Hadisə

Bələdiyyə sədrinin döydüyü adamlar polisdən narazıdır – 80 yaşlı kişinin gözünü qaraltdılar

Beyləqanda bələdiyyə sədri və qohumlarının döyüb, xəstəxanalıq etdiyi adamlar evə buraxllıb.

Bu barədə zərərçən Rafiq Əsgərxanov miq.az saytına açıqlamasında məlumat verib.

Qeyd edək ki, rayonun İmamverdilər kəndində baş verən davada bələdiyyə sədri və qohumları 10 kənd sakini döyüblər. Döyülənlər arasında Qarabağ əlili olan şəxslər də var.

Dava torpaq üstündə baş verib. Belə ki, zərərçənkənlər bələdiyyə sədrindən pay torpaqlarına gedib-gəlmək üçün yol tələb ediblər. Torpaq üstündə düşən mübahisəyə son qoymaq üçün əraziyə gələn təftiş komissiyası tərəfləri bir araya gətirib. Qarşıdurma da bu anda başlayıb.

Zərərçəkən Rasim Əliyev hadisənin necə baş verdiyini belə nəql edib: “Ədliyyənin işçisi gəldi, dedim ki, bizim işimiz burada deyil, sahədədir. Gəlin gedək sahəyə baxaq. Bizim otlaq sahələrimiz əkilib, öz pay torpaqlarımıza girməyə yol yoxdur. Dedi ki, mən sahəni yoxlamağa gəlməmişəm. Mən imzaları yoxlamağa gəlmişəm. Dedim ki, bizim sahələrimizə baxmayacaqsınızsa, şikayətimizlə maraqlanmayacaqsınızsa, niyə gəlmisiniz? Çıxanda Əfqan Bəşirovun qayınları, mühasib, İkram Tağıyev, Bəhramxan Abdullayev, Mübariiz Abdullayev, Anar Bəşirov bizi saldılar təpik-yumruğun altına. Regional idarənin nümayəndəsi gəldiyi maşına oturub getdi. Demədi ki, bunları niyə qırırsınız?”

Zərərçəkən Rafiq Əsgərxanov da baş verənlərə görə bələdiyyə sədrini ittiham edib: “Kəndin mal örüşünü bələdiyyə verib öz qohum-əqrəbalarına. Hamısı taxıl-yonca əkib, mal örüşünü şumlayıb ediblər pambıq sahəsi. Əkilməlidirsə, biz də pambıq əkirik. Bizdən alıb verir özününkülərə, belə allahsızlıq olar? Verib hamısını qohumuna, əqrəbasına. Bizi də döyən elə onlar olub. Mənim atamın 80 yaşı var, İkram Tağıyev gözünün altından vurub. Gözünün altını qapqara qaraldıb. 80 yaşında kişiyə əl qaldırarlar? Dayımı necə vurdularsa, yerdə qaldı, dedik ki, kişi öldü”.

Baş verən torpaq davası ilə bağlı Beyləqan rayon Polis İdarəsində təhqiqat aparılır. Lakin zərərçəkənlər polisin faktiki hec bir iş görmədiyini bildirirlər. Rafiq Əsgərxanov AzToday.az-a açıqlamasında bələdiyyə sədrinin himayə olunduğunu deyib:

Döyülmə faktı ilə bağlı AzToday.Az-a açıqlama verən II qrup Qarabağ əlili və prezident təqaüdçüsü olduğunu deyən Əliyev Vüqar Ədalət oğlu isə səhhətinin yaxşı olmadığını, “sizə heç nə olmayıb, yaxşısınız” – deyilərək xəstəxanadan çıxarıldıqlarını açıqlayıb. Təhqiqatçıya ifadə verdiyini deyən Vüqar Əliyev bildirib ki, bundan sonra istintaqa ifadə verməyə gedəcək. Zərərçəkmiş problemin davam etdiyini, pay torpağa getmək üçün hələ də yollarının olmadığını qeyd edib. Polisin və həkimlərin zərərçəkmişlərlə maraqlanmadığını bildirən Vüqar Əliyev bələdiyyə sədrinin himayə edildiyini vurğulayıb. O, himayədarın rayon icra başçısı olma ehtimalını da istisna etməyib.

Bənzər yazılar

Back to top button