HadisəİqtisadiyyatManşetÖnə çıxanlar

Hikmət Babaoğlu jurnalistlərin binasındakı evini ərəblərə kirayə verib – BİABIRÇILIQ

Azərbaycan Yazıçılar Birliyinin üzrü Elşad Baratın “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğluna ünvanladığı açıq məktubun mətni yayılıb. AFN sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan həmin məktubu təqdim edir:

Hikmət Babaoğluna tam açıq məktub
(1-ci hissə)

Çox hörmətli Hikmət müəllim!

Yazıb sizə bildirmək istəyirəm ki, bu gün təsadüfən dövlətimizin imkansız, aztəminatlı ailələrə verdiyi jurnalistlər binasına yolum düşdü. (Bu binada o qədər material var ki, adam təkcə o binanı yazmaqla publisistika üzrə xalq yazıçısı ola bilər). Binanın qarşısında ərəblərlə rastlaşdım. Mən uşaq olanda atam məni döyə-döyə ərəb dilini öyrədirdi ki, molla olum, camaatın ölüsünü götürüm. Molla olmadım, amma ərəb dilindən azdan-çoxdan yadımda qalıb deyə, jurnalistlər binasından çıxan ərəblərə salam verib hal-əhval tutdum. Söhbət əsnasında öyrəndim ki, bu ərəblər sizin evinizdə qalır. Düzü, ərəblərə inanmadım. Xeyli araşdırmalar elədim və məlum oldu ki, ev sizin həqiqətən də adınızadır.

Hikmət müəllim, siz dəyərli insansız, bir dəfə üz-üzə yarım saat da söhbət etmişik, niyə bu qədər müddəti susmusuz? Niyə deməmisiz ki, o ev sizin yox, Elşad Baratındır? Axı, sizin təkcə Bakıda on səkkiz dənə eviniz var. Məncə siz orda evinizin olduğunu bilmirsiz, yoxsa bu haqsızlığa dözməzdiz, çünki siz ədalətli jurnalistsiz.

Dəyərli Hikmət müəllim, mən düşünürəm ki, jurnalistlərə ev bölünəndə səhvən mənim adımın yerinə sizin adınız yazılıb. Siz də evbölüşmə mərasiminə gəlməmişdiz, bilməmisiz, yoxsa etiraz edərdiz, mən əminəm ki, bu haqsızlığa siz susmazdız.

Jurnalistlər binasında başqa adamlar da var ki, ev alıblar. Ancaq bir dəfə də gəlib evinə baş çəkməyiblər. Çox güman ki, o adamlar da binadan ev aldıqlarını bilmirlər. Məsələn, dəqiq bilirəm ki, Murad Köhnəqalaya o binadan ev verilib. Ancaq səhvən adının yerinə başqa ad yazılıb deyə otuz ildir mətbuatda təpik döyən Murad hələ də kirayələrdə sürünür. Həmin jurnalistlər binasında başqa kimlərin evi on-on beş evi olan sözügüclü adamlarla səhv düşübsə, ətraflı araşdırıb dəyərli oxucularıma və dostlarıma məlumat verəcəm. Ən çox da Murad Köhnəqalanın, Cəlil Cavanşirin evini kim özəlləşdiribsə onların başına turp əkmək üçün Almaniyadan dırmıq sifariş verəcəm.

Hikmət müəllim, üzr istəyirəm ki, mövzumuzdan az qala kənar çıxacaqdım. Yadınızdadırsa bir dəfə bir dostumuz məni sizin yanınıza göndərmişdi. Üç ya da dörd il öncə. Onda siz mənə 231 manatlıq iş təklif etmişdiz. Üstündən də demişdiz ki, bu pulun 60-70 manatı çıxılacaq. Hər ay əlinə 160-170 manat alacaqsan. Mən sizə xeyli dil tökdüm ki, ay Hikmət müəllim, başınlza dönüm, mən elə hər ay 200 manat kirayəyə pul verirəm. Bu 160 manatla mən nə edəcəm? Siz də öz mübarək qaşlarınızı çatıb demişdiz ki, mən orasına qoşulmuram. Sizə qurban olum, ay Hikmət müəllim, bəs siz harasına qoşulursuz? Deyin, biz də orasında dayanaq da.

Mən indi başa düşürəm ki, o ərəfədə siz mənim evimə göz dikmişmişsiz. Daha doğrusu dikməmişmişsiz. O 160 manatlıq işi də ona görə mənə verirmişmişsiz, daha doğrusu verməmişmişsiz. Yoxsa siz o boyda səxavətlilik göstərməyəcəkmişmişsiz. Evimi əlimdən almısız? Lap yaxşı, ərəblərə kirayə vermisiz? Lap yaxşı. Heç olmasa onlara tapşırın evin aboylarını soymasınlar, tualetini təmiz saxlasınlar, istifadədən sonra suyu çəksinlər, dişlərinin dibində qalan kabab qırıntısını yerə tüpürməsinlər. Adam adamın evini bu günə qoymaz axı. İndi səhv düşüb düşüb də.

Hikmət müəllim, ciddidən, sizdən xahiş edirəm, tapşırın o ərəblərə mənim evimi batırmasınlar. Evbölüşdürənlər səhvini düzəldəndən sonra mən orda necə yaşayacam?

Bayaq xozeyinim gəlmişdi, kirayə qaldığım evin yiyəsini deyirəm, çayımı içib üzümə bilirsiz nə dedi? Artıq üç aydır ki, kira pulunu vermirsən, işsizsən, başa düşürəm, körpə uşaqların var, dərk eləyirəm, bir tikə çörəyə möhtacsan, qəbul eləyirəm, ancaq sabah evimdən çıxmasan mən səninlə pis danışacam, incimə.

Hikmət müəllim, başa düşürsüz bu həyatı? Demir ki, pulumu verməsən səni çıxardacam evdən, deyir, çıxmasan pis danışacam. Yəni o adam da əmindir ki, mən sabah kirayə pulunu verə bilməyəcəm. İndi bu məsələdə xozeykam günahkardı, mən günahkaram, yoxsa evimi əlimdən alan siz?

Bənzər yazılar

Back to top button