HadisəİqtisadiyyatManşetÖnə çıxanlar

Cahangir Hacıyev kimdir: Bütün maliyyə fırıldaqlarının tək günahkarı, yoxsa “günah keçisi”?

Doğrusu, “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) keçmiş sədri, hazırda həbsdə yatan Cahangir Hacıyevə qarşı yeni cinayət işi başlanması xəbərinə təəccüblənmədim. Ona görə yox ki, Azərbaycanı indiki maliyyə böhranına sürükləyən yeganə şəxsin sabiq bankir olduğuna inanıram. Ona görə ki, ötən il haqqında bəhs etdiyim şəxsdən aldığım müsahibə ilə əlaqədar Baş Prokurorluğa çağırılıb xəbərdarlıq cəzası alanda “cinayət”imin istintaq sirrini yaymaq olduğunu öyrənmişdim. Mən də öz növbəmdə möhtərəm prokurorluq əməkdaşlarından soruşmuşdum ki, bütün məhkəmə instansiyalarından keçən və qərarı hüquqi qüvvəyə minən bir cinayət işində hansı istintaq sirrindən söhbət gedə bilər? Aldığım cavab isə belə olmuşdu: “Cahangir Hacıyev indiyədək yalnız bir epizodda mühakimə olunub. Onun üzərində hələ xeyli cinayət işləri var”.

Etiraf edim ki, bu arqumenti eşidəndə ağlıma bəd fikirlər gəlmədi desəm, yalan olar. Məndə hələ o zaman belə bir təəssürat yaranmışdı ki, ölkədə nə qədər kirli maliyyə fırıldaqları var, hamısını Cahangir Hacıyevin üzərinə yükləyib işi bağlamaq istəyirlər.

Sözsüz ki, beynimə gələn həmin fikirlər konkret əsası olmayan mülahizələr idi və bu barədə hər hansı fikir səsləndirmək hüquq mühafizə orqanlarımızın işinə kölgə salmaq kimi qiymətləndirilə bilərdi. Odur ki, susmağa üstünlük vermişdim. Fəqət bu yaxınlarda Cahangir Hacıyevin yenidən istintaqa cəlb edilməsi xəbərini oxuyanda beynimdəki andıra qalmış şübhələr yenidən peyda oldular. Sabiq bankirin vəkili Aqil Layıcovun “Qafqazinfo”ya açıqlamasını oxuyanda isə eyni şübhələrin təkcə məni narahat etmədiyini gördüm. Nədən ki, sözügedən cinayət işinin bütün detallarına vaqif olan vəkil eynilə belə deyirdi: “İstintaq bundan əvvəlki işdə Cahangir Hacıyevin 2001-2015-ci illərdəki fəaliyyətini araşdırıb və bununla bağlı hökm də verilib. İndi cinayət işi açılıbsa belə, hansı dövrü araşdıracaqlar? Onun işdən çıxandan sonrakı dövrü?”

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bu ritorik suala, yəqin ki, prokurorluq orqanları təxminən bu cür cavab verəcəklər: “Cahangir Hacıyevin araşdırılmış əməlləri zaman olaraq 2001-2015-ci illəri əhatə etsə də, məkan olaraq sadəcə Azərbaycan Beynəlxalq Bankının Mərkəzi ofisi ilə bağlı olub. İndisə sırf Moskva filialının fəaliyyəti araşdırılır”.

İlk baxışdan olduqca məntiqli görünən bu ehtimal, təəssüf ki, kiçik bir jurnalist araşdırmasına belə tab gətirməyəcək qədər zəifdir. Məsələ burasındadır ki, Cahangir Hacıyevin ötən məhkəmədə söylədiyi son sözü həmin prosesdə Bankın Mosva filialının fəaliyyətinin də istintaqının aparıldığını təsdiqləyir. Zira sabiq bankir son sözündə deyirdi: “Həmçinin Moskvadakı törəmə bankın kreditlərinin qaytarılıması məsələsində də irəliləyişlər oldu. Bu, dövlət başçıları səviyyəsində müzakirə olunan məsələ idi. Rusiya prezidentinin Bakıya səfəri zamanı müzakirə olundu, xeyir-dua verildi. Lakin Maliyyə Nazirliyi və bankın menecmeti tərəfindən qarşısı alındı və nəticədə kreditlər batdı”.

