AnalitikaCəmiyyət

Statistikanın gəlir və inflyasiya yalanı – Bu qədər də olmaz!

Bir nəfərin ölümü faciə, min nəfərin ölümü isə statistikadır. Həmin məşhur ifadəni müasir Azərbaycan reallığında tərcümə etsək, gərək “ölüm” sözünü “yalan”la əvəzləyək, nəticəni görəcəksiniz – Azərbaycan statistikası.

Doğrudan da, kimsə Dövlət Statistika Komitəsinin yaydığı bəzi – xüsusilə də hamının gözlə gördüyü reallığın əksini ifadə edən məlumatlarına inanırmı? Hansı sahəni əhatə etməsinə baxmayaraq, istər yerli, istərsə də əcnəbi mütəxəssislərin böyük əksəriyyəti bizim statistika qurumunun hesabatlarına şübhə ilə yanaşır. O qurumun ki, minlərlə əməkdaşı var, büdcədən maliyyələşir və saxlanması dövlətə neçə milyonlarla manat vəsaitə başa gəlir. Kimə lazımdır bu qurum və onun rəqəmləri? Xüsusilə də son dövrlər bəzi nazirlik və komitələrin birləşdirilməsi və aparatın ixtisarı ilə bağlı məlumatlar yayılmaqdadır. Ancaq nədənsə, bu sırada DSK-nın adı bir o qədər hallanmır. Hansı ki, bəlkə də ən birincilər sırasında məhz bu quruma “əl gəzdirməyə” ehtiyac var. Və bir qədər ironik səslənsə də, onu İqtisadiyyat, yaxud Maliyyə Nazirliyinə yox, Mərkəzi Seçki Komissiyasına birləşdirmək lazımdır. Bəli! Çünki ikisi də hesablama qaydası və prinsiplərinə görə eyni işi görürlər. Birləşər və bir-birinə kömək edərlər…

Bu günlərdə DSK əhalinin gəlirləri və inflyasiyanın səviyyəsinə dair növbəti məlumatını yayıb. Məlumatda deyilir ki, əhalinin gəlirlərinin artımı(!) 6.8 faiz, illik inflyasiya isə 13,5 faiz təşkil edib. Bu başdan deyək ki, burada söhbət nominal gəlirin artımından gedir və sözsüz ki, statistika idarəsinin mütəxəssisləri dəridən-qabıqdan çıxıb, elmi dildə izah edərək, bu artımı hansısa yolla əsaslandıra da bilərlər.

Ancaq klassik anlamda iqtisadiyyatda əhalinin real gəlirlərini artıran 3 əsas şərt var:
1. Nominal gəlir artır, qiymətlər yerində qalır.
2. Nominal gəlirin artımı inflyasiyanın artımını üstələyir.
3. Nominal gəlir olduğu kimi qalır, qiymətlər aşağı düşür və salınır.

DSK-nın hörmətli mütəxəssisləri və rəhbərlərindən soruşmaq istərdik: Azərbaycanda bu 3 şərtin hansı müşahidə olunur? Heç biri! Belədə əhalinin real gəlirlərinin artımından danışmaq olarmı? Ümumiyyətlə, statistika qurumunun ən çox mübahisə doğuran və şişirdilmiş hesab edilən hesabatları məhz sosial-iqtisadi inkişafla bağlıdır.

Faktiki dövlət olaraq, son illərdə Azərbaycanın gəlirləri və büdcəsi azalıb. Hökumət özü etiraf edir ki, hətta dövriyyədəki pul kütləsini də dəfələrlə azldıb. Sahibkarlığa kreditlər demək olar ki, ayrılmır, kiçik və orta sahibkarlıq iflic vəziyyətinə yaxındır.

