Azərbaycan da Rusiyanın “oduna yanır” – neftin bahalaşması gözlənilmir

by Aztoday Xəbər Portalı

İqtisadçı ekspert: “Neftin qiymətinin mümkün qədər aşağı salınmasında ABŞ-ın yeganə məqsədi Rusiya iqtisadiyyatını çökdürməkdir”

Neft qiymətinin aşağı olması digər bir sıra ölkələrlə yanaşı, Azərbaycanı da narahat edir. Hazırda dünyanın aparıcı neft ixracatçıları “qara qızıl”ın nə zaman özünün köhnə qiymətini alacağı barədə baş sındırırlar. Bu mənada Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin Vayana görüşü diqqət mərkəzində oldu.

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev Vyana görüşünün yekunları ilə bağlı Energetika Nazirliyinin mətbuat xidmətinə açıqlama verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyevanın sözlərinə görə, Natiq Əliyev iclasın müsbət keçdiyini, OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlıq haqqında Bəyannaməni razılaşdırdıqlarını bildirib: “Görüşdə OPEC ölkələri gündəlik neft hasilatını 32,5 mln. barel həcmində saxlamaqla bağlı öhdəliklərini bir daha təsdiqləyərək, bu həcmdən artıq neft istehsal etməyəcəklərini bəyan ediblər. Görüşdə OPEC-ə üzv olmayan 11 ölkə iştirak edib. Bu ölkələrin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaları barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barel müəyyənləşdirilib. Rusiya isə hasilatı gündəlik 300 min barel azaltmağa razılaşıb”. N.Əliyev onu da bildirib ki, qəbul edilən qərarın icrasına nəzarət məqsədilə Rusiya və Küveytin rəhbərliyi ilə Monitorinq Komitəsinin yaradılması məqsədəuyğun hesab edilib: “OPEC və təşkilata daxil olmayan ölkələr razılığa gəliblər ki, neft bazarında qiymətlərin sabitliyinin uzunmüddətli olması üçün mütəmadi görüşlər keçirilsin. Eyni zamanda tədbirdə iştirak etməyən digər qeyri-OPEC ölkələri də bu sazişə qoşulmağa dəvət edilib”.

“Bir neft ölkəsi olaraq Azərbaycan da neftin qiymətinin artmasında maraqlıdır və bunun üçün öz öhdəsinə düşən bütün addımları atır. Lakin neftin qiyməti ilə bağlı mövcud problemlərin həlli kifayət qədər mürəkkəbdir”.

İqtisadçı ekspert, sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a Vyana görüşünün nəticələrini şərh edərkən söylədi. O bildirdi ki, 2016-cı ilin noyabr ayına qədər OPEC-in dəfələrlə toplanaraq neft hasilatını azaltmaq barədəki bütün cəhdləri nəticəsiz qalmışdı: “Nəhayət ki, ötən ilin noyabr ayının 30-da OPEC-in Vyana toplantısında neftin hasilatının gündəlik 1,2 milyon barel azaldılaraq sutkalıq hasilatın həcmini 32,5 milyon barelə çatdırmaq barədə qərar qəbul edilə bildi. OPEC-in bu qərarından dərhal sonra neftin qiymətlərində müəyyən artımlar müşahidə edilməyə başlandı və həmin ilin dekabr ayinda qiymətlər 16,6% bahalandı. Bu proses cari ilin fevral ayına qədər davam etdi və ötən ilin noyabr ayı ilə müqayisədə qiymətlərin 19,4% bahalanması qeydə alındı. Lakin artıq cari ilin mart ayından bu günə qədər qiymətlərdə azalma baş verir. Hətta OPEC-in bu ilin may ayının 25-də keçirdiyi toplantıda gündəlik neft hasilatının 1,2 milyon barel azaldılmasına dair 6 ay bundan öncə qəbul edilmiş qərarın müddətinin yenidən 9 ay uzadılmasına baxmayaraq, bu qərar qəbul edilən günün axşamı neftin qiymətində 4,8% azalma qeydə alındı. Bu onu göstərir ki, OPEC-in gündəlik neft hasilatını azaltmağa dair qərarı hələ heç də hər şey demək deyil”.

