Hadisə

Balakəndə güclü külək damları uçurub

Milli Hidrometeorologiya Xidməti bildirir ki, sentyabrın 6-sı axşamdan Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub. Bakıda və Abşeron yarımadasında isə səhər saatlarında şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağıntının miqdarı Qəbələdə 62, Qaxda 33, Zaqatalada 25, Oğuzda 18, İsmayıllıda 15, Bakıda və Abşeron yarımadasında 1 mm təşkil edib. Şimal-qərb küləyi arabir Zaqatala, Balakəndə 20, Altıağacda 17, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3 metrə çatıb.

Sentyabrın 7-də Qəbələ rayonuna diametri 17, Qax rayonuna 11, Zaqatala rayonuna 25 mm olan dolu düşüb.

Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində sentyabrın 7-də Şəki rayonu ərazisindən keçən Damarçınçay, Şinçay, Zaqatala rayonu ərazisindən keçən Talaçay, Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançay, Vəndamçay, Şamaxı rayonu ərazisindən keçən Pirsaatçay, İsmayıllı rayonu ərazisindən keçən Girdimançay, Göyçay, Oğuz rayonu ərazisindən keçən Əyriçay və Türyançay çaylarından sel keçib.

Bənzər yazılar

Back to top button