə bağlı investisiyalar üçün nəqliyyat imkanları çox genişdir. Onu da qeyd etməliyəm ki, Azərbaycanın Xəzər hövzəsində ən böyük ticarət donanması, gözəl investisiya iqlimi var. İndi 200-dən çox gəmi Xəzər sularında yükdaşımalar aparır.

Azərbaycan çox sabit ölkədir, həm siyasi, həm iqtisadi cəhətdən. Ona görə, mən hesab edirəm ki, sərmayə qoyuluşu üçün Azərbaycan çox gözəl ölkədir”.

“Əlbəttə, xarici qonaqlar hesab edə bilərlər ki, mən burada ölkəmizi tərifləməklə məşğulam. Mən bunu gizlətmirəm, edirəm və etməliyəm. Çünki hər bir dövlət başçısı çalışmalıdır ki, onun ölkəsini daha yaxından tanısınlar, daha çox vəsait qoysunlar. Ancaq bu tərif ədalətlidir. Mən tam həqiqəti qonaqlara çatdırıram və ümid edirəm ki, onlar mənim sözlərimdən sonra Azərbaycana daha da böyük həvəslə gələcəklər və işləyəcəklər” deyə dövlət başçısı əlavə edib.

Bənzər yazılar

Back to top button