Kooperasiya Universitetində özbaşınalıq: Əmək Müfəttişliyi Eldar Quliyevdən çəkinir…

Print Friendly, PDF & Email

Kooperasiya Universitetinin rəhbərliyi əmək hüquqlarına əməl etməyətrək analıq məzuniyyətinə çıxmış Günel Babayevanı işə bərpa etməyib.

Babayeva Günel Sərdar qızı üzləşdiyi özbaşınalıqla bağlı yazır ki, 2011-ci ilin oktyabr ayından Azərbaycan Kooperasiya Universitetində kargüzarlıq işləri üzrə mütəxəssis (rektorluqda mövcud olan iki mütəxəssis ştatından biri) vəzifəsində (tam ştat) çalışıb:

“Qeyd edim ki, yeni rəhbərliyin gəlişi ilə universitetdə struktur quruculuğu aparılmış və həmin vəzifə yeni təsis edilmiş, mən də həmin vəzifənin ilk icraçısı olmuşam. 2013-cü ilin sentyabr ayından etibarən tam ştat işi ilə yanaşı mənə 0,5 ştat müəllimlik (tərcümə kafedrasında) də verilmişdir. 2014-cü ildə öz müraciətim əsasında kargüzarlıq işləri üzrə mütəxəssis vəzifəsindən mədəni-maarif işləri üzrə mütəxəssis (bu vəzifə də rektorluqdadır) vəzifəsinə keçirilmişəm. 2015-ci ilin oktyabr ayında dekretə, dekabr ayında isə analıq məzuniyyətinə çıxmışam. Yerimə gələn xanım xarici dil kafedrasından (laborant vəzifəsində çalışır) əvəzə (ərizəsində əvəzçiliklə yazılıb) gətirilib. Lakin, mənim işə qayıtmağıma süni əngəllər yaradılır. İlk dəfə 2017-ci ilin iyun ayında işə qayıtmaq üçün rektorun müşaviri Qara Allahverdiyevə müraciət etdim. Lakin, Qara m. vəziyyətin yaxşı olmadığını və onlara biraz zaman lazım olduğunu dedi. İkinci dəfə, 2018-ci ilin yanvar ayında (20 yanvar faciəsi günü) Qara m. tərəfindən universitetə dəvət olundum və müşavir mənim təcili işə çıxmalı olduğumu bildirdi. Mən də ərizəni verib hazırlaşdım. Lakin işə çıxmaq istəyəndə yenə Qara m. bildirdi ki, rektor (Eldar Quliyev – millət vəkili) deyir yenə gözləsin, iyul ayında gələr və bu dəfə dəqiq işə götürəcəyik. Mən yenə məsələni böyütmək istəmədim. Düşündüm ki, nəticədə uzun müddət çalışdığım iş yeridir və bəlkə bir neçə ay səbr etməklə məsələni sülh yolu ilə həll edə bilərim.
Lakin, iyul ayının 2-si işə çıxanda müşavir (Qara Allahverdiyev) məni daha sərt tərzdə (əslində kobudluq etmədi, əvvəllər şirin dillə yola salırdı, bu dəfə konkret yox dedi) yola saldı. İddia isə belə oldu: “Biz xanımı sizin yerinizə işə götürmüşük. Eldar müəllim deyir Günel (mən) sentyabrda gələr işinə baxarıq. Onu işə götürəcəyik amma nə vaxt və hara (hansı şöbəyə) buna biz qərar veririk. Uşağınızın 3 yaşı dekabr ayında tamam olur və yalnız bundan sonra qayıda bilərsiniz, buna görə işə qəbul edib etməyəcəyimizə biz qərar veririk, işçinin nəsə tələb etmək hüququ yoxdur. Məsələ burada bağlandı, gedə bilərsiniz.” Dedim, müəllim, mən sizi qanuna hörmət etməyə və “burda mənəm bağdadda kor xəlifə” prinsipindən əl çəkməyə dəvət edirəm. Eyni zamanda, siz kreslonuzda rahat oturasınız deyə Qarabağda can qoyub, ailəsini başsız buraxan insanın övladının hüquqlarını tapdaladığınızı unutmayın. Qara m. isə təkidlə bildirdi ki, bu müəssisənin yiyəsi var və tələbi budur. Qeyd etdim ki, Qara müəllim, ölkənin rəhbəri və qanunları var. Dedi gedin nə bacarırsınız edin, rektorun son qərarı budur. Mən də ərizəmi müşavirin masasına qoyub otaqdan çıxdım və sosial müdafiə nazirliyinin qaynar xətt mərkəzinə zəng vuraraq operatora şikayətimi bildirdim”.

Əmək Müfəttişliyi Eldar Quliyevdən niyə çəkinir?

