GündəmManşetSiyasət

İran Azərbaycanı hücumla hədələyir: Araz çayı üzərində körpünün inşa edilməsi…

“Hər bir ölkənin hərbi təlimlər keçirməsi həmin dövlətin müstəsna hüququdur. Ancaq hərbi təlimlərin məqsədi olur və bir sıra hallarda kiməsə mesaj göndərmək üçün keçirilir”.

AzToday.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Iranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimləri şərh edərkən deyib.

Onun sözlərinə görə, İran bununla Azərbaycanı hədələyir:

“Bu mənada İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının Azərbaycanla sərhəddə hərbi təlimlərinin məqsədi nədir və kimə mesaj göndərirlər? SEPAH Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur təlimlərə belə tərif verib ki, guya təlimlər qonşu ölkələr üçün mesajı sülh, dostluq və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi daşıyır. Sərhəddə hərbi təlimlərin “dostluqla” nə əlaqəsi var? Həmin generalın cümləsinin davamı məsələnin məğzini açır: “hərbi təlimlər düşmənlər üçün İranın digər Silahlı Qüvvələri ilə birlikdə quruda yerləşən SEPAH-ın ölkə sərhədlərini qorumağa və istənilən təhdidlərə cavab verməyə hazır olmasıdır”. İranın ətrafında düşmənmi var? Azərbaycan və Türkiyə sərhədi boyunca İrana təhdidmi var?

Azərbaycan və İran prezidentləri bir neçə gün əvvəl Astanada görüşmüşdülər. Bu görüşdən dərhal sonra sərhəddə hərbi təlimlərin keçirilməsi İran-Azərbaycan münasibətlərinə yaxşı heç nə vəd etmir. İran daxilində bu qədər problem varkən, şəhərlərində etirazlar səngiməzkən, Tehran sərhəddə hərbi təlimlərlə kimə və nəyi sübut etməyə çalışır? Tehranın bu siyasəti sonda ona gətirib çıxaracaq ki, Azərbaycanda Güney Azərbaycan hərəkatına dəstək barədə fikirlər güclənəcək”.

Siyasi şərhçi Asif Nərimanlı isə İranın Azərbaycanı açıq-aşkar hücumla təhdid etdiyi fikrindədir:

“SEPAH bu gün Azərbaycanla sərhəddə – Araz çayı boyunca təlimlərə başlayıb. Təlimdə hansı ssenarinin tətbiq ediləcəyi də açıqlanıb: helikopter-paraşüt əməliyyatı, gücə hücumu, helikopter döyüşü, PUA-ların istifadəsi, nəqliyyat/rabitə xətlərinin ələ keçirilməsi və nəzarət, strateji yüksəkliklərin ələ keçirilməsi və Araz çayı üzərində körpünün inşa edilməsi;

İran ordusu Azərbaycan sərhədində bu ssenarini məşq edəcək. Ən diqqətçəkən məqam Araz çayı üzərindən körpünün inşa edilməsinin də təlimə daxil edilməsidir. Bu, sərhədə toplanan ordunun Araz çayı üzərindən Azərbaycan ərazisinə keçə biləcəyinin mesajı, eyni zamanda, inşa ediləcək körpü, yaxud körpülər üzərindən keçərək, müdaxilə edə biləcəklərinə işarədir.

Mollalar açıq şəkildə Azərbaycanı təhdid edir. Araz çayı boyunca Azərbaycan-Türkiyə birgə təlimlərinin keçirilməsi bu təhdidlərə tutarlı cavab olardı”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button