F.Yusifov qeyd etdi ki, qiymətlərə təsir edən başqa, daha mühüm amillər ortadadır və onlarla hesablaşmamaq mümkün deyil: “Nəzərə almaq lazımdır ki, OPEC-ə üzv olan ölkələr dünyada neft hasilatının cəmi üçdən birini verirlər. Neft hasilatını azaltmağa dair qərara bu təşkilata üzv olmayan başqa ölkələr qoşulsalar da, gündəlik hasilatın 1,2 milyon barel azaldılması neftin qiymətində istənilən səviyyənin əldə olunacağı demək deyil. Bir böyük həqiqət ondan ibarətdir ki, dünya bazarlarında neftin qiymətinin qalxmasını daha çox Amerika Birləşmiş Ştatları istəməsi şərtləndirir. Bu istək olarsa, onda qiymətlər qalxacaq. O isə hələlik yoxdur və onun yaxın gələcəkdə yaranacağı da bir o qədər gözlənilən deyil. Çünki bu qiymətlərin kökündə Rusiya-Qərb, Rusiya- Amerika qarşıdurmasından qaynaqlanan siyasi motivlər dayanır. Donald Trampın prezident seçilməsi və onun Rusiya ilə münasibətləri yaxşılaşdırmağa dair seçki öncəsi verdiyi bəyanatlara sonradan əməl edilməməsi vəziyyəti bir qədər də mürəkkəbləşdirdi. Bütün dünya bir daha gördü ki, ABŞ dövlətinin strateji maraqları var və bu maraqlar prezidentin seçkiqabağı verdiyi bəyanatlarla üst-üstə düşməyə bilər. Ona görə də əgər OPEK-in qərarı ilə neftin qiymətinin qalxmasına nail olunarsa, bu halda ABŞ öz şist neft hasilatını artırmaq yolu ilə vəziyyəti istədiyi kimi tənzimləyəcək. Çünki qiymətlər qalxdıqca şist neftin hasilatı da daha çox sərfəli olacaqdır. Bütün bunlar onu göstərir ki neftin qiymətləri ətrafında vəziyyət hər hansı bir qərar qəbul etməklə onun artımına nail olunacağını düşünmək qədər asan deyil. Belə olsaydı, onda elə bir qərarla da problem həll olunardı. Çünki neft hasil edən ölkələrin demək olar ki, hamısı bu qiymətlərin artmasında maraqlıdırlar. OPEC-in qərarlarını təsirsiz edən əsas səbəb isə burur ki, ortada ciddi siyasi maraqlar var. Qiymətlərin qalxmasında bir ölkə – dünyanın ən böyük iqtisadi və siyasi güc sahibi Amerika Birləşmiş Ştatları maraqlı deyil”.

Sabiq nazir deyir ki, neftin qiymətinin mümkün qədər aşağı salınmasında bu ölkənin yeganə məqsədi Rusiya iqtisadiyyatını çökdürməkdir: “Bu məqsədi reallaşdırmaq xatirinə hətta Birləşmiş Ştatlar öz neft sənayesindəki zərəri də normal hal kimi qəbul edir. OPEC üzvü olan ölkələrin son iki il ərzində neftin hasilatını azaltmaqla bağlı keçirdiyi toplantıların keçən ilin noyabr ayına qədər heç bir qərar qəbul edilmədən yekunlaşması da ABŞ-ın istəyi ilə baş tuturdu. Bütün bu deyilənlərə rəğmən bir böyük həqiqət də ondan ibarətdir ki, neftin qiymətini siyasi motivlərlə sona qədər saxlamaq da mümkün deyil. Bu proses ən yaxşı halda bundan sonra bir neçə il davam edə bilər. Çünki neftin hasilatının sabit qalması üçün neft sənayesinə mütəmadi olaraq yatırımlar etmək lazımdır. Son iki ildə isə neftin qiymətinin aşağı olması səbəbindən bu sahəyə yatırımlar demək olar ki, edilmir və ya lazım olandan çox aşağı səviyyədə edilir. Belə olan halda, bir müddətdən sonra kiminsə istəyindən asılı olmayaraq hasilatın azalması sözsüz baş verəcəkdir. Bu səbəbdən də yaxın iki ildə neftin qiymətində müsbət dəyişikliklərin baş verəcəyi gözlənilir. Konkret rəqəmlər söyləmək bir qədər çətindir. Lakin bu il qiymətlərin 55 dollar ətrafında, gələn il isə 60 dollar səviyyəsində olacağı inandırıcı görünür”.

Bənzər Yazılar