Bir çox təşkilatlarda ixtisarlar gedib. Dövlət qurumlarında çalışanların əmək haqlarında və pensiyalarda hər hansı ciddi artım yoxdur, onlar devalvasiya səviyyəsinə uyğun indeksləşdirilməyib, Rusiya və digər MDB ölkələrində çalışan həmvətənlərimizin Azərbaycana göndərdikləri vəsaitlərdə artım yox, azalma var və sair. Bütün bunların müqabilində, hardandır əhalinin gəlirindəki artım?

Axı artan gəlirlər yox, inflyasiyadır. Guya inflyasiyada artım 13.5 faiz olub. Birincisi, inflyasiya hesablanması üçün tərtib olunan məhsullar səbətinə daxil olan malların sayı məhduddur və reallığı əks etdirmir. İkincisi, son iki ildə Azərbaycan manatı 2 dəfə dəyər itirib. Demirik bütün mallar da iki dəfə bahalaşıb. Ancaq 13.5 faiz də ola bilməz axı. Təsadüfi deyil ki, müstəqil qurumların və ekspertlərin əksəriyyəti real inflyasiyanın 25-30 faiz olduğunu bildirir. Bu isə DSK-nın açıqladığı rəqəmdən 2 dəfədən də artıqdır. Lap hətta statistika idarəsinin rəqəmlərinə inansaq belə, yenə aydın olur ki, inflyasiyanın səviyyəsi nominal gəlirin artım səviyyəsini iki dəfə üstələyir!

Dövlət Statistika Komitəsinə uzun illər mərhum Arif Vəliyev rəhbərlik etdi. Ondan sonra heç kimin gözləmədiyi halda, bu vəzifəyə ixtisasca həkim və son iş yeri Nizami Rayon İcra Hakimiyyətinin başçısı olan Tahir Budaqov gətirildi. Elə bu təyinatın özü təsdiqlədi ki, bu qurumun özü də açıqladığı rəqəmlər kimi quru və formal bir strukturdur. Ona rəhbər təyin edilmək isə, sadəcə hökumətdə daha yüksək postlara çatmaq üçün bir tramplin rolu oynayır –vəssalam. İndi sual olunur – kimə və nəyə lazımdır çoxlu sayda əməkdaşı olan, komitə statusu daşıyan və dövlətə külli miqdarda vəsaitə başa gələn bu qurum? Əlbəttə ki, bütün ölkələrdə statistika idarələri var və bizdə də olmalıdır. Ancaq daha kiçik miqyasda, mobil, müasir və ən əsası obyektiv və sifarişdən kənar…

Bizim statistika qurumunun iqtisadi inkişaf, əhalinin gəlirlərinin artım tempi, yeni açılan iş yerlərinin sayı və digər sosial-iqtisadi göstəricilərlə bağlı son onilliklərdə açıqladığı rəqəmləri toplasaq və onlara inansaq, alınan nəticəyə görə, Azərbaycanın şəhərlərində yaşayan əhalisi ərəb şeyxlərindən varlı olmalıdır, hansısa ucqar dağ rayonunda yaşayan hər bir kəndlinin isə villası, qapısında bir neçə yüzminlik avtomobili, yüzlərlə baş mal–qarası və daha nələri olmalıdır.

Bu, bilirsinizmi nəyi xatırladır? SSRİ-də 1943-cü ildə bir cavan yəhudini vətən müharibəsinə çağırırlar. Yəhudi müharibəyə getməkdən imtina edir. Soruşurlar ki, niyə getmirsən? Deyir müharibə başlayan gündən bəri radioda Levitanın (məşhur sovet diktoru-red.) səsləndirdiyi cəbhə xəttinə aid xəbərlərə qulaq asıram. Hər gün almanların itirdiyi əsgərlərin sayını yazıb, toplamışam. Levitanın dediyi rəqəmlər həqiqətdirsə, onları toplayanda alınan rəqəm göstərir ki, artıq nəinki alman əsgəri, ümumiyyətlə dünyada alman qalmayıb. Mən gedib kiminlə döyüşəcəm? Bizim statistika da deyəsən həmin Levitanın davamçısıdır…

Azpolitika.info

 

Bənzər yazılar

Back to top button