İqtisadiyyat

17 gün əvvəl yaranan şirkət “Azərtac”ın 129 minlik tenderini uddu

Azərbaycan Dövlət İnformasiya Agentliyi (“Azərtac”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Azərtac”ın keçirdiyi tender müsabiqəsinin qalibi “Laderton 55” MMC (VÖEN – 1905697381) olub.

Qeyd edək ki, “Azərtac” dəftərxana və təsərüffat mallarının satınalınması üçün “Laderton 55” MMC-yə 128 min 996 manat ödəyəcək.

Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, “Azərtac” tender müsabiqəsini 3 avqust 2023-cü il tarixində elan edib. Qalib şirkət olan “Laderton 55” MMC isə tender elanından cəmi 17 gün əvvəl – 14 iyul 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Suraxanı rayonu, Q Yaşayış sahəsi (yeni günəşli), ev 4, m 18 ünvanında yerləşir. Qanuni təmsilçisi Cəfərov Natiq Allahverdi oğludur.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.

Tender müsabiqəsindən cəmi 17 gün əvvəl yaranan və barəsində açıq mənbələrdə heç bir məlumat olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.

Bənzər yazılar

Back to top button