Cəmiyyət

BİR TAYFANIN ÖMÜR YOLU

Zəngibasar mahalının Çobankərə kəndindən çıxan bu yol son mənzili bəlli olmayan bir köç karvanı aparırdı. Mursaqullar tayfasına məxsus dəvə karvanının hələ neçə dəfə yük salacağını da heç kim bilmirdi. Bu karvanın son mənzili ancaq Ulu Tanrıya agah idi…

Yaddaşların tarixi

Tarix olmuşların sənədlərlə rəsmiləşdirilmiş, möhürlənmiş, gələcək nəsillərə çatası yaddaş kitabıdır. Səhifələrini varaqladıqca təhrif olunmuş tariximizlə, ulu babalarımızın yaddaşlarında yaşaya-yaşaya bu günümüzə qədər gəlib çıxan həqiqi tariximiz arasında çox böyük fərq var. Vaxtı ilə bizləri ermənilərlə daim dostluğa, qardaşlığa çağıran tarix bu gün əsl həqiqətləri yazır. Erməni daşnakların xalqımıza qarşı törətdikləri dəhşətlər, vəhşiliklər, günahsız insanların qəddarlıqla qətlə yetirilməsi halları son iki yüz il Azərbaycan tarixinin qanla yazılmış səhifələridir. Xüsusilə, 1905-1907-ci və 1917-1918-ci illərdə daşnaklar tərəfindən analoqu olmayan vəhşiliklər törədilmiş, Bakıda, Şamaxıda, Qubada, Qərbi Azərbaycanın bütün kənd və rayonlarında yüzminlərlə soydaşlarımız amansızcasına qətlə yetirilmiş, neçə-neçə kəndlər tamamilə yandırılaraq xəritədən silinmişdir. Dənizdən- dənizə “Böyük Ermənistan” xülyası ilə, ən qəddar vasitələrə əl atan erməni daşnakları mərhələ-mərhələ keçirdikləri qanlı aksiyalar nəticəsində 1988-ci ildə 200 mindən çox azərbaycanlını son nəfərinədək zorla doğma yurd-yuvalarından çıxardılar. İndi, qədim oğuz yurdu Göyçə, Zəngəzur, Vedibasar, Zəngibasar mahalları ilə yanaşı Azərbaycanın dilbər guşəsi Qarabağ da erməni daşnaklarının tapdağı altındadır. Dağlıq Qarabağ və ətraf rayonlardan zorla qovulmuş dinc əhali artıq neçə ildir ki, yurd yanğısı ilə çadır şəhərciklərində ağır vəziyyətdə yaşayırlar. Xalqımızın tarixinə qanla yazılmış bu faciələrə uzun illər layiqli qiymət verilməsə də Azərbaycan müstəqilliyə qovuşduqdan sonra əsl həqiqət beynəlxalq ictimaiyyətə çatdırılmışdır. Ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərə isə yalnız mərhum prezidentimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə hərtərəfli siyasi-hüquqi qiymət verilmişdir.

Çətin sınaqlardan ancaq igidlər çıxa bilir

Qeyd etdiyimiz kimi, hələ ötən əsrimizin əvvəllərindən erməni daşnaklarının təqib və təzyiqlərinə Qərbi Azərbaycanın bütün kənd və rayonları məruz qalırdı. Lakin, dövrün müasir silahları ilə təchiz olunmuş nizami daşnak ordusunun qarşısında məğrur türk oğlu yenə də baş əymir, diz çökmür, kənd-kəndə, tayfa-tayfaya birləşib daşnaklarla mübarizəyə qalxırdılar. Tarixi qaynaqlardan əlavə, türk oğlunun erməni zülmünə qarşı apardığı mübarizələri özündə əks etdirən yüzlərlə dastan və rəvayətlər bu gün də el yaddaşında qalmaqda, dillərdə dolaşmaqdadır. Zəngibasar mahalında, Çobankərə kəndinin güvənc yeri olmuş Mursaqullar tayfasının da daşnak zülmünə boyun əyməməsi, çəkdikləri min bir əziyyətlərə baxmayaraq məğrurluqlarını indi də itirməməsi həmin dövrlərdən bu günümüzə yaddaşlarda gəlib çıxmış əsl qəhrəmanlıq salnaməsidir.