Yaxud son sözün başqa bir yerində qeyd olunur:

“Moskvadakı törəmə bankın işçilərinə ayrılmış kreditləri ən azından onlardan soruşmaq lazım idi. Çünki həmin vəsaitlərin hara sərf edildiyini onlar yaxşı bilirdilər”.

Xüsusilə son sitatdan aydın olur ki, ötən məhkəmə prosesində araşdırılan qanun pozuntuları arasında Moskva filialının fəaliyyəti də yer alıb və sabiq bankir istintaqın gedişindən narazı qalıb. Odur ki, vəkil Aqil Layıcovun sualı həqiqətən də maraq doğurmaya bilməz.

Azərbaycan mediası yeni istintaq prosesini iki arqumentlə əsaslandırmağa çalışır. Bunlardan biri bu ilin ilk ayında qonşu ölkələrdən birində yaxalanıb Bakıya ekstradisiya olunan Emin Sadiq adlı şəxsin istintaqı ilə əlaqədardır. İddialara görə, E.Sadiq Beynəlxalq Bank işi üzrə əsas fiqurantlardan biridir. O, konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur: “Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib. Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər”.

İranlılar demişkən, xeyli xub. Bəs, görəsən, xarici ölkələrdə yaxalanıb ölkəmizə gətirilən və 10 milyonlarla dollarlıq vəsaiti mənimsəməkdə ittiham olunan bu maliyyə dələduzlarının aqibəti necə olub? Onlar da Cahangir Hacıyevlə bərabər barmaqlıqlar arxasında azadlıq xiffətimi çəkirlər?

Bu sualları cavablandıran mənbələrimizin bildirdiyinə görə, xeyr. ABB-Moskva filalının cinayətdə günahlandırılan işçiləri izahatları alındıqdan sonra sərbəst buraxılıblar. Hətta Moskva filialının sabiq rəhbəri Fuad Abdullayev belə, ifadə vermək üçün Bakıya dəvət olunub və o da öz “hüquqi vəzifə”sini yerinə yetirdikdən sonra əl-qolunu sallaya-sallaya gəldiyi yerə geri qayıdıb.

Halbuki, münasibətini öyrəndiyimiz bir ekspertlərin bildirdiyinə görə, Moskva filialında hansısa yeyinti var idisə, məsuliyyət daşıyan ilk adamlar həmin filialın rəsmi şəxsləri olmalıydı. Nədən ki, nə qədər filial adı daşısa da, ABB-nin Moskva uzantısı əslində ayrıca bir qurum kimi Rusiya qanunları çərçivəsində fəaliyyət göstərib. Hər ay Rusiya vergi dairələrinə maliyyə hesabatları, vergi ödənişləri verib və həmin ölkənin müvafiq qurumlarının nəzarəti altında işləyib. Və bütün bu fəaliyyətlərin detallarından Cahangir Hacıyevin istəsə belə, xəbəri ola bilməzdi. Deməli, sözügedən filialın rəsmiləri də bu yeyintilərdə (əgər varsa) ən azı Cahangir Hacıyev qədər məsuliyyət daşımalı idilər. Hazırda isə “maliyyə maxinasiyası”nın başı içəridə, gövdəsi çöldə fırlanır.

Digər səbəb isə Beynəlxalq Bankın restrukturizasiyası ilə əlaqələndirilir. Məlum olduğu kimi, ötən il Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) razılığı və Nəsimi rayon məhkəməsinin təsdiq qərarından sonra restrukturizasiya planı hüquqi qüvvəyə minəcəkdi. “Banklar haqqında” qanuna əsasən, planın qəbulu üçün öhdəliklərin 2/3 hissəsinə sahib kreditorların razılığı tələb olunurdu. Restrukturizasiya nəticəsində bankın təxminən 3,34 mlrd. ABŞ dolları məbləğində xarici öhdəliyi ləğv ediləcək, əvəzində xarici kreditorlara bank və dövlət tərəfindən buraxılmış yeni qiymətli kağızlar təqdim olunacaqdı. “Yeni Musavat”ın əldə etdiyi məlumatlara görə isə, Azərbaycanın bu planı baş tutmayıb:

