AnalitikaManşetSiyasət

Rusiyada hakimiyyət dəyişikliyinin mümkün senariləri (ŞƏRH)

Ukraynanın, Azərbaycanın və o cümlədən də Rusiya müxalifət mətbuatında Putinin sonunun çatdığı haqda iddialar son günlər daha da artmaqdadır. Bir sıra hallarda belə məlumatlar müəyyən obyektiv təhlillərə söykənsə də, amma bəzən də arzu olunanların reallıq kimi təqdim edilməsi təəssüratı bağışlayır.

Bəs əslində Rusiya prezidentinin siyasi mövqeyi necədir? Həqiqətənmi Putin tezliklə siyasi arenadan gedəcək? Bu suallara cavab axtarmazdan əvvəl qeyd etmək lazımdır ki, əslində belə iddiaların gündəmdə yer alması səbəbsiz deyil, çünki müharibə heç bir ölkədə son nəticədə daxili siyasətə təsirsiz ötüşmür.

Müharibə gözləntilərə və vədlərə rəğmən uğursuz olduqda isə onun daxili siyasi çıxarları daha da ağır olur. Bu gün Rusiyada baş verən də budur. Ukraynaya qarşı mənasız və əsassız müharibə başlatmaqla Rusiya hakimiyyəti ilk növbədə öz ölkəsindəki çoxsaylı dərin problemlərin üzə çıxmasına şərait yaratdı.

Əslində həmin problemlər az və ya çox hər kəsə, ilk növbədə də Putin hakimiyyətinin özünə bəlli idi, amma müharibəni başlatmağın məqsədlərindən biri də elə məhz həmin problemləri arxa plana keçirmək idi. Amma yetişməkdə olan daxili böhranı müharibə (xarici düşmən) amili ilə pərdələmək hər zaman uğurlu olmaya bilər.

Rusiyada da belə oldu. Müharibə ilk növbədə Rusiya ordusunun qüdrəti, onun müasir silahlarının gücü haqda mövcud olan mifləri dağıtdı. Bu da azmış kimi, ölkənin təkcə hərbi deyil, həm də nə iqtisadi, nə siyasi, nə də ideoloji baxımdan müharibəyə hazır olmadığı bütün çılpaqlığı ilə üzə çıxdı.

Amma ən təhlükəlisi o, Rusiyada indiyədək pərdəarxası gedən hakimiyyət uğrunda mübarizəni kəskinləşdirdi. Ukraynaya hücuma bütün siyasi kapitalını investisiya edən Putin onu qısa zamanda səmərəsiz xərcləmiş oldu. Maraqlıdir ki, istər müxlif Rusiya, istərsə də dünya mətbuatında Ukraynaya qarşı hərbi cinayətlərdə ittiham olunan prezident Putindir.

Maraqlıdır, amma təəccüblü deyil, əksinə, gözlənilən idi. Ona görə ki, hələ Ukraynaya qarşı hərbi təcavüzdən bir müddət əvvəl Rusiyanın Hərbi-Sənaye Kompleksinə (HSK) bağlı analitik və informasiya dairələri hələ başladılmamış müharibədən məsafələşdilər. Putin isə ona görə məsuliyyəti öz üzərinə götürmüş oldu.

Müharibənin ilk günlərindən onun görünən əlamətlərindən biri də sabotaj elementləri idi. Görünür, elə buna görə də Rusiya prezidenti Ukraynaya qarşı hərbi əməliyyatlara rəhbərlik edən komandanları dəfələrlə dəyişməli oldu. Amma nə bu, nə də ona sadiq olan “Rosqvardiya” və “Vaqner” özəl hərbi şirkətinin döyüşlərə cəlb edilməsi vəziyyəti dəyişmədi.