1905-1907 və 1918-ci illərdə erməni-türk müharibələrində Mursaqullar tayfasının mərd oğulları erməni daşnaklarına qarşı inadkarlıqla mübarizə aparmışlar. Bunun nəticəsi olaraq, hətta sovet hakimiyyəti qurulduqdan sonra belə, tayfanın igidləri daşnak təqiblərindən yaxa qurtara bilməmişlər. Bu baxımdan Zəngibasar mahalının ən sayılıb-seçilmiş igidlərindən biri olan, ömrünün yarıdan çoxunu erməni fitvası və vətənindən kənardlarda və sürgünlərdə keçirmiş Saleh Vəli oğlu Musayevin keşməkeşli həyat yolu da ellərimizin yaddaşından silinməyəcək bir qəhrəmanlıq dastanıdır.

Saleh Musayev 1889-cu ildə Zəngibasar mahalında, Çobankərə kəndində dünyaya gəlmişdir. Atası Vəli Kərbəlayi Mustafa oğlu həmin dövrlərdə alicənablığı, sözübütövlüyü və səxavəti ilə nəinki Zəngibasarda, hətta ətraf mahallarda da tanınmış. İrəvanda 5 illik rus-tatar məktəbi və mədrəsə təhsili alan Saleh Vəli oğlu geniş dünyagörüşünə malik olmuş, rus, türk, erməni dillərində sərbəst danışmış, ərəb, fars dillərini mükəmməl bilmişdir. Hələ uşaqlıq illərində öz cəsurluğu ilə tay-tuşlarından seçilən Saleh yaşa dolduqca bütün mahalın böyük rəğbətini qazanmışdır. 16-17 yaşlarında olarkən 1905-1907-ci illərdə erməni-türk müharibəsində göstərdiyi şücaət onu daha da məşhurlaşdırmış, erməni daşnaklarının yaddaşına isə əbədi həkk etmişdir. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra da Saleh Musayev başına dəstə toplayaraq Qızıl Ordunun əskərləri ilə vuruşmuş, camaatın var-yoxunu zorla əlindən alan imperiya siyasəti ilə heç vaxt barışmamışdır. Elə buna görə də Salehi məhv etmək üçün ermənilər bütün hiylələrə əl atır, onu daim təqüb edirdilər. Bu cür təqiblərdən və hədələrdən qorxmayan Saleh ailəsinin təhlükəsizliyinin qeydinə qalaraq məcburiyyət qarşısında qalıb 1926-cı ildə Şərur rayonunun Xanlıqlar kəndinə köçür. Erməni daşnaqlarının və Qızıl Ordu əskərlərinin təqibləri burada da onu dinc qoymur. Nəhayət, az bir müddətə vətəni tərk etməyi qərara alıb yoldaşını və bir yaşlı oğlu Rüstəmi qardaşı Rzaya tapşıraraq İraqa yola düşür. İlk günlər ailəsiz onun üçün çətin olsa da altı ay Bağdad şəhərində yaşayır. Lakin doğma yurda olan sevgi son həddə çatır və geri qayıtmaq məqsədi ilə İrana, Xoy şəhərinə gəlir. Vətən məhəbbəti, ailə, övlad həsrəti, nəhayət onu doğma el-obasına qayıtmağa məcbur edir. Salehin geri qayıtmasından xəbər tutan daşnaklar dərhal onun həbs olunmasına çalışırlar. Bütün bu təqiblərdən çəkinməsə də Saleh yenidən vətəni və ailəsini yenə tərk etməli olur. Əvvəl Türkiyədə-İqdır şəhərində, sonra isə Türkmənistanın Aşqabad şəhərində yaşayır. Qərib ölkələrdə tərkivətən həyat tərzi onun səbrini daşırır. Birdəfəlik vətənə dönmək qərarını verir və ailəsinin sonrakı dolanışığı üçün 53 dəvə alıb geri qayıdır. Heç zaman atdığı addımlarda yanılmayan Salehi zənni bu dəfə də aldatmır. Əzizlərinə qovuşduğu bir neçə gün olur ki, erməni daşnakları öz çirkin niyyətlərini həyata keçirirlər. 1931-ci il yanvarın 31-də Saleh Musayev HKVD-nin erməni müstəntiqinin qərarı ilə kulak və sovet hökumətinin düşməni kimi 10 il müddətinə sürgün olunur. “Cəzasının” bir hissəsini Qazaxıstanda, qalanını isə Sibirdə çəkən Saleh 1936-cı ildə, artıq doğma torpaqlarından zorla köçürülmüş Mursaqullar tayfasına Yevlax rayonunda qovuşur. Sovet hökuməti tərəfindən müsadirə olunmuş əmlakının demək olar ki, çox az qismi qalır. Belə bir çətin vəziyyətdən Saleh Musayev yenə uzaqgörənliklə çıxış yolu tapır. Beləki, az keçmədən o yenə də böyük bir dəvə karvanına sahib olur. Zaman-zaman işgüzarlığı, sözübütövlüyü, mərdliyi ilə yerli camaatın böyük rəğbətini qazanır. Dağ vüqarlı, el gözündə pillə-pillə ucalan Saleh Musayev əliaçıq, böyük ürək sahibi olub. Elinə-obasına arxa-dayaq durub kasıba, imkansıza əl tutub, səxəvət göstərib. Bir müdrik ağsaqqal kimi neçə-neçə qan düşmənlərini barışdırıb. Bu kimi mərd xüsusiyyətlərinə görə, Saleh Musayevin hörmət əlaməti olaraq bir sözü iki olmayıb.

