Cəmiyyət

Talış jurnalının redaktoru “Sədərək” Ticarət Mərkəzində təzyiqlərdən gileylənir

Azərbaycan və talış dillərində dərc olunan “Aləm” jurnalının baş redaktoru, şair Vüqar Xəmati “Sədərək” ticarət mərkəzindəki mağazasının əsassız bağlandığını bildirib.

O hesab edir ki, bu, onun sosial şəbəkələrdə “Sədərək” TM-də oxucuların “Aləm” jurnalı ilə fotoşəkillərini yayması ilə bağlıdır.

O, Turan-ın müxbiri ilə söhbətində bildirib ki, fotoşəkillər fevralın 22-də çəkilib və elə həmin gün o, şəkilləri Facebook-da paylaşıb. Növbəti gün onun “Şirniyyat” sektorundakı mağazası guya icarə haqqını ödəməməsi bəhanəsi ilə bağlanıb. Qapıda bildiriş olmasına baxmayaraq, Xəmati mağazanı açıb və bir müddət sonra polis əməkdaşının və mühafizə xidməti əməkdaşlarının müşaiyəti ilə onu “Sədərək” TM-in administrasiyasına aparıblar.

O, borcu olmadığını sübut etdikdən sonra onu buraxıblar, amma bir neçə saat sonra TM-in hüquq şöbəsinə çağırıblar.

“Orada Azər adlı şöbə rəisi və daha bir neçə nəfər var idi. Onlar məni Fəxrəddin Abbasovla (Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarına görə barəsində axtarış elan olunub), Əlikram Hümmətovla (separatçı “Talış Muğan Respublikası”nı elan etdiyinə görə mühakimə edilib) əlaqələrim barədə dindiriblər. Həmin anda başa düşdüm ki, mağazanın bağlanması “Aləm” jurnalı ilə bağlıdır. Dedim ki, bu insanlarla heç bir əlaqəm yoxdur. Ümumiyyətlə onların baxışlarını pisləyirəm. Mən Azərbaycan dövlətçiliyinin, çoxmədəniyyətli Azərbaycanın tərəfdarıyam”, deyə Xətami bildirib.

Fevralın 24-də o, işi davam etdirib. Amma ayın 25-də o, yenidən hüquq şöbəsinə dəvət edilib.

“Bu dəfə çəkə guya sənədlərim qaydasında olmadığına və mağaza mənim adıma olmadığına görə irad bildiriblər. Notarius tərəfindən təsdiq edilmiş 2041-ci ilə qədər obyektdən istifadə üçün etibarnaməni gətirdikdə isə hüquq şöbəsinin müdiri məsələnin icarə ilə baglı olmadığına eyham edib. İşi davam etdirə bilməyim üçün yuxarıdan qərar lazımdır”, deyə Xəmati bildirib.

Xəmati qeyd edib ki, hələlik dövlət orqanlarına şikayət etməyib.

“Aləm” jurnalı 2016-cı ildən Xəmatinin şəxsi vəsaiti hesabına hər rübdə bir dəfə 200 nüsxə tirajla buraxılır.

Onun sözlərinə görə, jurnalda talış dili, mədəniyyəti, digər xalqların dilləri haqqımda materiallar dərc olunur. “Jurnalımız Azərbaycançılıq, ölkəmizin çoxmədəniyyətliliyi ideyalarına əsaslanır”, deyə Xəmati qeyd edib.

“Sədərək” Ticarət Mərkəzindən şərh almaq mümkün olmayıb. Bazarın Facebook səhifəsində verilmiş telefon nömrəsi işləmir.

Bənzər yazılar

Back to top button