Bu da öz növbəsində Kreml uğrunda hakimiyyətdaxili mübarizəni bir qədər də dərinləşdirməklə yanaşı, həm də onu üzə çıxardı. İndi onun konturları aydın görünməkdədir. Hələlik çox da görünməyən Rusiya Silahlı Qüvvələri Baş Qərargahı başda olmaqla ölkənin HSK-nin Putinin KGB-FSB oliqarxiyasına qarşı çıxması heç kəs üçün sirr deyil.

Məlum olan həm də budur ki, hərbçilərin ölkədə hakimiyyəti ələ keçirmək üçün mümkün iki yolu var: (çox az ehtimalla) saray çevrilişi və (daha yüksək ehtimalla) hərbi çevriliş. Tərəflər arasında gərginlik artan xətt üzrə getsə də hərbçilərin göstərilən iki ssenaridən hərhansı birinə hazır olduqlarını demək çətindir.
Bunun da əsas səbəblərindən biri onların ictimai-siyasi institutlar arasında dayaqlarının zəif olmasıdır. Putini öz hakimiyyətinin dekorasiyası kimi saxlamaqda və lazım gəldikdə də dəyişməkdə maraqlı olan KGB-FSB oliqarxiyası isə hələlik onu qorumaqda israrlıdır, çünki Putinin istənilən şəkildə siyasi iflası həm də ümumilikdə komandanın iflası demək olacaq.

Elə həmin səbəbdən komanda da müharibəyə, hərbi uğursuzluğa və Ukrayna əhalsinə qarşı törədilən cinayətlərə görə məsuliyyətin Putinin üzərinə qoyulmasına müqavimət göstərmir. Digər tərəfdən də Putin komandası hərbçilərin mümkün qədər zəiflədilməsinə çalışır və bu istiqamətdə addımlar atmaqdadır.

Belə sinxron addımlar nüfuzdan düşmüş, hərbi cinayətkar kimi tanınmaqla üzləşən Putini öz KGB-FSB komandasından daha da asılı vəziyyətə salmaqla yanaşı, həm də onlara opponent olan hərbçilərin mövqelərini zəiflətməyə hesablanıb. Odur ki, indiki şəraitda zaman Putin oliqarxiyasının xeyrinə, hərbçilərin isə əleyhinə işləyir.
Burdan isə belə nəticə çıxır ki, Rusiyada əsaslı siyasi dəyişiklik yalnız hərbi çevriliş olacağı halda mümkündür. Onun indikindən pis və ya yaxşı nəticələr verəcəyi isə müzakirə predmeti deyil, çünki kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq yaxın azı on ildə Rusiyada müsbətə doğru heç bir irəliləyiş mümkün deyil.

Nəhayət, hərbçilər üçün faktiki əlçatmaz olan saray çevrilişi ssenarisi isə yalnız Putin komandasının özü tərəfindən mümkün ola bilər. Amma yuxarıda qeyd olunduğu kimi bu, yalnız hərbçilərin zəiflədilməsindən və onların siyasi hakimiyyətə iddialarının aradan qaldırılmasından sonra həyata keçirilə bilər.

Deməli, yaxın zamanlarda Rusiyada baş verə biləcək siyasi dəyişikliklər hərbçilərdən, sonrakı mərhələdə isə Putinin öz KGB-FSB oliqarxiyası tərəfindən həyata keçirilə bilər. Amma hər iki halda bu, məzmun dəyişikliyindən daha çox dekorativ dəyişiklik olacaq. Başqa sözlə, Rusiyanın demokratikləşməsi demək olmayacaq.

Ona görə də “Azərbaycanda siyasi dəyişikliklər yalnız Rusiya demokratik dövlət olanda baş verə bilər” tezisi heç bir tənqidə davam gətirə bilməz. İstənilən ölkənin demokratikləşməsi ilk növbədə onun ictimai-siyasi kəsiminin, vətəndaş cəmiyyəti institutlarının və nəhayət xalqının iradəsilə mümkündür.

Sual isə budur ki, bizim ölkədə həmin potensial mövcuddurmu?

Ərəstun Oruclu, politoloq

Bənzər yazılar

Back to top button