Ömrünün yarıdan çoxunu erməni daşnaklarının təqib və təzyiqləri altında yaşayan, lakin heç zaman əyilməyən Saleh Vəli oğlu 92 yaşında, 1981-ci ildə haqq dünyasına qovuşdu. Yevlaxın Dəvəçilər qəbristanlığındakı məzarı isə onu tanıyanlar tərəfindən daim ehtiramla yad edilir.

Yeni yurdda köhnə ənənələrlə

Xoş bir təsadüf nəticəsində onunla ünsiyyətdə olmuşdum. 1997-ci ilin payız ayları olardı. Yevlaxda onu xeyriyyəçi kimi təqdim etdilər və bildirdilər ki, rayonun içtimai həyatında Rüstəm Vəliyevin müstəsna, əvəzolunmaz xidmətləri var. Onun xeyriyyəçilik işlərindən bir məqalə hazırlamaq təklifimə razılıq vermədi. Özünü reklam etməyi sevmədiyini bildirdi. Haqqında deyilən tərifli sözlərlə də razılaşmadı. Onun bu dərəcədə təvazökar bir insan olduğunu gözlərimlə görməsəydim deyilənlərlə bəlkə də inanmazdım. Söhbət əsnasında mənim də Qərbi Azərbaycandan qaçqın düşməyimi biləndə dərindən köks ötürdü. Üzündəki sərtlikdən əsər-əlamət qalmadı. Çöhrəsinə kədər qarışıq yüngül bir müllayimlik qondu. Ani bir sükutdan uzaqlara dikilmiş baxışlarından oxunan kövrək hisslər mənə çox sonralar, sponsorluq etdiyi neçə-neçə dini, tarixi kitabları oxuduqdan sonra aydın oldu. Belə bir qeyri-adi insanla yarım saatlıq ünsiyyətdə olmaq indi mənm üçün nə qədər xoş xatirədirsə, onu daha yaxından tanımadığım üçün çəkdiyim peşmançılıq hissi də o qədər kədərli yükdür.

Rüstəm dayı 1999-cu ildə dünyasını dəyişdi. 1926-cı ildə isə Zəngibasar mahalının Çobankərə kəndində, Mirsaqullar tayfasının qeyrətli oğullarından biri olan Saleh Vəli oğlunun yurdunda dünyaya göz açmışdı. Daim erməni daşnakları tərəfindən təqib olunduğundan Rüstəmin uşaqlıq illəri demək olar ki, atasız keçmişdir. Atası Saleh məcbur olub İraqa gedəndə Rüstəmin cəmi bir yaşı, Qazaxstana sürgün olunanda beş, sürgündən qayıdanda isə on yaşı olmuşdu. Məhz bu amil böyüdükcə onu sərt xasiyyətli, həm işgüzar, zəhmətkeş, həm də bütün çətinliklərə asanlıqla sinə gərməyi öyrətmişdi.

