Hadisə

Tanınmış jurnalist anasının həkim səhvi nəticəsində dünyasını dəyişib? – Klinika açıqlama yaydı

Jurnalist Fərahim Qasımov (İlqaroğlu) anasının Bakıda fəaliyyət göstərən klinikalardan birində həkimin səhvi nəticəsində dünyasını dəyişdiyini iddia edir.

O bu barədə sosial şəbəkə hesabında məlumat dərc edib.

F. Qasımov bildirir ki, hadisə ötən gün – martın 18-də baş verib.

“Anam Bahar Qasımova bu gün (18 mart – red.) sistem köçürülməsi üçün “Stimul Hospital”a gedib. Getməmişdən anamla danışmışdım. Vəziyyəti yaxşı idi, heç bir problemi yox idi. Orada tibb bacısına deyib ki, qızım, qızdırmam var, bəlkə dərman verəsiz, qızdırmam düşsün, sonra sistemi qəbul edim. Tibb bacısı deyib ki, narahat olmayın, keçib gedəcək. Tibb bacısı iynəni damarına salan kimi damarı partlayıb, anam şoka düşüb. Həmin an heç bir müdaxilə edilməyib, sistemi çıxarıb, gözləyiblər. Anam keçinəndən sonra həkim İlham Hüseynə xəbər verilib. Anamı ağ parçaya büküblər. Həmin vaxt hospitalın dəhlizində gözləyən atama, bacıma və qonşuma deyiblər ki, xəstənin vəziyyəti ağırdır, aparata qoşmuşuq. Qonşum deyir ki, heç bir aparata qoşmamışdılar. Həmin vaxt sadəcə vaxt qazanmaq üçün bizim başımızı qatırdılar. Üstəlik ananı görmək istəyəndə, bizi hətta xəstəxanadan çölə çıxardılar”, – F. Qasımov yazıb.

Onun sözlərinə görə, həkim atasına nəşi təcili yardımla evə göndərməyi təklif edib:

“Həkim atama deyib ki, sonra təcili yardıma zəng vurun, gəlib ölümü təsdiqləsinlər, sizə kağız versinlər. Həkim bu yolla məsuliyyətdən yayınmaq istəyib. Bütün bu işləri planlayan həkim mənimlə telefonda danışanda dedi ki, mən hospitala indi gəlmişəm, heç nədən xəbərim yoxdur. Mənimlə danışığından əvvəl xəstəxanada çəkilən video bir daha təsdiq edir ki, İ. Hüseyn hospitalda olub”.

Məsələ ilə bağlı Baş Prokurorluq da məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən bildirilib ki, martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

“Stimul Hospital” Şirvan şəhər sakini Bahar Qasımovanın 18 mart 2024-cü ildə baş verən ölümü ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:

“1967-ci il təvəllüdlü xəstə 07.03.2024-cü il tarixdə ürək bulanma, tək-tək qusma, göbək altı nahiyədə ağrılar, arıqlama şikayətləri ilə hospitala müraciət edib. Həkimin apardığı obyektiv müayinə və analizlər əsasında xroniki qastritin və xroniki kolitin kəskinləşməsi diaqnozu qoyulub, ambulator şəraitdə qan azlığına görə müalicəsinə başlanıb.

09.03.2024-cü il tarixdə xəstə “İstanbul NS Kilinikası”nda qastrofibroskapiya müayinəsindən keçib.

11.03.2024-cü tarixdən başlayaraq 18.03.2024-cü il tarixədək xəstəyə ambulator şəraitdə antianemik müalicə tətbiq olunması üçün sistemlər köçürülüb, sistemlərin heç bir əlavə təsiri olmayıb.

18.03.2024-cü il tarixdə xəstə “İstanbul NS Klinikası”nda ağciyərin rentgeni müayinəsindən keçib, həmin tarixdə sistem köçürülməsi üçün hospitala gəldikdən sonra sistem köçürülən zaman xəstənin vəziyyəti anidən pisləşib. Xəstəyə dərhal reanimasion tədbirlər (süni tənəffüs, ürək masajı, adrenalin inyeksiyası) görülüb. Yarım saatdan artıq aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb.

Baş vermiş faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ölümün dəqiq səbəbi təyin olunmuş ekspertiza nəticəsində müəyyən olunacaq. Hospitalın kollektivi adından xəstənin yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

Bənzər yazılar

Back to top button