AnalitikaİqtisadiyyatManşet

Hərbdən biznesə addımla marş!

İyulun 12-14-ü arası Tovuz rayonunda artilleriya atəşləri ilə müşayiət olunan döyüşlərdən sonra keçmiş Müdafiə naziri Səfər Əbiyev “moderator.az” portalına iki dəfə açıqlama verdi. Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı haqda danışan general-polkovnik ad çəkməsə də, “düşmənin arxasında dayanan havadarı”nın olduğuna işarə edib. Söhbətin hər halda Rusiyadan getdiyini anlamaq çətin deyil. Bir müddət sonra məlum olub ki, eks-nazir Azərbaycanda deyil və bu bəyanatları Türkiyədən verir. Onun övladları da bu ölkədədir və dəyəri on milyonlarla lirə olan şirkətləri idarə edirlər.

Keçmiş Müdafiə nazirinin harada olmasını “Azeridefence” hərbi-texnoloji jurnalı özəl mənbələri vasitəsilə müəyyən edib. Jurnalın baş redaktoru Rəşad Süleymanov Meydan TV ilə söhbətdə deyib ki, S.Əbiyevin ürəyində müəyyən problemlər var, bu səbəbdən Türkiyədə müalicə kursu alır. Deyilənə görə, 70 yaşlı S. Əbiyev COVID-19 pandemiyası “alovlanmazdan öncə” Türkiyəyə gedib və karantinə görə geri qayıda bilməyib. Lakin Meydan TV-nin apardığı tədqiqatla müəyyən olunub ki, keçmiş Müdafiə nazirini İstanbula çəkib aparan təkcə “ürəyinin dərdi” deyilmiş. Bu şəhərdə onun oğulları – Roman və Ruslan Əbiyevlərin turizm və otelçilik şirkətləri var.

İctimai fəal İlkin Rüstəmzadə ömrünün ən gənc çağlarını həbsxana divarları arasında keçirib. 2013-cü ilin martında Bakıda minlərlə gəncin qatıldığı “Əsgər ölümlərinə son” aksiyasından sonra həbs olunmuşdu. Bir neçə aydan sonra keçirilən prezident seçkilərindən sonra Səfər Əbiyev Müdafiə naziri postunu tərk etdi. İlkin isə 6 il həbsxana həyatı yaşadı, beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanındı.

“Strateji vəzifələrdə olan şəxslərin bizneslə və korrupsiya ilə məşğul olması milli təhlükəsizliyə birbaşa təhdiddir. Xarici işlər, təhlükəsizlik və müdafiə nazirlikləri müharibə şəraitində olan dövlətin ən həssas qurumlarıdır və bu qurumlarda rəhbərlikdə təmsil olunan şəxslərin Azərbaycanın milli maraqlarından başqa digər hər hansı maraqlarının olması yolverilməzdir, milli təhlükəsizliyə təhdiddir”, – keçmiş vicdan məhbusu deyir. Onun sözlərinə görə, Azərbaycanda dövlət milli təhlükəsizliyə təhdid olaraq başqa meyarlara üstünlük verir və bu, əksər hallarda hakimiyyətə siyasi təhdid yaradanlar olur.

Ruslan Əbiyev “İkiem Altın Otelcilik ve Turizm Ticaret Anonim Şirketi”ndə əsas payları 2015-ci ilin dekabr ayında satın alıb. Şirkətin öncəki sahibləri də Azərbaycan vətəndaşlarıdır: İmran Əhməd oğlu Məmmədov və İlham İbrahimov. Şirkətin İdarə Heyətinə sədr keçməklə onun kapitalını da 11 milyon lirədən 19 milyon lirəyə qaldırıb. Hazırda şirkətin 15,2 milyon lirə dəyərində səhmləri ona, qalan 3,8 milyon lirəlik kapital isə Sulutəpədə, 10/589 nömrəli bağ evində qeydiyyatda olan İmran Məmmədova məxsusdur.

2019-cu ilin sonunda “İkiem Altın Otelcilik ve Turizm Ticaret A.Ş.” (qeydiyyat nömrəsi: 775248) Hayriyye Tüccari, 33 ünvanından yaxınlıqdakı Laləli 43 ünvanına köçüb.

Türkiyənin Ticarət Reyestri Qəzetinin məlumatlarına görə, Ruslan Əbiyevin bu ölkədə iki vergi ödəyicisi nömrəsi (0010773479 və 0011019355) olub. Hazırda onlardan biri aktivdir.

Bakıda Ruslanın Nəcəf bəy Vəzirov küçəsində yerləşən 10 nömrəli binadakı mənzillərdən birində dövlət qeydiyyatına alınmış bir şirkəti də var. “Erebus” MMC-ni (VÖEN: 1400109391) yaradarkən onun 22 yaşı vardı. Bakıda Ruslan sahibkarlıq fəaliyyəti ilə həm də fiziki şəxs (VÖEN: 1306479692) kimi fəaliyyət göstərir.

2015-ci ilin əvvəlində yerli media Ruslan Əbiyevin vergi orqanlarında çalışdığını yazırdı. Dövlət Vergi Xidmətindəki mənbə MeydanTV-yə bildirib ki, hazırda vergi orqanlarında bu adda şəxs yoxdur.

“İkiem Altın Otelcilik ve Turizm Ticaret A.Ş.”-ni Azərbaycandan olan investorlar (İ. Məmmədov və İ. İbrahimov) 2013-cü ilin noyabr ayında satın alıblar. Şirkətin səhmlərinin 80 faizi beş nəfərdən ibarət Çiftçi ailəsinə, qalanı isə Selim Sürerə məxsus olub. Marqalıdır ki, Ruslanın qardaşı Roman da Türkiyədə biznesə Çiftçi ailəsinin iştirakı ilə daxil olub.