1932-ci ildə nəsilliklə Yevlax şəhərinə köçürüldükdən sonra burada orta təhsil almışdı. 1944-cü ildə Sovet Ordusu sıralarında hərbi xidmətə çağırılmış Rüstəm Vəliyev alman faşizminə qarşı müharibənin fəal iştirakçısı olduğuna görə “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində igidliyə görə” medalı ilə təltif edilmişdi. Müharibədən sonra Yevlaxda yaşaayan Rüstəm Vəliyev burada əmək fəaliyyətini davam etdirmiş, gərgin zəhmətsevərliyi sayəsində böyük yurd-yuva qurmuşdu. Evində Zəngibasar mahalının adət-ənənələrini daim yaşatmış, övladlarını da bu ruhda tərbiyə etmişdir. Deyilənlərə görə atası Salehdən qalma xüsusiyyətlər Rüstəm dayıda da var imiş. İmkanları daxilində kasıb-kusuba əl tutmağı özünə borc bilirmiş. El-oba, xalq üçün daim gərəkli olmuş, böyük bir tayfanın nümayəndəsi, Rüstəm Vəliyev özündən sonra Yevlaxdan və ətraf rayonlarda ancaq xoş xatirələr, bir də elə, obaya layiq, qeyrətli, namuslu oğullar qoyub gedib.

Ucalıq nəsillərdən qalır

Bu dünyada hər bir ata üçün övladlarının xoş sorağından, uğurlarından böyük xoşbəxtçilik yoxdur. Rüstəm Vəliyev hələ sağlığında övladlarının xoş soraqlarını eşitdi, uğurlarını gördü, sevindi, fəxr elədi. Oğullarının hamısını zəhmətə alışdırmış, çörəyi alın təri ilə qazanmağı tapşırmışdı, halala haram tikə qatmamağı dönə-dönə nəsihət etmişdi. Övladlar da babaları Salehin, ataları Rüstəmin bir sözünü iki etmədən, onların öyüd-nəsihətlərinə sanki bir qanun kimi riayət ediblər. Onlar böyüdükcə, ali təhsil aldıqca, babanın da, atanın da ürəyi dağa dönüb. Qardaşlar isə öz növbəsində ata-anaya əziyyət verməməyə çalışaraq bir-birinə arxa, dayaq olub gələcək planları birlikdə reallaşdırırdılar…

1932-ci ildə Mirsaqullar tayfası Yevlaxda binə salanda yerli camaat bu gəlmələrə bəlkə də göz ucu baxıblar. Onların gələcək uğurları bəlkə heç ağıllarına gəlməyib. Lakin tayfanın mərd oğulları az bir zamanda özlərinə gün, güzəran yaratdılar, yeni yurdun sakinlərinə qaynayıb-qarışdılar. Toy məclislərində, yas mərasimlərində qazandıqları hörmətə görə həmişə yuxarı başa çəkildilər.

Əgər əvvəllər Mirsaqullar tayfası bir kəndin, bir mahalın güvənc yeri, arxası dayağı idisə, indi bu tayfanın üçüncü, dördüncü nümayəndələri sayılan Saleh Musayevin nəvələri, Rüstəm Vəliyevinin övladları daha böyük problemlər həll etmək imkanına malikdirlər. Onlar hazırda məsul vəzifələrdə çalışırlar. Elin qayğısı onların qayğısıdır. Bu xeyirxah insanların köməkliyi ilə minlərlə azərbaycanlı ailəsi gündəlik ruzi ilə təmin olunurlar. Nəsillərində qalmış, qanlarına işləmiş xeyirxahlıq ənənələrini davam etdirərək atalarına, babalarına rəhmət oxutdururlar.

Telman Məmmədov

Bənzər yazılar

Back to top button