GündəmHadisə

“Azəravtoyol” Bakının mərkəzində sakinləri hədələyərək evindən köçürür FOTO

Bakının Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində hazırda 8 ailənin yaşadığı 26 saylı bina sökülür. “Azəravtoyol” ASC tərəfindən aparılan söküntü işləri zamanı binanın qazı, işığı və suyu kəsilib. Onsuz da qəzalı vəziyyətdə olan tikili yaşayış üçün tamamilə yararsız hala düşüb. Bununla bağlı “Virtual Azərbaycan”a binada yaşayan sakinlər müraciət ediblər.

Şikayətçilər deyirlər ki, aparılan söküntü işləri qanunsuzdur və onlara bununla bağlı sərəncam göstərilməyib. Binada məskunlaşan ailələrin çoxu qaçqın və məcburi köçkünlər olub. Sakinlərin əksəriyyəti hər kvadrat metrə görə 1500 manat təklif olunan kompensasiya ilə razılaşaraq köçüb. Yerdə qalanlar isə kompensasiyanın azlığından narazılıq edərək evlərini tərk etmək istəmir.

Sakinlər deyirlər ki, 1889-da ildə inşa olunmuş bina Bakı Vağzallarından biri olub. Qəzalı vəziyyətdə olduğu deyilsə də, ekskavatorlar buranı çətinliklə dağıdır.

Şikayətçi Tamerlan Səttərovun sözlərinə görə, buradakı iki otaqlı mənzilə görə ona 55 min manat kompensasiya təklif olunub ki, bu pulla heç bir otaqlı mənzil də almaq mümkün deyil:

“Söküntünü “Azəravtoyol” aparır, yol çəkirlər. Bizə deyirlər ki, əgər razı deyilsinizsə, yaşayın evinizdə. Binada köçməyən cəmi 6-7 ailə qalmışıq. Mənim evimi cəmi 31 kvadrat metr ölçüblər. Əlavə olaraq eyvanım var, amma onu 20 manatdan, mətbəxi isə kvadrat metri 300 manatdan hesablayırlar. 7 il əvvəl bu mənzilə 50 min dollar pul ödəmişəm. Bu da indiki pulla 110 min manat edir. Mən hələ evin üstünə qoyduğum xərci demirəm. İki otaqlı, şəhərin mərkəzində yerləşən evimə 55 min manat pul yazıblar. Bu pula heç yarım otaq da ala bilmərəm. Kimə şikayət edək? Deyirlər gedin, yaşayın da, biz sizə heç nə demirik. Amma necə yaşayaq, evi qəzalı vəziyyətə salıblar, üstəlik də, qaz, su işıq kəsilib…”

Digər bir şikayətçi Firəngiz Məmmədova isə söküntüdən içərisini toz-torpaq basmış, yarıqaranlıq mənzilini göstərir. Sakinlər hər an uçmaq təhlükəsi olan binada səksəkədə yaşadıqlarından, bütün əşyalar ortalıqda idi. Hər an binanı tərk etmə ehtimalı olduğuna görə, ən vacib əşyalarını qablaşdırmışdılar.

“Mən müəlliməyəm, bakılıyam, Bakının mərkəzində doğulmuşam. Evimizi qanunsuz sökürlər, heç bir sənədləri, sərəncamları yoxdur. Qapılarımızı döydülər, heç nə demədən ölçməyə başladılar. Heç onu da düz ölçmədilər. Hər kvadrat metrə görə 1500 manat pul verirlər. Halbuki, bura birinci zonadır və 2500-dən 3500 manatadək kompensasiya ödənilməlidir. Bu söküntüdən nə icra hakimiyyətinin, nə də prokurorluğun xəbəri var. Burada açıq-aşkar biznes gedir, gecələr biri taxta yığır, biri dəmir satır. Bizi küçələrə salmaq istəyirlər. Çıxarırlar, lap yaxşı, amma hansı əsasla? Bizə sənəd göstərsinlər! Bizə normal şəkildə müraciət etsinlər, vaxt versinlər. Dünən traktoru mənim üstümə sürüblər…”, – deyə F.Məmmədova ağlaya-ağlaya əlavə edir.

Sakinlər deyirlər ki, verilən kompensasiyaya heç Xırdalanda da mənzil düşmür. Şikayətçi Sədiqə Qəmbərova isə bildirir ki, onu hədələyərək evindən köçürüblər.

“Mən Yerevandan gəlmişəm, qaçqınam. Yoldaşım ölüb, bu evdə təkbaşına iki oğul böyütmüşəm, iki əsgər böyütmüşəm. Uşaqlarımdan biri hərbi xidmətdən qayıdıb, xəstədir, o biri hələ döyüş bölgəsində qulluq edir. Məni hədələdilər ki, uçuq evdi, lap azaldıb 1000 manat pul verərik. 40 min manat pul veriblər, o pulla nə edim? Bu 3 ayda 15 kilo arıqlamışam dərddən, fikirdən, bizə kömək edin”, – deyə şikayətçi bildirir.

Gəlişimizi görüb söküntü işlərini müvəqqəti dayandırmışdılar. Fəhələlərin də çoxu aradan çıxmışdı. Yalnız “Azəravtoyol” ASC-nin bir səlahiyyətli nümayəndəsi Yaşar Tağıyevi tapdıq ki, o da problemlə bağlı açıqlama vermək əvəzinə bizi borclu çıxardı. Jurnalist vəsiqəmizin uzun-uzadı analizindən sonra ancaq onu öyrənə bildik ki, binanın söküntüsü üçün sərəncam var:

“Azərvtoyol” ASC buradan yol çəkir, bu bina yolun çəkilişinə mane olur. Bu küçə yuxarı tərəfdən 22 metr genişləndirilib, aşağı tərəfdən də bir o qədər genişləndirilməlidir. Ona görə də, bu ev sökülməlidir. Onsuz da qəzalı vəziyyətdədir. 1500 manat kompensasiya verilir, bundan artıq harada kompensasiya verirlər? Yaxınlıqdakı Dilarə Əliyeva küçəsində də söküntüyə görə hər kvadrat metrə 1500 manat pul verdilər”.

Sərəncama gəlincə isə, “Azəravtoyol” əllərində sərəncam olduğunu, amma jurnalistə onunla bağlı hesabat verməli olmadığını dedi. Hədələnərək köçürülən sakinlərə göstərilməyən sirli sərəncam elə media üçün də məxfi qaldı.

“Sərəncam var, amma mən onu sizə göstərə bilmərəm. Çünki siz mənim üçün vacib təşkilat deyilsiniz. Bundan artıq heç nə deyə bilmərəm”, – Yaşar Tağıyev bildirdi.

Hədələnərək evindən çıxmağa məcbur edilən, çarəsiz sakinlərin göz yaşlarının qarşısında isə sərəncam varsa belə kağız parçasından başqa bir şey deyil.

Virtualaz.org

Bənzər yazılar

Back to top button