“Damla Gold Tekstil Turizm Ticaret” şirkəti (qeydiyyat nömrəsi: 790-5) Çiftçi ailəsinə məxsus “Markiz Gold Turizm ve Tekstil Ticaret Anonim Şirketi”nin bölüməsi nəticəsində 2015-ci ilin sentyabrında İsa Çiftçi tərəfindən yaradılıb.

2016-cı ilin iyul ayını 21-də Roman Əbiyev bu şirkətin yeganə pay sahibi elan edilib və o, şirkətin İdarə Heyətinin sədri seçilib. Roman Əbiyev şirkətin növbəti toplantısını 2017-ci ilin avqustun 28-də İstanbuldakı ofisində keçirib. İclasda şirkətin 2016-cı ili zərərlə başa vurduğu elan edilib. Bununla belə, kapitalın 350 mindən 23,5 milyon lirəyə qaldırılması barədə qərar verib. Kapital şirkətin Romana olan borcu hesabına artırılıb.

“Damla Gold Tekstil Turizm Ticaret” şirkəti də Laləlidə – Mesihpaşa məhəlləsi, Laleli caddesi, 9/4-də yerləşir.

Böyük qardaşı kimi Romanın da İstanbulda iki vergi kimliyi nömrəsi (0010773479 və 0020960751) olub və hazırda onlardan biri aktivdir.

Roman “Damla Gold Tekstil Turizm Ticaret” şirkətini satın alarkən və ona rəhbərlik edərkən hələ prokurorluq orqanlarında çalışırdı. Bakının Xəzər rayon prokurorunun köməkçisi vəzifəsində çalışan Roman Əbiyev öz xahişi ilə yalnış 2018-ci ilin noyabrı ayında tutduğu vəzifədən azad edilib.

Ruslan Əbiyevin 38, Romanın isə 34 yaşı var. Əbiyev qardaşlarının şirkətləri turizm və otelçilik sektorunda fəaliyyət göstərir. Qardaşların və anaları, 64 yaşlı Almas Əhməd qızı Əbiyevanın Bakıdakı qeydiyyat ünvanı “Qızıl Şərq” Hərbi şəhərciyi, 1A nömrəli evdir. Eks-nazirin qeydiyyat ünvanı haqda Mərkəzi Seçki Komissiyası məlumat vermir.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Məmmədov

“Bunlar Azərbaycanın talan edilən müdafiə büdcəsidir.”
– Cəsur Məmmədov

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Məmmədov hesab edir ki, digər məmurlar kimi, Səfər Əbiyevin və Nəcməddin Sadıkovun da övladlarına məxsus şirkətlərin kapitalının mənbəyini, böyük ehtimalla, Azərbaycanın talan edilən müdafiə büdcəsidir.

“Səfər Əbiyev dövründə Azərbaycanın müdafiə büdcəsi, Silahlı Qüvvələr quruculuğu üçün ayrılan vəsaitlər ciddi şəkildə mənimsənilib. Təsadüfi deyil ki, o dövrdə nazirliyin rəhbərliyində təmsil olunan şəxslərin mülkləri barəsində mətbuatda çoxsaylı təkzibolunmaz məlumatlar dərc olunmuşdu. Hələ o dövrdə həyata keçirdiyimiz araşdırmalarla müəyyən etmişdik ki, müdafiə xərclərinin əhəmiyyətli hissəsi korrupsiya məqsədli tədbirlərə israf olunurdu”. Bunu hərbi ekspert Cəsur Məmmədov Meydan TV-yə deyib.

Onun sözlərinə görə, hərbi sahəyə ayrılan vəsaitlər 3 istiqamətdə mənimsənilib:

Tender korrupsiyası. Ordunun təchizatı ilə bağlı tenderlərin keçirilməsi prosesinin və nəticələrinin saxtalaşdırılması. Bu zaman müxtəlif şəxslərdən, şirkətlərdən “pay” (otkat) alınır, qohum və yaxın şəxslərin şirkətləri “qalib” elan olunurdu.

Silah korrupsiyası. Azərbaycanın müdafiə sahəsinin ehtiyacları üçün silah-hərbi texnikanın, müxtəlif ləvazimatların alınması prosesinə sərf olunan vəsaitlər şişirdilir və mənimsənilirdi.

Tikinti korrupsiyası. Əbiyevin və hazırkı nazir Həsənovun dövründə xüsusilə də tikinti işlərində (yeni hərbi hissələr, zabitlər üçün evlər) ciddi yeyintlilərin olmasına əsaslı şübhələr var. Hərbi hissələrdə müəyyən tikinti və quruculuq işlərinin bir qisminin zabit və əsgərlərin hesabına həyata keçirilməsi və bunun üçün dövlətin ayırdığı vəsaitin isə mənimsənilməsi barədə ciddi siqnallar var.

Cəsur Məmmədov təklif edir, bu cür pozuntuların aradan qaldırılması və gələcəkdə təkrar olunmaması üçün ildə bir dəfə qapalı parlament dinləmələri keçirilsin. Dinləmələrdə Silahlı Qüvvələrin rəhbərləri həm ordu quruculuğu, həm də büdcəsi milyard dollarlarla hesablanan hərbi xərclərin icrası haqda hesabat verməlidirlər. “Bu, Müdafiə Nazirliyi sistemində korrupsiyanın aradan qaldırılması sahəsində ciddi addım olardı”, ekspert belə hesab edir.

Hafiz Babalı

Meydan.tv

Bənzər yazılar

Back to top button