Bizim seçimHadisəİqtisadiyyat

SOCAR-ın mətbuat xidməti riyaziyyat bilmir?

Xatırlayırsınızsa, 26.04.2018-ciil tarixində yeniavaz.com saytında “SOCAR-ın mətbuat xidməti insanlara niyə yalan məlumat verir?” başlıqlı yazı yayımlanmışdı (bu linkdən baxa bilərsiniz:

https://www.yeniavaz.com/NewsContent/ZNewsContent/74463/socar-in-matbuat-xidmati-insanlara-niya-yalan-malumat-verir—-fotofakt).

Həmin yazıda qeyd olunurdu ki, SOCAR-ın mətbuat xidmətinin neft hasilatının sabit qalması ilə bağlı açıqladığı məlumatla statistik rəqəmlər arasında uyğunluq olmayıb. Belə ki, SOCAR-ın rəsmi veb-saytında yerləşdirilən statistik göstəricilərdə bu ilin ilk rübü ərzində Şirkət tərəfindən 1 milyon 800 min ton neft hasil edildiyi göstərilsə də, verilən yazılı məlumatda bildirilib ki, neft hasilatı ötən ilin analoji dövrü ilə müqayisədə sabit qalıb. Halbuki eyni cədvəldə qeyd olunan statistik göstəricilərdə ötən ilin ilk rübü ərzində SOCAR tərəfindən 1 milyon 846,1 min ton neft hasil olunduğu göstərilib. Yeniavaz.com saytında yer alan bu yazıdan sonra SOCAR-ın rəsmi veb-saytında “1800” rəqəmi dəyişdirilərək “1833” ilə əvəz edildi (bu linkdən baxa bilərsiniz: https://www.yeniavaz.com/NewsContent/ZNewsContent/74703/socar-sahvini-duzaltdi–hasilat-gostaricilarini-dayisdilar ). Nəticədə SOCAR mətbuat xidmətinin “neft hasilatı sabit qalıb” açıqlaması az da olsa özünü doğrultdu.

Qeyd edək ki, SOCAR mətbuat xidmətinin 3 ay əvvəl verdiyi bu açıqlama ilk baxışdan texniki səhv ya da mətbuat xidmətinin hasilatın azaldığını gizlətmək üçün bilərəkdən yanlış məlumat verməsi kimi görünə bilərdi. Lakin, bu ilin ikinci rübü üçün açıqlanan növbəti məlumatda yer alan rəqəmlər onu göstərir ki, SOCAR-ın mətbuat xidmətində media üçün məlumat hazırlayan əməkdaşın orta məktəbin 6-cı sinif riyaziyyat dərsində öyrədilən “faiz” anlayışından məlumatı yoxdur.

Ötən həftə mətbuat xidməti tərəfindən açıqlanan məlumatda qeyd olunur ki, cari ilin ikinci rübündə SOCAR üzrə neft hasilatı 3,6% artaraq 1,9 milyon tona yüksəlib, qaz hasilatı isə 5,29% artaraq 1,66 milyard kub metrə çatıb.

SOCAR-ın rəsmi veb-saytında yerləşdirilən statistik göstəricilərə baxdığımız zaman açıq şəkildə görünür ki, neft və qaz hasilatı ilə bağlı yuxarıda qeyd olunan artım faizləri doğru göstərilməyib. Həmin statistik göstəricilərdə ötən ilin ikinci rübündə SOCAR tərəfindən 1 milyon 859,7 min ton neft, 1 milyard 492,2 milyon kub metr qaz hasil olunduğu qeyd olunub. Əgər, mətbuat xidmətinin dediyi kimi bu ilin ikinci rübündə neft hasilatı 1,9 milyon ton, qaz hasilatı 1,66 milyard kub metrə çatıbsa, o zaman artım mətbuat xidmətinin açıqladığı kimi neft hasilatında 3,6% deyil 2,1% (40,7 min ton fərq), qaz hasilatında isə 5,29% deyil 11,2% (167,8 milyon kub metr fərq) olacaq.

Onu da bildirək ki, neft və qaz hasilatındakı artım ilə bağlı yanlış hesablama təkcə SOCAR-ın göstəriciləri ilə bağlı olmayıb. Mətbuat xidməti tərəfindən açıqlanan məlumatda qeyd olunub ki, ölkə üzrə 2018-ci ilin altı ayı ərzində ümumilikdə 19,38 milyon ton neft, 14,36 milyard kub metr qaz hasil edilib və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 1,2%, qaz hasilatında isə 3,1% artım təşkil edib.

SOCAR-ın rəsmi veb-saytında yerləşdirilən statistik göstəricilərdə isə qeyd olunur ki, 2017-ci ilin ilk altı ayında ölkə üzrə 19 milyon 160,5 min ton neft, 14 milyard 131,8 milyon kub metr qaz hasil olunub. Əgər, mətbuat xidmətinin dediyi kimi bu ilin altı ayı ərzində 14,36 milyard kub metr qaz hasil edilibsə, onda artım mətbuat xidmətinin açıqladığı kimi qaz hasilatında 3,1% deyil 1,6% (228,2 milyon kub metr fərq) olacaq. Məlumatda yalnız neft hasilatı ilə bağlı açılqlanan artım faizi -1,2% doğrudur.

Mətbuat xidmətinin açıqladığı məlumatda maraqlı məqamlardan biri də eyni cümlədə artımları həm sözlə (“faiz”), həm də simvolla (“%”) qeyd edilməsidir ki, bunun da hansı səbəbdən belə edildiyi barədə əlavə məlumat verilməyib.

Bənzər yazılar

Back to top button