SiyasətXəbərlər

Ermənistandakı “İsgəndər-m” raket kompleksi region üçün ciddi təhlükə mənbəyidir

NATO PA-nın elm və texnologiyalar komitəsinin Tbilisidə keçirilən iclasında ermənilərə daha bir tutarlı cavab verilib.

Komitə iclasında yaxın və orta Şərqdə ekoloji vəziyyət, Qara dəniz hövzəsində təhlükəsizlik, ballistik raketlərdən müdafiə və digər məsələlər müzakirə olunub.

Gürcüstanın Strateji Araşdırmalar Mərkəzinin direktoru İrakli Menaxaraşvili Qara dəniz hövzəsində təhlükəsizlik və ballistik raketlərin yaratdığı təhdidlərlə bağlı məruzə ilə çıxış edib. O, Qara dəniz regionunda real təhlükələrin olduğunu bildirib.

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı məruzə ətrafında çıxışında Azərbaycanın Qara dəniz hövzəsinin təhlükəsilziyində, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında və bu qurumun Parlament Assambleyasında rolu, habelə regionun inkişafındakı xidmətləri barədə ətraflı məlumat verib.

Qara dəniz regionundakı mövcud problemlərin Cənubi Qafqaz üçün təhlükə mənbəyi olduğunu diqqətə çatdıran azərbaycanlı deputat deyib: “Rusiya Suriyada terrorçulara qarşı mübarizədə Ermənistan ərazisində yerləşən hərbi bazalarından, daha konkret desək, ballistik raketlərdən istifadə edəcəyini bildirib. Bu isə Cənubi Qafqazda sabitliyə ciddi təhlükə yaradan Ermənistanın ballistik, operativ-taktiki raketlərə malik olduğunu bir daha sübut edir. Bu da öz növbəsində, Cənubi Qafqaz ölkələri, eləcə də, Avropanın özü üçün ciddi təhlükə mənbəyidir”.

M.İbrahimqızı bu kimi faktların məruzədə əksini tapmamasından təəssüf hissi keçirdiyini bildirib.

Məruzəçi İrakli Menaxaraşvili Ermənistanın Rusiyadan “İsgəndər-m” operativ-taktiki raket kompleksi aldığını və bunun region üçün ciddi təhlükə mənbəyi olduğunu etiraf edib.

AzerTac

Bənzər yazılar

Back to top button