Afrikada öldürülən Orxan Camalla bağlı ilkin ekspertiza rəyi açıqlandı

Print Friendly, PDF & Email

Afrikada öldürülən rusiyalı jurnalistlər Orxan Camal, Kirill Radçenko və Aleksandr Rastorquyevin cəsədində işgəncə izlərinə rast gəlinməyib.

Qaynarinfo kommersant.ru-ya istinadən xəbər verir ki, bunu mətbuata açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Səfirlik nümayəndələrimizdən aldığımız məlumata görə, Afrikada öldürülən rusiyalı jurnalistlərin cəsədləri üzərində yerli həkimlər tərəfindən aparılan ilkin müayinə zamanı heç bir işgəncə izlərinə rast gəlinməyib. Sadəcə güllə yaraları var”, – deyə o, bildirib.

Xatırladaq ki, “Palmares Centrafrique” nəşri jurnalistlərin Nurəddin Adəmin başçılıq etdiyi “Seleka” terror qruplaşması tərəfindən qaçırılaraq dindirildiklərini yazmışdı.

Qəzadan sağ çıxan rusiyalı sürücünün sözlərinə görə isə, onların avtomobili mühasirəyə alınıb ve atəşə tutulub. Jurnalistlər isə açılan atəş nəticəsində hadisə yerində ölüblər.

Məlumata görə, onlar “Vaqner” hərbi şirkəti haqqında sənədli film üzərində işləyirmişlər. Jurnalistlərin nəşi həftə sonu Rusiyaya göndəriləcək.

Qeyd edək ki, öldürülənlər arasında əslən azərbaycanlı olan jurnalist Orxan Camal da var. O, məşhur filosof, azərbaycanlı politoloq, yazıçı-şair Heydər Camalın oğludur.