Siyasət

2025-ci ildə rusiyalı sülhməramlılar Qarabağı tərk edəcəklərmi?

2025-ci ildə rusiyalı sülhməramlıların Qarabağdan gedəcəklərilə bağlı Türkiyə prezidentinin Vilnüsdə NATO sammitində verdiyi səy-küylü bəyanata Moskvadan cavab reaksiyası gəlmədi. Bunu sensasiya hesab etmək olar, çünki Ərdoğan faktiki olaraq Moskvaya işarə etdi ki, o, bunu etməyə borcludur, halbuki, heç kim Türkiyə prezidentinə belə səlahiyyət verməyib, Moskva isə dilini udmuş kimi isusdu.

Əslində hər şey o qədər də sadə deyil. Ərdoğan kifayət qədər təcrübəli siyasətçidir və düşüncəsiz hərəkət etməzdi. Bu bəyanatın Bakı ilə razılaşdırıldığına şübhə yoxdur. Ərdoğan başa düşür ki, NATO ölkələri liderlərinin iştirak etdiyi ortamda belə bəyanat onun mövqeyini möhkəmləndirir və Qərbin dəstəyinə səbəb olur.

Faktiki olaraq Ərdoğan Moskvaya açıq təzyiq göstərir, Ankaranın (Bakının) mövqeyilə hesablaşmağı tələb edir, sülhməramlılardan narazı olduqlarına və onlarla hesablaşmayacaqlarına işarə edir. Bunun baş verməməsi üçün Moskva etiraf etməlidir ki, Azərbaycan və Türkiyə artıq qərar qəbul ediblər və 2025-ci ildə sülhməramlıların statusunun və səlahiyyətlərinin minimuma endirilməsinə hazırlaşırlar. Əgər Moskva bunu istəmirsə, mühüm güzəştlərə getməlidir. Əgər Ərdoğanın (Əliyevin) məqsədi məhz budursa, sual yaranır: Moskva nədə güzəştə getməlidir?

Məlum olduğu kimi, Azərbaycan Qarabağda Rusiya sülhməramlı kontingentinin mandatını imzalamayıb. Bu o deməkdir ki, başqa bir ölkənin Silahlı Qüvvələri heç bir hüquqi əsaslandırma olmadan Azərbaycan ərazisində yerləşir. 2020-ci ildən, Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsindən bəri sülhməramlıların hərəkətləri tərəflərin razılığı əsasında, yəni centlmen razılaşması ilə tənzimlənir.

Ruslar bu razılaşmaları özlərinə məxsus şəkildə yozmağa çalışırlar ki, bu da Bakıya onları öz səlahiyyətlərini yerinə yetirməməkdə və ya onu aşmaqda ittiham etməyə əsas verir.

Bu sxem Bakıya sərfəlidir və bu vəziyyətdən maksimum istifadə edəcək. Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına yarım il qalmış Bakı onların çıxarılmasını tələb edir, müxtəlif dəlillər, çoxsaylı pozuntu faktlarını göstərir. Lakin Qarabağ ermənilərlə bağlı məsələ həll olunmayana qədər sülhməramlıların tam gedişi Bakı üçün sərfəli deyil və bunun ciddi səbəbləri var. İlk növbədə bu, sülhün qorunması və ermənilərin təhlükəsizliyinin təmin edilməsi üçün ABŞ və digər Qərb ölkələrinin bölgəyə öz qüvvələrini yeritmək istədiyi vaxtda sülhməramlı missiyanın beynəlmiləlləşməsi təhlükəsidir. Bu proses Bakıya çox güclü təzyiqlə müşayiət olunacaq və “incik” Moskva dəstək verməyi dayandıracaq.

Belə vəziyyətdə Qarabağ ermənilərinə güc təzyiqi Qərbin qətiyyətli hərəkətlərinə, o cümlədən siyasi və iqtisadi sanksiyalara səbəb olacaq ki, bu da danışıq meydançalarında Bakının mövqeyini ciddi zəiflədəcək. Üstəlik, Moskva neytrallıqdan əl çəkəcək və Azərbaycanı tənqid edən digər böyük gücə çevriləcək.

İlham Əliyev emosional siyasətçidir, onun kəskin bəyanatları çox zaman xarici tərəfdaşları dalana dirəyir və qorxudur. Lakin o, hadisələrin bu cür inkişafına yol verməmək üçün kifayət qədər ehtiyatlıdır.

Çox güman ki, Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının vacibliyinin elan edilməsi ərəfəsində və ya dərhal sonra Moskvaya sülhməramlıların statusunu tənzimləyən yeni sənədin imzalanması təklif ediləcək. Rusiya sülhməramlı kontingentinin səlahiyyətləri və hüquqları kəskin şəkildə məhdudlaşdırılacaq, onlar məsələlərin əksəriyyətini Bakı ilə razılaşdırmalı olacaqlar və onların əsas vəzifəsi ermənilərin yaşayış məntəqələrində asayişin bərqərarı olacaq.

Bundan əlavə, onlar Qarabağ Silahlı Qüvvələrinin tərksilah edilməsində iştirak və buna kömək etməli, öz separatçı təzahürləri barədə Azərbaycana məlumat verməli və öz humanitar missiyalarını kəskin şəkildə məhdudlaşdırmalı olacaqlar.

Nəhayət, əgər Bakı hesab edərsə ki, sülhməramlılar qalma şərtlərini pozmurlar, o zaman Rusiya sülhməramlı kontingentinin Qarabağda qalma müddəti uzatma hüququ ilə bir illə məhdudlaşdırılacaq.

Eyni zamanda, bütün bunlar ancaq o halda mümkün olacaq ki, 2025-ci ilə qədər Azərbaycan Qarabağda qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi üçün güc əməliyyatı aparmasın.

Belə əməliyyat ermənilərin kütləvi gedişinə və separatçı liderlərin həbsinə səbəb ola bilər. Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olan dinc əhali Rusiya sülhməramlı kontingentinin qoruması altında olacaq.

Bu cür ssenari həm Bakı, həm də Moskvanı qane edir və tərəflərin bu planları bağlı qapılar arxasında müzakirə etdiyi istisna olunmur.

Yerevanın ehtimal olunan narazılığına və sülhməramlıların yeni mandatının qəbuluna qarşı çıxmaq cəhdlərinə gəlincə, erməni tərəfinin istəyinə məhəl qoyulmayacaq, Bakı və Moskva ikitərəfli sənəd imzalayacaqlar.

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda mümkün və gözlənilən güc əməliyyatına gəlincə, bu barədə növbəti materialda.

Şahin Hacıyev

Turan.az

Bənzər yazılar

Back to top button