Bakıda banka borcu olan kişi özünü yandırıb

by Aztoday Xəbər Portalı

Bakıda banklardan birinin qarşısında borcu olduğu bildirilən kişi özünü yandırıb. Özünü yandıran şəxs bankın mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Şahidlərin bildirdiyinə görə, özünü yandıran müştəri banka gələrkən əlində sellofan paket olub. O, bank işçiləri ilə mübahisə etdikdən sonra özünü yandıracağını deyib. Məlumata görə, mübahisəyə səbəb müştərinin banka olan borcunun qarşılığında mənzilinin alınacağının deyilməsi olub.

Daha sonra bankın qarşısına çıxan şəxs özü ilə gətirdiyi benzini üstünə tökərək əlindəki alışqanla özünü yandırıb. Onun arxasınca çıxan bankın işçiləri və mühafizə xidmətinin əməkdaşı yanğınsöndürən balonla alovun içərisində olan şəxsi söndürə biliblər.

50-55 yaşlarında olan şəxsin əsas qol, boyun və üz nahiyyələri yanıb. Təcili yardıma özü əyləşə bilən şəxs xəstəxanaya aparılıb.

“Bank Respublika”nın “Azneft” filialı hazırda fəaliyyətini dayandırıb. Polis əməkdaşları hadisə yerindədir.

Müsavat

Bənzər Yazılar