CəmiyyətGündəm

600 milyon uşaq ölümlə üz-üzə qalacaq – ŞOK STATİSTİKA – VİDEO

Son araşdırmalar da göstərir ki, yer kürəsindəki su azalmağa doğru gedir. Bir müddət əvvəl UNİCEF şok açıqlama yaydı. Həmin açıqlamaya görə su mənbələrinin sürətlə azalması səbəbindən 2040-cı ilə qədər dünyada hər 4 uşaqdan biri, yəni 600 milyon uşaq ölümlə üz-üzə qalacaq və ya xəstəlik riski daşıyacaq. Hər il suya olan təlabat artsa da su qaynaqları azalır. Dünyada 36 ölkə son dərəcə ciddi su sıxıntısı yaşayır. Hər gün 5 yaşına çatmayan 800-dən çox uşaq təmizlik qaydalarına əməl edilməməsi səbəbindən dünyasını dəyişir. Bu rəqəmlər hər kəsin suya qənaətlə yanaşmasını zəruri edir.

ARB TV-nin “Günə doğru” verilişində mövzu ilə bağlı maraqlı sujet yayımlanıb.

İllərdir dünyanın inkişaf etmiş ölkələri çirkab suların təmizlənməsi və təkrar hansısa sahələrdə istifadəsi yolunda işlər görür. Azərbaycanda da Zaqatala, Oğuz, Göygöl, Goranboy və s. bölgələrdə tullantı su təmizləyici qurğular fəaliyyət göstərir.

Anar Cəbrayıllı – “Azərsu” ASC-nin mətbuat katibi: “Bu günlərim Cənubi Qafqaz respublikaları arasında ən böyük tullantı təmizləyən qurğusu Azərbaycandadır – Hövsan Aerasiya Stansiyası. Sutkada 640 min kub tullantı suyu təmizləmək gücünə malikdir. Bakıda yaranan tullantı sularının çoxu bu aerasiya stansiyasında təmizlənir”.

Bu gün Yasamal, Səbail, Binəqədi kimi ərazilərin çirkab suları məhz Hövsan Aerasiya Stansiyasında təmizlənir. Sözügedən stansiya 80-ci illərdə tikilib istifadəyə verilib. 2007-ci ildə isə Fransanın krediti hesabına yenidən qurulub. Bu gün burada tullantı sularının təmizlənməsi standartlara uyğun aparılır.

Milli Ekoloji Proqnozlaşma Mərkəzinin prezidenti Telman Zeynalov təmizlənən suların Xəzərə axıdılması ilə razılaşmır.

Telman Zeynalov – Milli Ekoloji Proqnozlaşma Mərkəzinin prezidenti: “Yaxşı olar ki, o suları təmizləyib suvarmaya versinlər. Çünki onda nə qədər istəyirsiniz mineral gübrələr var. Onları havayı yerə dənizə axıdıb, sonra dövlət tərəfindən milyardlarla pul buraxıb gübrə alıb gətirib, kənd təsərrüfatı torpaqlarını becərsinlər. Mənə elə gəlir ki, hamısından sərfəli olar ki, o suları suvarmaya versinlər”.

Dünyanın bir neçə ölkəsində çirkab sular elə səviyyədə təmizlənir ki, insanların istifadəsi üçün yararlı olur. Amma ölkəmizdə hələ ki, bu haqda söhbət gedə bilməz.

Anar Cəbrayıllı – “Azərsu” ASC-nin mətbuat katibi: “Tullantı sularından təkrar istifadə ən çox İsraildə tətbiq olunur, çunki ora quraq zonadır. Amma hələ ki, Azərbaycanda tullantı sularının təmizləməsindən sonra təkrar istifadəsi ilə bağlı təcrübə yoxdur”.

Telman Zeynalov bildirir ki, çirkab sulardan təmiz su kimi insanların istifadə etməsi üçün təmiləmədə axarlılıq və günəş şüalarından istifadə etmək lazımdır. Bu xüsusi qurğular hesabına mümkündür və bahalı prosesdir. O, həmçinin hesab edir ki, çirkab suların təmizlənməsində təkcə qurumlar maraqlı olmamalıdır.

Telman Zeynalov – Milli Ekoloji Proqnozlaşma Mərkəzinin prezidenti: “Yaxşı olar ki, hər bir ailə o təmizləyici qurğuları evinin altında qurub, suyu təmizləyib sonra yenidən suvarmaya vursunlar. O zaman, dünya su qıtlığı ilə üzləşməz”.

Sonda qeyd edək ki, Samaxı, Şabran, Masallı, Göyçay və Cəlilabadda su təmizləyici stansiyaların tikintisi davam edir. Şəki, Xaçmaz, Gəncə, Gədəbəy, Daşkəsəndə isə analoji stansiyaların inşası planlaşdırılır.

Bənzər yazılar

Back to top button