“Daha sonra 14.07.2018 tarixində “Azərpoçt”un Sumqayıt filialı vasitəsilə universitetə xəbərnaməli rəsmi məktubla müraciət etdim.
Bir neçə gün öncə Nərimanov rayonu 2 saylı əmək müfəttişliyinin müfəttişi Elşən Əliyev həyat yoldaşıma zəng vurub niyə dəvət əsasında müfəttişliyə getmədiyimizi soruşdu. Yoldaşım isə əvvəla müfəttişliyə getmək kimi borcumuzun olmadığını və qaynar xəttə edilmiş müraciətimizin rəsmi şəkildə qeydiyyata alındığını qeyd etdi. İkincisi də, ümumiyyətlə bizə məktub göndərilmədiyini vurğuladı. Poçtdan soruşduq, dedilər göndərilsəydi gələrdi, göndərilməyib. Lakin, məhkəmədə əksimizə hər hansı bəhanə olmasını istəmədiyimə görə müfəttişliyə getdim. Əvvəlcə, müfəttiş işi sülhə bağlamağa çalışdı. Hətta, bir məqamda bizi qorxutmağa (şikayət etdiyimiz tərəfi gözümüzdə böyütməyə) də çalışdı. Dedi ki, Eldar Quliyevin oğlu Mehriban Əliyevanın işçisidir (?!) Lakin, bunun mənim üçün, ümumiyyətlə Azərbaycan vətəndaşı üçün heç bir fərqinin olmadığını bildirəndə müfəttiş metodu dəyişdi. Dedi biz universiteti cərimələyə bilərik, lakin cərimə tətbiq edilərsə iş məhkəməyə gedəcək və məni işdən çıxaracaqlar. Mən isə əvvəla istədikləri vaxt istədikləri şəkildə işdən çıxara bilməyəcəklərini, ikincisi isə ora iş üçün yalvarmağa deyil, mənə qarşı edilən hörmətsizliyin və hüquq pozuntusunun cəzalandırılmasını tələb etmək üçün getdiyimi vurğuladım. Eyni zamanda, məhkəmə prosesinə şəxsi vəkilimlə (məsələnin ciddiliyini anlaması üçün) və ölkənin hüquq müdafiəçiləri ilə girişəcəyimi qeyd edəndə biraz çəkindi və başladı işin xeyrinə davranmağa. İlk olaraq, məndən izahat yazmağı və baş verən bütün hadisələri ümumi də olsa qeyd etməyi xahiş etdi. Daha sonra mən müfəttişdən iyul ayının 2-si müraciət etdiyimizi nəzərə alaraq ən geci avqust ayının birinci həftəsi rəsmi cavab istədiyimi qeyd etdim.
Qısası bildirdim ki, məqsəd işə bərpa olunmaq deyil, hüququmu pozanları törətdikləri əmələ görə cəzalandırmaqdır. Müfəttiş şikayətimlə bağlı rəisə məruzə etmədiyini bildirdi (zənnimcə barışığa nail olacağına əmin idi), mən isə dərhal rəisə məruzə etməyi və hüquqi mexanizmləri işə salmağı tələb etdim”.

Sənədlər saxtalaşdırılır…

İşin ən vacib olan tərəfi bundan sonra məlum oldu. Müfəttiş bildirdi ki, əslində universitet vergidən yayınmaq üçün mənim tam ştat (mədəni-maarif işləri üzrə mütəxəssis) vəzifəmi sosial müdafiə nazirliyinin (DSMF) sisteminə işləməyib, yalnız 0,5 ştat müəllimlik, onu da əvəzçiliklə qeyd ediblər. Yəni, nəinki əmək hüquqlarımı tapdalayıblar, eyni zamanda 7 illik karyeramı havaya sovurub və 7 illik pensiya balansımı yeyiblər. Əmək kitabçamda mütəxəssis vəzifəsi yazılıb, müəllimlik yoxdur (işlədiyim vaxtlarda kitabçaya 0.5 ştat müəllimliyi daxil etməyi tələb etmişdim, lakin kadrlar şöbəsinin müdiri Aqiyə Mövsümova bildirdi ki, yarımştat kitabçaya yazılmır), sistemdə isə əksinə yarımştat müəllimlik var, tam ştat vəzifə yoxdur. Yəni, sistemlə kitabça bir-birinin tam əksinədir.
25.07.18 tarixində universitetə ünvanladığımız 02.07.18 tarixli məktubumuza cavab verilib ki, universitetdə yay tətili (yay tətili müəllimlərə və tələbələrə aiddir, inzibati heyət cəmi 30 gün qanunvericiliklə nəzərdə tutulan müddətə məzuniyyətdə olur – ən azından 5 il bu formada məzuniyyətə çıxmışam, yəni yayın 2 ayını işləmişəm) olduğu üçün və analıq məzuniyyətində olduğumu nəzərə alaraq işə geri çağırılmağım məqsədəuyğun hesab olunmur, növbəti tədris ilində işimə baxıla bilər. Məktubda işə bərpadan söhbət getmir, ərizənin baxılma tarixinin ertələndiyindən söhbət gedir.

Hazırda müfəttişliyin cavabını gözləyirəm və məhkəmə qaydasında prosesə davam etməyi planlaşdırıram”.

Kooperasiya Universiteti və Əmək Müfəttişliyindən münasibət öyrənmək mümkün olmayıb.

Murad Əhmədov

AzToday.az