Bizim seçimHadisəİqtisadiyyat

”Salyan Oil” Mirvari Qəhrəmanlının təşkilatından 35 min manat tələb edir

“Şirkətin imicinə zərbə vurulub”

Çin Xalq Respublikasının neft və qaz şirkəti olan “Salyan Oil LTD” və şirkətin Həmkarlar İttifaqı Təşkilatı məhkəmədə iddia qaldırıb. Şirkətin Kadrlar şöbəsinin texniki olmuş Mehparə Əhmədova və Zəkayət Abdullayevanın hər birindən 15 min, “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyindən isə 35 min manat kompensasiya tələb edir.

İddiaçı neft şirkəti və üçüncü şəxs qismində prosesə qoşulan Həmkarlar İttifaqı təşkilatı iddia edir ki, onların işgüzar nüfuzuna zərbə dəyib, maddi və mənəvi ziyan çəkiblər.

Səbəb isə budur ki, M.Əhmədova və Z.Abdullayeva işdən çıxarılmalarını qanunsuz hesab edib, məhkəməyə üz tutublar, müxtəlif dövlət strukturlarına, o cümlədən prezidentə, SOCAR-a şikayət məktubları göndəriblər.

“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İB də onlara dəstək verib, məhkəmədə hüquqlarını müdafiə edib, “Facebook” sosial şəbəkəsində şirkətin işçilərə qarşı qanunsuzluğu barədə statuslar yayıb.

“Salyan Oil LTD” Əməliyyat şirkətinin hüquq meneceri Hafiz Dünyamalıyev hazırladığı iddia ərizəsində yazıb ki, M.Əhmədova və Z.Abdullayeva şirkəti məhkəməyə verdiyinə görə onlar da məcbur qalıb, baş meneceri, hüquq menecerini məhkəməyə göndəriblər. Nəticədə bəzi işgüzar sövdələşmələrin bağlanması qalıb. Buna görə neft-qaz istehsalında çətinliklər yaranıb.

“SOCAR-a, ölkə başçısına və digər vəzifəli şəxslərə ünvanlanmış əsassız şikayətlər vasitəsilə “Salyan Oil LTD” Əməliyyat Şirkətinin bu orqanlar qarşısında nüfuzu aşağı salınıb, şirkətin imicinə zərər vurulub”, – deyə məhkəməyə ərizədə yazılıb.

Şirkət SOCAR və başqa orqanlara ünvanlanmış şikayət ərizələrini də iddiaya əlavə edərək, məhkəməyə göndərib.

“Salyan Oil” İddia edir ki, ki, işçilərlə müqaviləyə qanuni şəkildə xitam verilib.

Hüquq müdafiəçisi Mİrvari Qəhrəmanlının rəhbərlik etdiyi “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İB də məhkəməyə çəkilməsinə münasibət bildirib. Təşkilatın yaydığı açıqlamada deyilir ki, “Salyan Oil LTD” öz hüquqlarının bərpası üçün məhkəməyə müraciət edən işçiləri təqib edir. Bununla da kifayətlənmir, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı”na da təzyiq göstərməyə çalışır. Bununla da qanunları, hətta Konstitusiyanı da pozur. Çünki Konstitusiyanın 57-ci maddəsi vətəndaşa müraciət etmək, 61-ci maddəsi isə hüquqi yardım almaq hüququ verir.

İddia ərizəsinə Salyan Rayon Məhkəməsində baxılacaq.

Bənzər yazılar

Back to top button