Cəmiyyət

Kamran Əsədov İtaliyada təhsil almaq istəyənlərə detalları açıqladı

“Azərbaycan-İtaliya arasında tələbə mübadiləsi ölkəmizin ali təhsil sisteminin inkişafında mühüm irəliləyiş olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Prezident İlham Əliyevin İtaliya səfərini şərh edərkən deyib. O vurğulayıb ki, azərbaycanlı gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaları, onların müstəqil Azərbaycanın inkişafındaq güclü amilə çevrilmələri üçün vahid mərkəzdən koordinasiya olmalıdır:

“Xarici ölkələrdə təhsil sahəsində mövcud olan pərakəndəlik göstərir ki, ölkənin gələcək inkişaf strategiyası baxımından xaricdə təhsillə bağlı xüsusi proqramın və bütün formalarda xarici ölkələrdə təhsil almağa gedənlərə nəzarətin həyata keçirilməsinə zərurət yaranıb. Xarici ölkələrin nüfuzlu ali məktəblərində azərbaycanlı gənclərin təhsil almaları və onların müstəqil Azərbaycanın inkişafında güclü amilə çevrilmələri üçün vahid mərkəzdən kordinasiya olmalı, eyni zamanda gəncləri daha çox ehtiyac duyulan ixtisaslar üzrə nüfuzlu ölkələrə yönəltmək lazımdır. Bu ölkələrdən biri də İtaliyadır. İtaliyada təhsil almağı arzulayanlar bilməlidir ki, 2019-cu ildə QS Dünya Universitetlərinin reytinq cədvəlinə görə, İtaliyanın 7 universiteti yüksək yerdə olub. İtaliyada ali təhsil almaq istəyən tələbələr həm italiyan, həm də ingilis dilində bu şansı əldə edə bilərlər. Tibb və memarlıq kimi fakültələr üçün İtaliya Təhsil Nazirliyi tərəfindən keçirilən müəyyən bir imtahandan keçmək şərti olmasına rəğmən, mühəndislik, dizayn və biznes sahələrində olan qəbul şərtləri universitetdən asılı olaraq dəyişməkdədir. İtaliya dövlətinin ali təhsil sistemini əsasən universitetlər təşkil edir. İtaliyada dövlət universitetləri ilə yanaşı özəl universitetlər də mövcuddur. Bu universitetlərdə təqribən 1.5 milyona yaxın tələbə təhsil alır və 60.000-dən çox professor dərs deyir. Yalnız paytaxt Romada 5 universitet var ki, ən böyüyü “La Sapienza”dır. Burada hazırda 200 minə yaxın tələbə təhsil alır. İtaliyada dərs ili 2 semestrdən ibarətdir. 1-ci semestr sentyabr-oktyabr aylarında, 2-ci semestr isə fevral-mart aylarında başlayır. Dünyada rəqabətə davamlı, keyfiyyətli və yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanı kimi tanınan İtaliya universitetlərinin 70 faizi dövlət statusundadır”.

Kamran Əsədov qeyd edib ki, İtaliya universitetlərində kənd təsərrüfatı, arxitektura, iqtisadiyyat, əczaçılıq, hüquq, mühəndislik, humanitar fənlər, müasir dillər, təhsil, biotəbabət, tibb, baytarlıq, təbiət elmləri, fizika, riyaziyyat və siyasi elmlər üzrə bakalavr, magistr və doktor dərəcəli mütəxəssislər yetişdirilir:

“İtaliyada universitet sistemi 3 akademik mərhələdən ibarətdir: 1 – Bakalavr, 2 – Magistr, 3 – Phd. İtaliyada bakalavr pilləsi üzrə təhsil almaq istəyənlər 12 illik təhsil sənədi təqdim etməlidirlər. Yəni, 11 illik orta məktəb və ən azı 1 illik kollec və ya bakalavr pilləsi üzrə təhsil alanlar İtaliyaya bakalavr təhsili üçün müraciət edə bilər. Magistr üçün tələblər İtaliyada magistr pilləsi üzrə təqaüdlə təhsil almaq istəyənlər yalnız 2 illik proqrama qəbul olduqda müraciət edə bilərlər. 1 illik magistr təhsili üçün İtaliya dövlətinin təqaüdü verilmir. Bütün bunlar onu göstərir ki, İtaliya təhsil strukturuna görə, Azərbaycana çox yaxındır. Ona görə də düşünürəm ki, Azərbaycan-İtaliya arasında tələbə mübadiləsi ölkəmizin ali təhsil sisteminin inkişafına, eyin zamanda əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının həyata keçirilməsi sahəsində mühüm irəliləyiş olacaq”.

Bənzər yazılar

Back to top button