“Restrukturizasiya Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilərək 2018-ci ilin 30 yanvar tarixində yekunlaşmalı idi. Ali Məhkəmənin sənədlərinə əsasən, moratorium məhkəmənin qərarı olmadan kreditorlara ABB və ya onun əmlakına qarşı hər hansı bir tələb irəli sürməyə və ya bu tələbi davam etdirməyə icazə vermir. ABB öhdəliklərin restrukturizasiya müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etsə də, “Sberbank” və FTİML London məhkəməsinin 18 yanvar tarixli qərarını əsas gətirərək buna qarşı çıxıb. Ekspertlərin sözlərinə görə, məhkəmə iddiaları üzündən restrukturizasiya planı baş tutmasa, 3,3 milyard dolları Azərbaycan hökuməti ödəməyə məcbur olacaq”.

Məlumatda o da bildirilir ki, London Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası çərçivəsində Rusiyanın dövlət bankı olan “Sberbank” və “Franklin Templeton Investment Management Limited” şirkətinin (FTİML) banka qarşı iddialarını təmin edib. Deməli, dövlətimiz ABB-nin 3.3 milyard xarici borcunu ödəməlidir.

Görünür, Cahangir Hacıyevin fəaliyyətinin yenidən istintaqının sirri də bu hikmətdə axtarılmalıdır. Belə ki, Azərbaycanın maliyyə və digər müvafiq orqanları ölkə başçısına və beynəlxalq qurumlara öz bacarıqsızlıqlarının səbəbini əsaslandırmaq üçün illik büdcəmizin hardasa 30%-i qədər bir məbləğin əsl “günahkarı”nı ortaya çıxarmalıdır. Ən yaxşı “günah keçisi” isə onsuz da mümkün olan ən ağır cəzanı alan və hazırda həbsdə yatan Cahangir Hacıyevdir. Ancaq ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsində yarana biləcək bütün məsuliyyətlərdən bu cür yaxa qurtaracağını düşünənlər unudurlar ki, Cahangir Hacıyevin 2 il əvvəl məhkəmədə söylədiyi son sözlər tarixin yaddaşında həkk olunub və orada bir çox suçluların konkret adları çəkilir. Həmin çıxışında Cahangir Hacıyev vurğulamışdı ki, Beynəlxalq Bankın fəaliyyəti 2015-ci ilə qədər də dəfələrlə Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən yoxlanılıb: “Audit Komitəsi Maliyyə Nazirliyinin işçilərindən ibarət idi. Onların hamısının banka İT sisteminə əlçatımlılığı var idi. Əgər hansısa bir pozuntu var idisə, niyə üzə çıxarmırdılar?”

Cahangir Hacıyev son sözündə Beynəlxalq Bankdan kredit alıb qaytarmayanlar arasında konkret adamların da adını çəkərək demişdi: “Samir Şərifov təkcə “Azərinşaat”a ayrılan vəsaitdən 350 milyon götürüb. Buna cinayət deyilmir. Niyə? Bu işi araşdırmaq üçün niyə türk iş adamı Bülənt Karanı məhkəməyə gətirmədiniz? Ola bilsin ki, bu gün kimsə toxunulmazdır. Amma sabahı bilmək olmaz. Məhkəmədən də xahiş etmirəm, tövsiyə edirəm ki, hamıya bəraət verilsin, iş geri qaytarılsın, müstəntiq və prokuror haqqında xüsusi qərar çıxarılsın. Əgər bunlarda zərrə qədər vicdan varsa, üzr istəsinlər. Nə qərar çıxaracaqsınızsa, o sizin işinizdir. Amma bu günün sabahı da var”.

Adam haqsız deyil, məncə. Həqiqətən də, Cahangir Hacıyevlə bağlı başlanmış yeni istintaq prosesində bu zamana qədər ABB-nın fəaliyyətini dəfələrlə araşdırıb təzadlı rəy verənlər ya əvvəlki başdansovdu audit yoxlamalarına, ya da sonrakı qərəzli mövqelərinə görə mütləq cəzalandırılmalıdırlar. Xüsusilə bankirin ABB-ı talamaqda ittiham etdiyi dövlət rəsmilərinin, nazirlərin fəaliyyəti ciddi yoxlanılmalı və hüquqi qiymətini almalıdır. Əks halda, beyinlərdə yaranan bəd fikirlərin qarşısını almaq mümkün olmayacaq.

Heydər Oğuz

Ovqat.com

Bənzər yazılar

Back to top button