Cəmiyyət

“Baku Busıness Factory” kovörker mərkəzi üçün yeni layihələrin qəbuluna start verdi

Hazırda Kovörker Mərkəzdə bir neçə tanınmış layihənin icrasına yer verilib

“Baku Business Factory” (BBF) Biznes İnkubasiya Mərkəzi Kovörker Mərkəzində boşalan yerlər üçün layihələrin 3-cü qəbuluna start verib.
AzToday.Az xəbər verir ki, BBF-in Kovörkinq Mərkəzi müxtəlif sektorlardan olan sərbəst işçilər üçün hər cür ofis şəraitinə malik yerlər təklif edir. Startaplar və frilanserlər mərkəzə üzv ola bilərlər. Startaplar üçün yerlər tək və ya maksimum 3 nəfərlik qruplar üçün nəzərdə tutulub.

BBF-də layihələr üzrə işləməyə başlayanlar ofisin bütün imkanlarından: iş masası, hüquqi ünvan, resepşn xidmətləri, şəhər telefonu, internet, printer, skaner, iclas otaqları, oyun zalı və mətbəxdən tamamilə ödənişsiz istifadə edirlər. Onlar, həmçinin BBF tərəfindən təşkil olunan təlimlərdə də iştirak edə bilirlər.

Hazırda Kovörker Mərkəzdə bir neçə tanınmış layihənin icrasına yer verilib və insanlar bizneslərini qurmaq istiqamətində çalışırlar.

Kovörkinq Mərkəzinə üzv olmaq üçün BBF-in rəsmi saytında (www.bbf.az) “BİZƏ QOŞULUN” adlı anketi doldurmaqla müraciət göndərə bilərsiniz. Ərizəniz BBF-in İdarə Heyəti tərəfindən nəzərdən keçirildikdən sonra uyğun hesab edilərsə, yalnız seçilən layihələrin rəhbərləri ilə əlaqə saxlanılacaq.

Seçimdə ən çox diqqət yetirilən məqamlar bunlardır: açıq iş sahəsində digərləri ilə birlikdə icra olunacaq layihələr və işləyə biləcək şəxslər, dəqiq müəyyən edilmiş müştəri ehtiyaclarını qarşılayan təkfunksiyalı layihələr (çoxfunksiyalı layihələr qəbul edilmir), müştəri ehtiyaclarının qarşılanmasında fayda-qazanc mexanizmi ilə işləyən yenilikçi layihələr və ya şəxslər.

Seçilən layihələrdən heç bir maddi qarşılıq tələb etməyən BBF-in yeganə gözləntisi onların öz bizneslərini inkişaf etdirərək irəli getməsi və qlobal bazarda rəqabət aparan şirkətlərdən birinə çevrilməsidir.

Ərizə qəbulunun bitmə tarixi 2017-ci il iyunun 20-dən dekabr ayına qədərdir.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Daha ətraflı məlumat üçün BBF-in rəsmi saytına (www.bbf.az) daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Bənzər yazılar

Back to top button